Türkiyə dilemma qarşısında
Bizi izləyin

Dünya

Türkiyə dilemma qarşısında

Türkiyə dilemma qarşısında

Türkiyə Cümhuriyyətinin tarixinə nəzər saldıqda seçkilər proseslərində cəmiyyətin liderlərin səslərini artırmaq üçün emosional çıxışlarına şaahidlik etdiyi məlum olur. Lakin Ədalət və İnkişaf Partiyası (AKP) və “camaat” deyə bilinən dini qrup arasında 2011-ci ildən yaranan gərginliyin ötən ilin sonlarında “dərsanə məsələsi” konteksində alovlanmağa başlanması meydanlarda daha sərt və ittiham dolu çıxışların səslənməsinə səbəb oldu. 17 və 25 dekabrda hökumətin iddia etdiyi kimi “camaat”ın Daxili İşlər Nazirliyində və məhkəmə sistemində yerləşdirdiyi kadrları vasitəsilə dörd nazirə və bir neçə iş adamına qarşı rüşvət əməliyyatına başlaması, ardından bu iddiaları dəstəkləyən və baş nazir də daxil olmaqla dövlət rəsmilərinin rüşvətdə adlarının hallanmasına səbəb olan lent yazılarının internetə sızması tərəflər arasında gərginliyi son həddə çatdırdı.

Hazırkı siyasi şərait etibarilə bələdiyyə seçkilərində əldə olunacaq nəticənin qarşıdakı prezident və parlament seçkilərində həlledici təsir göstərəcəyi aşkardı. Ərdoğanın dediyi kimi, “Türkiyənin özəti” olan İstanbul mitinqinə bələdiyyə seçkilərində bu qədər ciddi yanaşması məğlub olmaq qorxusunun ilk dəfə bu qədər yaxın olmasıdır. Yaranan vəziyyətdən yararlanaraq iqtidar olmağın ilkin addımı olan bələdiyyə seçkilərində sandıqdan birinci çıxmaq istəyən ana müxalifət “camaat”ın da dəstəyini arxasına alaraq hakim partiyanı devirməyin hesablarını aparmaqla məşğuldur. Lakin dini qrupla əməkdaşlığa baxmayaraq, keçmiş fəaliyyətlərindən ötrü cəmiyyətdə dindarlar arasında etibar qazana bilməməsi CHP-nin sandıqdan birinci çıxması üçün əsas əngəl olacaq, çünki əhalinin 98 faizinin müsəlman olduğu və dindarlığın son on iki ildir ki, aktuallaşdığı bir cəmiyyətdə CHP-nin iqtidar olması sual altındadır. Eyni zamanda, dini qrupun mümkün iqtidar dəyişikliyi nəticəsində keçmişdə məruz qaldıqları haqsızların təkrarlanmayacağına qarşı olan inamsızlığı və Ərdoğanın da bunu peşəkar şəkildə istifadə etməsi müxalifətin əlini zəiflədən digər bir səbəbdir.

Türkiyədə respublika qurulandan bu günə kimi bütün iqtidarlar bu və ya digər şəkildə rüşvət qalmaqalını yaşamışdır, lakin Ədalət və İnkişaf Partiyasının rüşvət qalmaqalı ilə sarsılmasının əsas səbəbi ilk dəfə bir iqtidarın “camaat”a qarşı açıq şəkildə cəbhə almasıdır. İqtidarda olduğu on iki il ərzində keçirilən bütün seçkilərdə sandıqdan birinci çıxmasına böyük dəstək verən “camaat”ı qarşısına alması, şübhəsiz, Ərdoğanın güc itirməsinə səbəb oldu. Belə olan təqdirdə, AKP yaranmış bu boşluğu kürdlərin çoxluq təşkil etdiyi ərazilərdən alacağı səslə kompensasiya etməyi planlaşdırır.

Digər iki millətçi partiya - MHP və BDP isə siyasətləri millətçiliklə məhdudlaşdığı üçün müəyyən ərazilərdə üstünlüyə sahibdirlər. Bu kontekstdə digər bir vacib məqam Ədalət və İnkişaf Partiyasının din siyasəti ilə xüsusən kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə elektoratının sayını artıra bilməsidir.

Şübhəsiz, 30 martda keçiriləcək bələdiyyə seçkiləri Ərdoğanın qələbəsi ilə nəticələnəcək. Lakin Gezi parkından başlayan qütbləşmənin aradan qalxması üçün AKP-nin daxilində ciddi islahatlar həyata keçirilməsi zəruridir. Ədalət və İnkişaf Partiyasının iqtidar olaraq qalması hazırki vəziyyəti nəzərə aldıqda praqmatik bir qərardır ancaq Ərdoğanın Çankayaya çıxmaqda iddiasını davam etdirməsi dövlətin yeni formalaşmaqda olan demokratik dəyərlərinə zərbə vurmaqla bərabər, xarici investisiyadan asılı olan Türkiyə iqtisadiyyatını 90-cı illərdə olduğu kimi inflyasiya ilə sarsmasa da, onun ilk 10 güclü iqtisadiyyat olmaq yolunda strateji hədəfinə zərbə vuracağı aşkardır.

Ədalət və İnkişaf Partiyası iqtidarda olduğu on iki il ərzində bir çox nailiyyətlərə imza atdı. Xüsusilə də iqtisadiyyatda tərəqqi istiqrarının əldə olunması, hərbi çevrilişlərin qarşısının alınması və bir partiyanın koalisiya olmadan uzun müddət iqtidar olması diqqət çəkən faktlar sırasında qeyd edilməlidir. Lakin Ərdoğanın prezidentlik iddiasına qarşı bu səviyyədə qütbləşmənin olduğu bir şəraitdə Ədalət və İnkişaf Partiyasının liderlərini dəstəkləməyə davam etməsi Türkiyənin 2023 hədəflərindən uzaqlaşmasına gətirib çıxara bilər.

Görünən odur ki, Ərdoğan Çankaya köşkünə çıxmaq niyyətindən imtina etmək niyyətində deyil və bu, AKP-nin iqtidar olaraq gələcəyini də ciddi təhdid altında qoyacaq.

Orxan Vəli

Politoloq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm