Komandirini ölümdən qurtaran 6 yaşlı əsgər – İkinci Dünya Müharibəsinin ən gənc döyüşçüsü - FOTOLAR
Bizi izləyin

Dünya

Komandirini ölümdən qurtaran 6 yaşlı əsgər – İkinci Dünya Müharibəsinin ən gənc döyüşçüsü - FOTOLAR

Bəşər tarixinin ən qanlı savaşı hesab edilən İkinci Dünya Müharibəsi bir sıra maraqlı məqamları ilə də yadda qalıb. Bu mübarizəyə yaşından, cinsindən, irqindən asılı olmayaraq hər kəs qoşulmuşdu. Onların sırasında yer alan 6 yaşlı uğaq isə öz cəsurluğu, vətənpərvərliyi ilə xüsusi olaraq seçilirdi.

Publika.az dünya müharibəsinin ən gənc əsgəri hesab edilən Sergey Aleşkinin həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

Sergey Aleşkin 1936-cı ildə Rusiyanın Ulyanovsk rayonunun Qrın kəndində anadan olmuşdu. O, Sovet xalqının Böyük Vətən Müharibəsi adlandırdığı 4 illik qanlı mübarizəyə qədər Qrın kəndində ailəsi ilə birlikdə yaşayırdı. Lakin almanların SSRİ-yə hücumları hər bir Sovet uşağı kimi Seryojanın da rahatlığının sonunu gətirdi. 1941-ci ilin payızında Sergeyin yaşadığı Qrın kəndi faşistlər tərəfindən işğal edildi. Kənddə partizanların gizli sığınacağı yerləşirdi. Meşələrdə gizlənən müqavimətçilərə qoşulanlar arasında Seryojanın 10 yaşlı qardaşı Petya da vardı.

Çox keçmədən faşistlər onun gizləndiyi yeri müəyyənləşdirib ələ keçirdilər. Seryojanın 10 yaşlı qardaşı nasistlər tərəfindən asıldı. Onun anası oğlunu dar ağacından xilas etməyə cəhd göstərərkən güllələndi.

Sağ qalmış yetim Sergey isə Sovet əsgərlərinə qoşularaq faşistlərə qarşı mübarizəyə başladı. O, 142-ci qvardiya atıcı polkunun 47-ci diviziyasının əsgəri kimi döyüşürdü.

Yaşının az olmasına baxmayaraq, bütün çətinliklərə sinə gərən 6 yaşlı Seryoja döyüşlərdən birində alay komandiri, polkovnik Mixail Vorobyovu ölümdən xilas etməsi ilə məşhurlaşdı. Belə ki, döyüşlərdən birində faşistlər polkovnikin olduğu yeraltı sığınacağı atəşə tutdular. Özünü itirməyən Sergey oradan qaçaraq, Sovet döyüşçülərini köməyə çağırdı. Köməyə gələn qüvvələr faşistləri geri oturtdular. Beləcə, alay komandiri ölümdən xilas edildi. Mixail Vorobyov balaca döyüşçüyə borclu qalmadı. O, həyatını xilas etmiş yetim uşağı övladlığa götürdü.

Xidmətdə fəallığı ilə seçilən Seryoja hər kəsin sevimlisinə çevrildi. Buna görə də hamı Sergeyi “Alay oğlu” adlandırırdı. O, Stalinqradın ən gənc müdafiəçisi kimi də tarixə düşdü. Bu fədakarlıqları döyüşçülərin ona qarşı sevgisini və rəğbətini daha da artırırdı.

Azyaşlı Seryojanın döyüş yolu çox ağır oldu. O, özündən böyük əsgərlərə qoşularaq bir neçə əməliyyatda iştirak etdi. 1942-ci ilin 18 noyabrında bölük əsgərlərindən bir neçəsi ilə birlikdə minaatanların atəşinə məruz qalan azyaşlı ayaqlarından yaralandı. Mina qəlpələri onun hər iki ayağını zədələdi. Onu hospitala müalicəyə göndərdilər. Bir neçə aylıq müalicədən sonra isə yenidən alaya qayıtdı.

Döyüşlərdəki cəsurluğuna və xidmətlərinə görə Seryoja 1943-cü ilin 26 aprelində 013 nömrəli əmrlə “Döyüş xidmətinə görə” medalı ilə təltif edildi. Habelə, 1945-ci ildə “Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə (1941-1945)” medalı ilə təltif olundu...

... Müharibə başa çatdıqdan sonra Tuladakı Suvorov adına Hərbi Məktəbə oxumağa gedən Seryoja təhsil almağa başladı. Tətil günləri onun üçün darıxdırıcı olmurdu. Çünki atalığı, keçmiş alay komandiri Mixail Vorobyov tez-tez ona baş çəkməyə gəlirdi.

Xarkovda hüquq təhsili alan Seryoja bir qədər sonra Çelyabinsk şəhərinə ezam olundu. Və burada da yaşamağa qərar verdi.

1985-ci ildə ikinci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilən Sergey Aleşkin 1990-cı ildə Çelyabinskdə dünyasını dəyişdi.

Hələ 6 yaşında döyüşə atılmış Sergey Aleşkin beləcə tarixə İkinci Dünya Müharibəsinin ən gənc əsgəri kimi qovuşdu.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm