Türkmanlar torpaqlarını itirir: Ankaradan sonra ümid Londona qaldı
Bizi izləyin

Dünya

Türkmanlar torpaqlarını itirir: Ankaradan sonra ümid Londona qaldı

İraq türkmanları məruz qaldıqları hücumları dəf etmək üçün beynəlxalq güclərdən dəstək axtarır.

Publika.az xəbər verir ki, İraq Türkman Cəbhəsinin lideri Böyük Britaniya təmsilçisi Sündüs Abbasla birgə Londonda bu ölkənin Yaxın Şərq işləri üzrə xüsusi nümayəndəsi Tobias Ellvoodla görüşüb.

E. Salihi bildirib ki, türkmanların problemləri və üzləşdikləri çətinliklərlə bağlı ingilis nazirə məlumat verilib: “İraq daxilində görülməli işlərdən, bütün insanları hədəfə alan İŞİD-dən danışdıq. Demoqrafik quruluşu dəyişdirilən, torpaqları əlindən alınan İraq türkmanlarına hər kəsin yardım etməsinin, o cümlədən İngiltərə hökumətindən də dəstək gözlədiyimizi diqqətə çatdırdıq”.

E. Salihi ABŞ və Avropa ölkələri ilə də bu cür təmaslar quracaqlarını qeyd edib: “İraqın qonşu ölkələri, həmçinin, Türkiyəyə də üz tutacağıq. Türkiyə ilə bizim dostluğumuza heç kim xələl gətirə bilməz. Bizim problemlərimizi ən yaxşı bilən ölkə də Türkiyədir. Lakin təəssüf ki, hazırda İraq daxilində türkmanlar üçün nə həlli variantı qalıb, nə də bunun üçün zaman. Buna görə də hər qapını döymək məcburiyyətindəyəm. İraqdakı türkmanlar assimilyasiya olunmaqdadır. Torpaqlarımızı itiririk. Türkmanların gələcəyi təhlükə altındadır. Buna görə də İraq türkmanları olaraq İngiltərə xarici işlər naziri nəzdində bir görüşün keçirilməsi bizim üçün vacibdir”.

Türkman lider diqqətə çatdırıb ki, onlar problemlərin İraq daxilində həll olunmasını çox istəyirlər: “Amma hazırki vəziyyət qarışıqdır. Şiələr hökumətdən narazıdır, sünnilər torpaqlarını itirirlər. Kürdlərin də problemləri var. Ən çox çətinlik çəkən isə türkmanlardır. Biz və digər azlıqlar problemi xarici dünyaya daşıyaraq həll yollarını düşünürük. İraq türkman xalqı üçün beynəlxalq konfransın keçirilməsini gözləyirik. Bu konfransla İraq türkman xalqının tapdalanan hüquqlarını bütün dünya görəcək. Bundan başqa parlamentin türkman üzvləri ilə İngiltərə parlament üzvləri arasında dostluq qrupunun yaradılması, həmçinin bu ölkənin siyasi partiyaları ilə əlaqələrin qurulması üzərində işləyirik”.

Londonda səfərdə olan türkman lider Türkiyənin bu ölkədəki səfiri və baş konsulu ilə də görüşüb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm