Ukrayna böhranının 10 günlük xronikası – VİDEO
Bizi izləyin

Dünya

Ukrayna böhranının 10 günlük xronikası – VİDEO

Ukrayna böhranının 10 günlük xronikası – VİDEO

22 mart

Publika.Az euroneüs-ə istinadən Krım hadisələrin in ongünlük xronikasını təqdim edir.

17.34 Ukrayna Ermənistandakı səfirini geri çağırıb. Buna səbəb Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Krımdakı referndumu tanıdığını bildirməsi olub. Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistanın Ukraynanın ərazi bütövlüyünü tanıması haqda bəyanat verməsindən sonra iki ölkə arasında diplomatik münasibətlər normallaşa bilər.

11.27 Rusiya Xarici İşlər Nazirliyinin internet səhifəsində dərc olunan bəyanatda nazirlik dünən (martın 21-i) Aİ hökumət və dövlət başçılarının zirvə görüşü zamanı daha 12 Rusiya vətəndaşına qarşı sanksiyaların tətbiq olunmasını qınayıb. Bəyanatda bu addım "reallığa uyğun olmayan" kimi qiymtləndirilib.

Həmçinin, nazirlik ATƏT-in Kiyevə göndərəcəyi missiyanın ilk növbədə Ukraynanın daxili böhranını həll etməsini və "milli banditizmə" son qoymasını məsləhət görür.

21 mart

17.23 Fransa Rusiya ilə hərbi əməkdaşlığını dayandırır. Bu haqda Fransa müdafiə naziri Jan-İv Lö Drian (Jean-Yves Le Drian) bildirib.

14:30 (GMT+1) Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu: "Ukraynaya ortaq dəyərlərimizin olduğunu göstərdik. Ukraynanın müstəqil, suveren dövlət olmasını istəyirik. Ştefan Füle Kiyevə gedəcək. Dünən Gürcüstan və Moldova ilə iyuna qədər Assosiasiya Müqaviləsini imzalamaq qərarını aldıq."

14.32 Almaniya və Böyük Britaniyanın ardınca Fransa da Rusiya ilə hərbi sahədə əməkdaşlığını dayandırdığını bəyan edib.

14.23 Vladimir Putin Krımın Rusiyaya anneksasiyası haqda qanunu imzalayıb.

11.02 Ukrayna konstitusiya məhkəməsi Krım ali şurasının "Krım respublikasının və Sevastopolun müstəqillik deklarasiyasının" qeyri-konstitusional olması haqda qərar qəbul edib.

11.00 Aİ və Ukrayna keçid hökuməti Assosiasiya Müqaviləsinin siyasi fəsillərini imzalayıb.

20 mart

16.32 Fransa prezidenti Fransua Olland iyuna planlaşdırılmış Aİ-Rusiya zirvə görüşünün ləğv olunduğunu bildirib.

15.54 Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Ukraynadan idxal olunan malların 98 faizinə qoyulan gömrük rüsumlarının ləğvinə səs verib. Bu qərar Ukrayna istehsalçılarına və ixracatçılarına ildə 487 milyon avro qənaət etməyə kömək edəcək. Məhdudiyyətlər birtərəfli qaydada aradan qaldırılsa da, Ukraynadan Aİ mallarına qoyulmuş gömrük rüsumlarını qaldırmamaq tələb olunacaq.

15.42 Rusiya Duması Krımın Rusiyaya qoşulması haqda müqaviləni ratifikasiya etdi.

14.14 Ukraynanın Cenevrədəki BMT yanındakı nümayəndəliyinin başçısı Yuriy Klımenko mətbuata bildirib ki, Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamasının mümkünlüyü barədə onlarda məlumat var.

12.50 Ukrayna Krım üçün kommunal xidmətlərin qiymətinə yenidən baxacaq, ancaq təchizatı dayandırmaq fikrində deyil.

12.30 Ukrayna üçün aprel ayında qaz qiymətləri hər 1000 kub-metr üçün 360-500 ABŞ dolları məbləğində olacaq.

12.01 Ali Rada "İşğal olunmuş ərazilərdə yaşayan vətəndaşların hüquq və azadlıqlarının qorunması haqda" qanun layihəsi qəbul edib.

11.24 Baş nazir Arseniy Yatsenyuk bildirib ki, Rusiya ilə viza rejiminin tətbiqi üçün gözləmək lazımdır.

11.14 Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov baş nazir Arseniy Yatsenyuka cümə günü Aİ ilə Assosiasiya Müqaviləsini imzalamağı tapşırıb.

10.52 Ali Rada Ukraynanın azad olunması ilə bağlı bəyanat qəbul edib. Bəyanatın lehinə 247 nəfər səs verib.

11:27 (GMT+1) Almaniya kansleri Angela Merkel Almaniya parlamentini onun hökumətinin Krımla bağlı siyasətini dəstəkləməyə çağırıb. Kansler bunu Avropa İttifaqının dövlət və hökumət başçılarının zirvə görüşü zamanı deyib.

07.10 Kiyev Krım əhalisinə pensiya ödənişləri üçün vəsait köçürmələrini dayandırıb. Kiyevdə bildiriblər ki, mart ayında 1 milyard qrivnadan 677 milyonu keçirilib, yəni pensiyanı bütün krımlılar ala bilməyib. Köçürmələr martın 17-si, Krım dövlət hesablarının yarımada hökuməti tərəfindən dondurulmasına görə dayandırılıb.

05.38 ABŞ vitse-prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar istənilən NATO ölkəsinə qarşı hərbi təcavüzü özlərinə qarşı təcavüz kimi qiymətləndirəcək. Litva və Latviya prezidentləri ilə görüşdə o, ABŞ-ın bütün NATO ölkələrini hərbi təcavüzə qarşı qoruyacağına söz verib.

19 mart

23.54 Ukraynanın BMT-də daimi nümayəndəsi Uriy Sergeyev bütün ölkələri Krımı beynəlxalq hüquq subyekti kimi tanımamağa və qeyri-legitim Krım hökuməti ilə heç bir sənəd imzalamamağa çağırıb.

23.15 Rusiya müdafiə naziri Sergey Şoyqu Krım rəhbərliyini Ukrayna hərbi dəniz qüvvələrinin komandiri Sergey Qayduku azad etməyə çağırıb.

19.59 Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukraynanın MDB-dən çıxmasına dair qərar verib.

17.31 Sevostopol və Donuzlav limanlarında yerləşən Ukrayna dəniz hərbi qüvvələrinin 20-yə yaxın gəmisi Rusiya Qara dəniz donanmasına birləşdirilə bilər.

17.29 Krım və Ukrayna arasında nəqliyyat əlaqəsi davamlı olaraq təmin edilir.

16.20 BMT-nin baş katibi Pan Gi Mun martın 21-22-də Ukraynaya rəsmi səfər edəcək.

16.15 Çin və Cənubi Koreya xarici işlər nazirləri Krımın Rusiya tərəfindən anneksasiyasını tanımırlar. Onlar Ukraynanın ərazi bütövlüyünün qorunmalı olduğunu deyiblər.

15.33 Vladimir Putin deyib ki, Rusiya əmək nazirliyi Krım əhalisinin pensiyasını ən tez zamanda Rusiya səviyyəsinə qaldırmalıdır.

15.20 Ukrayna bu il MDB-də sədrliyini davam etdirməmək qərarı qəbul edib.

14.30 Sevastopolda Ukrayna dəniz hərbi qüvvələrinin şəxsi heyəti hərbi hissələri tərk edir. Eyni zamanda, dəniz hərbi qüvvələrinin komandiri Sergey Qayduk Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib.

12:07 Ukraynanın müdafiə naziri İqor Tenyux və baş nazirin birinci müavini Vitali Yarem "vəziyyətin pisləşməsinin qarşısını almaq üçün" Krıma səfəri baş tutmayıb. Nazirlər yarımadaya buraxılmayıblar.

11.23 Krım milisi dünən Sevastopolda atəş açan snayperi saxladığını bildirir. Milis xəbər verir ki, iki nəfərin ölümündə günahlandırılan snayper 17 yaşlı Lvov sakinidir. Yayılan məlumata görə, o, "Pravıy sektor" hərəkatının nümayəndəsidir.

11.17 Bu dəqiqə Ukrayna hökumətinin iclasında baş nazir Arseniy Yatsenyuk birinci vitse-premyer Vitali Yarem və müdafiə naziri İqor Tenyuxa Krıma yola düşmək barədə göstəriş verib.

10:47 Rusiya konstitusiya məhkəməsi Krım yarımadasının Rusiyaya anneksasiyasını təsdiq etdi.

09.38 Krım baş naziri Sergey Aksyonov bildirib ki, dünən Ukrayna əsgərləri və Krımın özünümüdafiə dəstələrinə atəş açan snayper saxlanılıb.

18 mart

20.20 Qazaxıstan Krım referendumunun nəticələrini qəbul etdi.

19.40 Ukrayna əsgərin ölümü hadisəsindən sonra, Krımda yerləşən Ukrayna hərbçilərinə özünümüdafiə üçün odlu silahdan istifadə etməyə icazə verilib.

19.35 Ukrayna prezidentinin Krımda daimi nümayəndəsi Sergey Kunitsin bildirib ki, bugünkü hadisələrdən sonra, vəziyyət gərginləşərək vətəndaş müharibəsinə gətirib çıxara bilər.

19.30 Aİ Krımın Rusiya tərəfindən anneksasiyasını tanımadığını bildirib. Bu haqda öz çıxışlarına Aİ Şurasinin prezidenti Herman van Rompuy və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildiriblər.

18.00 Simferopolda yerləşən Ukrayna hərbi hissələrindən birini ələ keçirmə əməliyyatı zamanı, hərbi hissəni müdafiə edən ukraynalı əsgərlərdən biri öldürülüb.

17.47 Ukrayna baş naziri Arseniy Yatsenyuk bildirib ki, "Krım məsələsi" siyasi mərhələdən hərbi mərhələyə keçib.

16.16 Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema bildirib ki, aprel ayında Krım sakinlərinin maaş və pensiyaları Ukrayna dövlət büdcəsindən ödənəcək.

16.10 Krım və Sevastopol Rusiya Federal Məclisində dörd senatorla təmsil olunacaqlar.

15.48 Krım hökuməti "Çernomornaftoqaz" şirkətini Rusiyanın "Qazprom" şirkətinə verəcək. "Çernomornaftoqaz"ın idarə heyətinin sədr müavini Vladimir Pleçun Krım baş nazir müavini Rustam Tamirqaliyevə istinadən bildirib ki, əvvəlcə şirkət milliləşdiriləcək, yeni müəssisə yaradılacaq və ona Krımın Qara dəniz ərazisində iş üçün bütün lisenziyalar veriləcək. Sonradan müəssisə "Qazprom"un strukturuna daxil ediləcək.

15.31 Rusiya Federasiyası və "Krım Respublikası" arasında Krımın Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalanıb.

15.00 (Moskva vaxtı) Rusiya prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı Federal Məclis qarşısında çıxış etdi.

Putin Rusiya parlamentindən Krım Respublikası və Sevastopol şəhərinin Rusiya Federasiyasının yeni federasiya subyekti olması barədə konstitusiya aktı qəbul etməyi xahiş etdi.

“Krımın Rusiya üçün simvolik əhəmiyyəti böyükdür”.

“Krımda heç bir etnik qrup yoxa çıxmayıb”.

“Krım tatarlarına qarşı böyük ədalətsizlik olub”.

“Krımda üç rəsmi dil olmalıdır: rus, ukrayna, krım-tatar”.

“SSRİ-ni dağıdanlar suverenlikləri paylayanda rus xalqının parçalanmasına göz yumdular”.

“Qardaş Ukrayna xalqı ilə münasibətlərimiz hər zaman yaxşı olmalıdır, mübaliğəsiz”.

“Delimitasiya ilə Krımı Ukraynaya güzəştə gedəndə Ukrayna ilə yaxşı münasibətlər nəzərə alınmışdı. Təəssüf ki, bu münasibətlər korlandı”.

“Ukraynada prezidentlər, baş nazirlər dəyişdi, amma onların xalqa qarşı mənfi münasibəti dəyişmədi”.

“Rus dilinə qarşı qəbul olunmuş son qanun ləğv olunmayıb, təxirə salınıb”.

“Biz Krımın və onun xalqının müraciətini qəbul etməyə bilməzdik, bu satqınlıq olardı”.

“Ukrayna SSRİ-nin tərkibindən çıxarkən Krımın indi etdiyini etdi”.

“Qərbin Kosovo ilə Krımı fərqləndirməsi artıq ikili standart deyil, ibtidai sinizmdir”.

“ABŞ düşünür ki, yalnız o, haqlı ola bilər”.

“ABŞ-ın Serbiyanı bombalaması, Liviya, Əfqanıstana müdaxiləsi heç bir beynəlxalq razılaşmaya uyğun deyildi. Qərblilərin yaratdığı ərəb baharları ərəb qışına çevrildi”

“Ukraynada qərblilər bütün hədləri aşdılar və məsuliyyətsiz hərəkət etdilər”.

“Bizim maraqlarımızı başa düşənlərə təşəkkür edirik. Çin və Hindistan hökumətlərinə təşəkkür edirik”.

“Biz Ukraynanın ərazi bütövlüyünə hörmət edirik”.

“Ukraynanın digər ərazilərinə iddiamız yoxdur”.

“Krım həmişə rus, ukraynalı və tatar olaraq qalacaq”.

“Bu ərazi möhkəm suverenlik altında olmalıdır. Faktiki olaraq, bu suverenlik bu gün Rusiyadır”.

“Biz Sevastopola NATO əsgərlərinə qonaq gedə bilmərik. Qoy onlar bizə qonaq gəlsinlər”.

“Ukrayna və Rusiya ayrıca yaşaya bilməz. Ukraynanın güclü və stabil olmasını istəyirik”.

17 mart

20:33 Rusiya prezidenti Vladimir Putin Krımın müstəqilliyinin tanınması barədə sərəncam imzalayıb. Sənəd imzalandığı gündən qüvvəyə minir.

19.13 Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib ki, Avropa İttifaqı rəsmi Kiyevi Rusiyaya qarşı soyuqqanlı mövqe nümayiş etdirməyə, Rusiyanı isə Krım yarımadasını özlərinə birləşdirməməyə çağırıb.

19.01 Ukrayna hökuməti Rusiya ilə münaqişənin danışıqlar yolu ilə və tələfata yol vermədən həll etmək üçün əlindən gələni edəcək, ancaq Ukrayna dövləti üçün müharibə təhlükəsi realdır. Bunu Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən və Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov deyib.

18.36 Krımda xidmət edən bütün Ukrayna hərbçiləri Ukrayna ərazisindədirlər və oranı tərk etmək fikrində deyillər.

17.35 ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşə biləcəyini bildirib. Sanksiyalar Rusiyanın müdafiə sahəsində işləyən rəsmilərə də tətbiq olunacaq.

17.01 Aİ xarici işlər nazirləri şurası Avropa Komissiyasını Ukrayna ilə viza rejiminin sadələşdirilməsi prosesini tezləşdirməyə çağırıb.

16.20 ABŞ sabiq Ukrayna prezidenti Viktor Yanukoviçə, "Ukrainskiy vıbor" ictimai hərəkatının rəhbəri Viktor Medvedçuk, Krım baş naziri Sergey Aksyonov, Krım parlamentinin spikeri Vladimir Konstantinov və 8 digər Krım siyasətçisinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara görə, sadalanan şəxslərin ABŞ ərazisinə girişinə və ABŞ vətəndaşlarının onlarla iş birliyinə qadağa qoyulub.

12.35 Sabah Rusiya prezidenti Vladimir Putin Federal Şuraya Krımın Rusiyaya qoşulması ilə bağlı müraciət edəcək.

12.33 Krım Ali Şurası bu gün Krım milli bankının yaradılması ilə bağlı qərar qəbul etdi.

11.32 Krım Parlamenti yekdilliklə Rusiyaya birləşmək müraciəti göndərmək barədə qərara səs verib. Bundan əlavə, Krımdakı bütün ictimai müəssisələrin milliləşdirilməsi və səfərbərlik edilməsi qərara alınıb.

11.22 Ukrayna parlamenti prezident səlahiyyətlərindən istifadə edərək 40000 ehtiyatda olan hərbçinin səfərbərliyinə dair qərar verdi.

09.20 Rəsmi məlumata görə "Referendum"da səs verənlərin 96,77 faizi yarımadanın Rusiyanın tərkibinə keçməsinin lehinə səs verib. Avropa İttifaqı və ABŞ seçkilərin nəticələrini tanımayacaqlarını təkrarən bəyan ediblər.

16 mart

21.57 Ağ Ev bəyan edib ki, Rusiya Ukraynaya hərbi müdaxilənin "qarşılığını baha ödəyəcək".

21.53 Referendum komitəsinin sədri Mixailo Malışev mətbuat konfransı keçirir:

Malışev iştirak faizinin yüksək olduğunu deyir (Krım tatarlarının çoxluq təşkil etdiyi Baxçasarayda 59 faiz qeydə alınınb)

20.33 "Exit-poll"-un nəticələrinə görə səs verənlərin 93 faizi Krımın Rusiyaya birləşdirilməsinə səs verib.

17.42 Referendumun rəsmi internet səhifəsi seçicilərin 70%-nin referendumda iştirak etdiyini bildirir.

14.49 Ukrayna nazirlər kabineti orduya 7 milyard qriven ayırıb.

14.31 İtaliyalı avroparlamentari Berto Fabrizio, referendumda müşahidəçi qismində iştirakından sonra Simferopolda verdiyi mətbuat konfransında bildirib ki, hərbçilər tərəfindən səsvermənin gedişatına müdaxilə olunmayıb.

12.48 Krım Referendumunda Rusiya vətəndaşları da səs verir. Əgər "seçicinin" adı siyahıda tapılmırsa, onu siyahıya seçki məntəqəsində elavə edirlər.

11.14 Krım tatarlarının sıx yaşadığı Baxçısaray rayonunda seçki məntəqələri təşkil olunmayıb. Bu haqda Baxçısaray rayon rəhbəri Ulmi Umerov xəbər verib.

11.01 Baş nazir Arseniy Yatsenyukun rəhbərliyi altında Ukrayna hökumətinin növbədənkənar iclası keçiriləcək.

10.48 Sevastopolda son 20 il ərzində rekord iştirak sayı haqda xəbər verirlər. "Vesti.ua"-dən verilən məlumata görə, seçki məntəqələrində səhərdən uzun sıralar düzülür.

10.10 Krımdakı seçki məntəqələrində böyük kütlə axını müşahidə olunmur.

09.30 Krım baş naziri Sergey Aksyonov referendum başa çatmamış, Krımın Rusiyaya qoşulacağını deyib. O, "twitter" sosial şəbəkəsində yazıb: "Referendum Krım xalqının istədiyi kimi keçəcək və amansız, qəti olacaq. Krım Rusiyanın bir hissəsi olacaq".

http://vesti.ua/storage/asset/image/2014/03/16/a/77/b74/ccff37c61f9bf3b7924abb2f45_2d540426.JPG

8.00 Krım və Sevastopolda bu gün, martın 16-ı, saat 8-də Krımın Rusiya tərkibinə qatılması ilə bağlı referenduma start verilmişdir.

15 mart

18.54 BMT Təhlükəsizlik Şurasının iclasında Krım referendumunu pisləyən qətnaməyə Rusiya veto qoyub. Çin isə səsvermədə iştirak etməyib. ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer bildirib ki, "Rusiya qətnaməyə veto qoya bilər amma həqiqətə veto qoya bilməz".

17.40 Fransa prezidenti Fransua Olland bəyan edib ki, Aİ Krımda keçiriləcək "qondarma referendumu" tanımayacaq. O, bildirib ki, Aİ sanksiyaların birinci mərhələsindədir. Digər mərhələlər iqtisadi və hərbi sahələri əhatə edir.

15.05 Ukraynanın şərqində yerləşən Xarkov və Donetsk şəhərlərində baş verən toqquşmalar ən azı iki nəfərin ölümü ilə nəticələnib.

12.46 Rusiya KİV-inin verdiyi məlumata görə, Krımda keçiriləcək referenduma nəzarət etmək üçün 20-dən çox ölkədən müşahidəçi gəlib.

14 mart

21:00 Ukrayna prezidenti səlahiyyətlərini icra edən Oleksandr Turçinov 11 mart 2014 tarixli Krım və Sevastopolun müstəqillik deklarasiyasını ləğv edən sənəd imzalayıb.

17.57 Krım tatarları yarımadaya BMT sülhməramlılarının daxil edilməsini istəyiblər. Bu haqda NATO baş qərargahını ziyarət edən Krım tatarlarının lideri Mustafa Cəmilev xəbər verib.

17.53 Vaşinqtonda apardığı danışıqlardan sonra, Ukrayna baş naziri Arseniy Yatsenyuk bildirib ki, Ukrayna ABŞ və NATO-dan hərbi-texniki dəstək istəyib.

17.26 Ukrayna Konstitusiya Məhkəməsi Krım Ali Sovetinin referendum keçirmək haqda qərarının konstitusiyaya zidd olmasına dair qərar qəbul edib.

17.01 Krım tatarlarının lideri va Ukrayna Ali Radasının üzvü Mustafa Cəmilev Kırımoğlu bu gün NATO baş katibinin müavini Aleksandr Verşbau (Alexander Vershbow) ilə görüşüb.

16.36 Krım baş naziri Sergey Aksyonov bildirib ki, yarımadanın hökuməti müstəqillik elan etmək imkanını nəzərdən keçirmirlər.

13.15 Dünən Donetskdə baş verən və bir insanın ölümünə səbəb olan hadisələrlə bağlı Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ukraynada yaşayan bütün Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazırdır.

13.13 "Pravıy sektor" hərəkatının siyasi şurasının üzvü Oleq Odnorojenko "112 Ukraina" telekanalına bildirib ki, Krımdakı bütün Ukrayna hərbi hissələrində "Pravıy sektor"un nümayəndələri var.

12.57 Ukrayna Ali Radası Krım parlamentinin buraxılması haqda müzakirələri martın 17-dən martın 15-ə keçirib.

12.17 Almaniyada müalicə alan Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko YUKOS şirkətinin sabiq rəhbəri Mixayil Xodorkovski ilə görüşüb.

11.36 "Svoboda" fraksiyasının lideri Oleq Tyaqnibok bildirib ki, Ukrayna Ali Radası martın 17-də Krım parlamentini buraxmaq fikrindədir.

10.27 Ağır zirehli texnika eşelonu Krımın mərkəzinə tərəf hərəkət edir.

04.28 Ukraynaya maddi dəstəyin ayrılması haqda qanun layihəsi üzrə ABŞ Konqresində səsvermə ən azından martın sonunadək təxirə salınır.

04.02 Ağ Ev Ukraynaya silah satmaqdan imtina edib. ABŞ hələlik yalnız maddi dəstək göstərməyə hazırdır.

13 mart

21.45 Donetskdə avrointeqrasiya tərəfdarları və Rusiya yönümlü nümayişçilər arasında toqquşmalar nəticəsində bir nəfər həlak olub, ondan çox insan xəsarət alıb.

12.34 Ukrayna Ali Radası Milli Qvardiyanın yenidən yaradılması ilə bağlı qərar qəbul edib. Qvardiyanın tərkibi çağırışçılar və könüllülərdən ibarət olacaq.

11.06 Almaniya Kansleri Angela Merkel bu səhər Bundestaq qarşısında çıxışı zamanı bildirib ki, "Ukraynanın ərazi bütövlüyü sual altına qoyula bilməz". Onun fikrincə Kosovo ilə Krım arasında müqayisə aparmaq düzgün deyil. Merkelin bildirdiyinə görə, bu cür davam edərsə Avropa İttifaqı başçılarının gələn həftə keçiriləcək Şurasında Rusiyaya qarşı sərt tədbirlər görülə bilər.

Merkel onu da deyib ki, Moskva etibarlı tərəfdaş rolunu oynamaqdansa, Kiyevin zəifliyindən faydalanmağa çalışır.

01.48 Fransa Prezidenti Fransua Olland Vladimir Putinə ünvanladığı bəyanatda bildirib ki, martın 16-da Krımda keçiriləcək referenduma hazırlıqlar şəffaf getmir və referendumun heç bir hüquqi əsası yoxdur.

12 mart

23.02 Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsa bildirib ki, Ukrayna MDB-dən çıxmaq niyyətindədir. Buna səbəb kimi o, MDB icra komitəsinin Ukraynanın fovqəladə iclas üçün etdiyi müraciəti cavabsız qoymasını gətirib.

Bundan öncə isə, Rusiya prezidenti Vladimir Putin Krım tatarlarının sabiq lideri ilə telefon söhbətində deyib ki, Ukraynanın SSRİ-dən ayrılması qanunsuz idi.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm