Tiflisin Bakıya “qaz şantajı”nda yeni faktlar
Bizi izləyin

Dünya

Tiflisin Bakıya “qaz şantajı”nda yeni faktlar

Gürcüstan hökumətinin rəsmi Bakıya qarşı oynadığı “qaz şantajı” oyununun yeni detalları bəlli olub.

Publika.az xəbər verir ki, bu ölkənin energetika naziri Kaxe Kaladze Rusiya və İran qazı hesabına enerji təminatını şaxələndirmək üçün danışıqlar apardıqlarını deyib. Bu, faktiki olaraq, Azərbaycanın Gürcüstandakı maraqlarına və qoyduğu kapitala təhlükədir. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Bakıya qəfil səfər etməsinə səbəbi də Tiflisin Bakının könlünü almaq olduğu deyilir. Prezident İlham Əliyevin noyabrın 6-da Gürcüstana planlaşdırılan səfərinin də bu məsələ ilə bağlı olduğu ehtimallar arasındadır.

Gürcü ekspert Pyotr Mamradze hesab edir ki, rəsmi Tiflis “Qazprom”u ölkəyə gətirməklə bağlı açıqlamalar verməsi siyasi gedişdir: “Hazırda Gürcüstan iqtisadiyyatının zəiflədiyi bir vaxtda qaz ödənişləri çətinləşib. Buna görə də Gürcüstan Rusiya və Azərbaycan arasında qaz çatdırmalarını ortaya ataraq siyasi manevr edir. Ortada güman ki, heç bir danışıq, yaxud çatdırmalar yoxdurş. Bu sadəcə, xəyali bir oyundur”.

Gürcüstan mediası yazır ki, Tiflis bu gedişi ilə Bakı və Moskva arasında oyun oynayır.

Moskvaya mesaj verməklə Ermənistana göndərilən qazdan alınan tranzit haqqını çoxaltmaq istəyir.

Bakıya göndərilən mesajla isə Azərbaycan tərəfindən verilən qazın qiymətlərinin aşağı salınmasına nail olmaq istəyir.

Bunun üçün İlham Əliyev-Qaribaşvili danışıqlarının nəticələri haqda sonra danışmaq mümkün olacaq. Əgər Tiflis “Qazprom”un xeyrinə seçim etmək haqda bəyanat verəcəksə, deməli, Bakı qiymətdə endirim etmir. Əgər belə bəyanatlar olmasa, deməli, Tiflis istədiyi qiyməti razılaşdırıb”, - deyə gürcü mediası yazır.

Rusiyalı ekspert İvan Kapitonov isə bildirib ki, Rusiyanın Gürcüstana qaz çatdırması ona sərf etmir: “Çünki Tiflis çox aşağı qiymət istəyəcək. Əgər Gürcüstana qaz Mərkəzi Asiyaya satılan qiymətə verilsə, o zaman Moskva uda bilər. Əks təqdirdə, bu, çətin olacaq”.

Lakin o da məlumdur ki, Rusiya Gürcüstanın enerji bazarına daxil olmaqla buradan iqtisadi divident yox, siyasi qazanc əldə etmək istəyir. Bununla avtomatik olaraq Moskvanın Cənubi Qafqazda əlini gücləndirə, həmçinin Ermənistanla quru əlaqəsi saxlamqda çətinlik aradan qalxa bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm