Türkiyə “Tvitter”ə məhdudiyyət qoymaqda haqlıdırmı?
Bizi izləyin

Dünya

Türkiyə “Tvitter”ə məhdudiyyət qoymaqda haqlıdırmı?

Türkiyədə "Tvitter" bağlandı. Dünən isə “Youtube” video portalı bağlanıb. “Facebook”la bağlı da oxşar qərar gözlənilir. Səbəb ölkənin 4 yüksək səviyyəli rəsmisinin Suriya ilə bağlı məxfi müzakirəsinin səs yazısının bu portalda yayılmasıdır.

Türkiyə hökuməti tərəfindən bir-birinin ardınca sosial şəbəkələrə qoyulan məhdudiyyət birmənalı qarşılanmadı. ABŞ Dövlət Departamenti Türkiyədə “Tvitter”in bağlanmasına münasibəıt bildirib. Adının gizli qalmasını istəyən departament sözçüsü sosial şəbəkələrin bağlanmasının təşviş yaratdığını deyib. “Tvitter”in bağlanmasına şəbəkə rəsmiləri də münasibət açıqlayıb. Açıqlamada mobil telefon istifadəçilərinin SMS-dən istifadə edərək “tvit” yaza biləcəkləri qeyd edilib. Şirkət rəhbərliyi həmçinin bu istiqamətdə araşdırma apardıqlarını bildiriblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Laura Lukas “Cihan” xəbər agentliyinə açıqlamasında “Youtube”un bağlanmasına münasibət bildirib. Ağ Ev rəsmisi Türkiyədə “Youtube” şəbəkəsinin bağlanmasını informasiyaya girişin məhdudlaşdırılması kimi dəyərləndirib:“Biz Türkiyə xalqının etirazlarını dəstəkləyirik”.

Almaniya kansleri Angela Merkel Türkiyə hökumətinin “Twitter” sosial şəbəkəsəni qadağan etməsini demokratiyadan uzaq qərar, Fransa hökuməti isə Türkiyənin bu qərarını “şok” adlandırıb.

Dünya ölkələri bu məhdudiyyətə qarşı çıxsa da Türkiyə hökuməti qərarında israrlı görünür. Bəs Türkiyə bu məhdudiyyəti qoymaqda haqlıdırmı? “Tvitter” niyə Türkiyənin tələbini yerinə yetirmədi?.

Əslində, sosial şəbəkə, yaxud xəbər portalları ilə bağlı bu ilk qalmaqal deyil. Bir neçə il əvvəl də M.K.Atatürklə bağlı təhqiramiz materiallar yaydığına görə, Türkiyədə “Youtube”un fəaliyyəti qadağan edilmişdi. Təcrübələr onu göstərir ki, bu ənənə Türkiyənin kəşfi deyil. Avropa ölkələri də özlərinə qarşı təhlükə hesab etdikləri məqamda oxşar davranışlar nümayiş etdirirlər. Bir ölkə sərhədlərini aşaraq sərbəst fəaliyyət göstərən, bu işdən pul qazanan şirkətlər ölkələrinin qanununa tabe olmaqdan qaçırlar. Məsələnin əvvəldən həll edilməsi senzura kimi qəbul edilsə də, sonradan sosial şəbəkələrin qanuna tabe olmaması və ölkələri çıxılmaz hala salması da reallıqdır.

Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, sosial şəbəkələr virtual olsa da, insanların düşüncələrini paylaşdığı bir infrasturuktur kimi istifadə edilir. Amma bəzən həmin sosial şəbəkələr qeydiyyatdan keçdikləri ölkələrin qanunvericiliyinə hörmət edir, amma digərlərinin qanunvericiliyi onların qanunları ilə üst-üstə düşərsə tətbiq edir, düşməzsə tətbiqdən qaçır. Problem də məhz bu məqamda yaranır. İlk ağla gələn isə bu sual olur ki, “Tvitter” ABŞ-da qanunlara əməl edərkən, Türkiyənin qanunlarına nə üçün əməl etmir?

“Türkiyə də “Tvitter” rəhbərliyinə bu sualı ünvanlayıb. Çünki problem Türkiyənin Samsun bölgəsində bir xanımın adına hesabın açılması, lakin onun xəbəri olmadan orada porno materialların yayılması ilə bağlı məhkəmə iddiası qaldırıldı. Məhkəmə profilin həmin qadına aid olmadığını, onun hüquqlarını qorumaq üçün də səhifənin silinməsi ilə bağlı qərar qəbul edir. “Tvitter” isə ona göndərilmiş qərara heç bir reaksiya vermir. Türkiyədə 4 belə hal yaşandıqdan sonra, hökuməti “Tvitter”in yerli sturukturu olmadığı üçün girişə məhdudiyyət gətirdi, yalnız bundan sonra şəbəkə həmin informasiyaları sildi. Zaman-zaman dövlətlər sosial şəbəkələrə qarşı zor tətbiq edir, amma bu həmin şəbəkələrin məsuliyyətsiz yanaşmasından doğa bilir”.

Ekspert onu da vurğuladı ki, bir səhifəyə görə, 12 milyon istifadəçiyə məhdudiyyət qoymaq ağıllı və hüquqa uyğun deyil. “Tvitter”in bütünlüklə bağlanması ilə bağlı qərar olmasa da, amma ona çatımlılıq tamamilə əngəllənmişdi. Bu aspektdən yanaşıldıqda, qərar qüsurlu olduğundan idarə məhkəməsi qəti olaraq “Tvitter”ə çıxış məhdudiyyətini aradan qaldırdı. “Youtub”u tamamilə qadağan etmək düzgün deyil. Kimsə qanunsuz yolla əldə etdiyi materialı burada yerləşdirirsə, həmin insanları tapıb cəzalandırmaq lazımdır. Məhkəmə qərarı varsa, dövlət sirri və s. ilə bağlı “Youtube”dan həmin qərara əməl etməsini tələb edə bilər. Bunlar olmadığına görə, digər insanlara qadağan etmək düzgün deyil. Bu cür yanaşma avtoritar rejim qərarı kimi qəbul edilir. Baxmayaraq ki, qərarın kökündə əsas var”.

Ə.Məmmədlinin sözlərinə görə, bu məsələdə diqqət yetirilməli olan xüsusi bir məqam var. Sosial şəbəkələr bütün dövlətlərin qanun pozuntusu kimi qəbul etdikləri qərarlara, dövlət sirrlərinin yayılması, şəxsi həyatın qorunması, uşaq pornoqrafiyasının yayılmaması ilə bağlı məsələyə xüsusi həssaslıq göstərməlidir. Amma reallıq göstərir ki, onlar ABŞ tələb edəndə qəbul edib, Türkiyənin tələbindən yayınmaqla ikili standart formalaşdırır.

“Əslində “Tvitter” Türkiyədən çox tələb almayıb. Ən çox bu şəbəkəyə tələb göndərən ölkə Fransadır, bir ildə 310 tələbi olub. Türkiyənin isə 4 tələbi olsa da, bunların heç birini yerinə yetirməyib. Bu tip problemlərdə sosial şəbəkələr də qaydalarını tənzimləməlidirlər. Heç bir ictimai əhəmiyyəti olmayan, şəxsin ad hüququnun mənimsənilib, ondan porno materialların yayımlanması “Tvitter”in bəlli bir istifadəçi kəsimindən yasaqlanmasına haqq qazandırır.

Üçüncü dünya ölkələri - Türkiyə, Azərbaycan kimi ölkələrin tələbinə də əməl edilməsi onlara inamı artırır. Əks halda ölkələrin məhdudiyyətdən başqa yolu qalmır. Əslində bu qərar hökumətin də imicinə mənfi təsir edir. Çünki qərar həm də ifadə azadlığına yönəlmiş basqı kimi qiymətləndirilə bilər”.

Onun sözlərinə görə, Türkiyəni qınayan ölkələrin bir çoxu oxşar qərar qəbul edib:

““Vikiliks” saytı məxfi məlumatları yaydıqdan sonra ABŞ və bir sıra Avropa ölkələrində saytın fəaliyyəti dayandırılmışdı. İsveçrədə xüsusi kodlarla yayımlandı. Dövlət sirrlərini qorumaq üçün bu tip platformalara məhdudiyyətlər gətirilir. Hətta ABŞ-da da belə məhdudiyyətlər var. “Vikiliks”in sahibi Culian Assanj hələ də Londondakı Ekvador səfirliyində yaşayır, oradan çıxdığı zaman həbs olunma təhlükəsi var. Ona bu məlumatları göndərən ABŞ əsgəri 35 il həbsə məhkum olunub. Yəni dövlətlərin özünü qoruma instinkti həmişə olub və bu qərbdən Türkiyəyə gəlib. Türkiyə yeni nə isə kəşf etməyib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm