“Ərbakan qurbanlıq qoyun, Məsud Yılmaz qəssab...” - Tarix
Bizi izləyin

Dünya

“Ərbakan qurbanlıq qoyun, Məsud Yılmaz qəssab...” - Tarix

“17 Dekabr və 25 Dekabr çevriliş planları çökdürülən Gülən qrupu indi demokratiya oyunu oynayır. Halbuki Gülən “28 Fevral” çevrilişinin bir nömrəli dəstəkçisi idi”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözlər Türkiyənin “Sabah” qəzetinin xəbər mərkəzinin hazırladığı yazıda yer alıb.

“28 Fevraldan betər” sayıqlaması

Yazıda 17 Dekabr çevriliş cəhdi uğursuzluqla nəticələnən Fəthullah Gülən təşkilatının indi də özünü zərər çəkən kimi göstərdiyi qeyd olunub. “Siyasəti etibardan salaraq hökuməti devirmə əməliyyatı zamanı cinayət başında tutulan Gülən təşkilatına bağlı media qurumları “28 Fevraldan betər” sayıqlamasına sarıldılar. 17-25 Dekabr əməliyyatlarında cinayət başında tutulan Fəthullah Gülən təşkilatı məhkəmə və polis daxilindəki adamları vasitəsilə baş nazir Rəcəb Təyyib Ərdoğan və yaxın ətrafına - son 10 ildə Türkiyənin yenidən qurulmasında rol alan hər kəsə qarşı qaralama kampaniyasına başladı. Türkiyədə təmin edilən sabitlik üzündən mövqelərini itirən beynəlxalq və yerli qruplarla çirkli bir ittifaq quran Gülən təşkilatı cinayət başında saxlanıldığı üçün ictimaiyyət, hətta camaat arasında da etibarını xeyli itirdi”- xəbər mərkəzinin təhlilində deyilir.

“Əsgər daha demokrat”

Türkiyənin inkişafını dayandırmaq üçün əməkdaşlıq etdiyi xarici güclərin təlimatı ilə 17 Dekabr tarixində hökuməti etibardan salmaq üçün çirkli bir əməliyyata başlayan Fəthullah Gülən təşkilatının istəyinə nail olmadığı üçün “hərbi çevrilişdən zərər çəkən” ədəbiyyata sığındığı bildirilir:

“17 Dekabrda saxlanılanların ifadələrini məhkəməyə çatmadan belə istintaqın gizliliyini heçə sayaraq yayımlayan “Zaman” qəzeti Fəthullah Gülənin bir təşkilat lideri kimi Pensilvaniyadan iş adamlarına təlimatlar verməsi və bəzi iş adamları ilə çirkli əlaqələr qurması ilə bağlı səs qeydləri ortaya çıxanda “Telequlaq skandalı” deməkdən çəkinmədi. Qəzet dünən də “28 Fevraldan betər” başlığı ilə “Sabah”a palçıq atmağa cəhd etdi. 28 Fevral dövründə mühafizəkar təbəqənin məruz qaldığı təzyiqlərlə müqayisə etdi, dindarların yox edilməyə çalışıldığını yazmaqdan çəkinmədi. Halbuki həmin qəzet, ordunun daxilindəki xuntaçıalrın dövrün baş naziri Nəcməddin Ərbəkan “Get postunu burax” deyən xorda yer almışdı.

Cinayət təşkilatının lideri Fəthullah Gülən 28 Fevralda hərbi və media xuntasının yaratdığı xaos mühitində “fətva” kimi qiymətləndirilən şərhlər edərək “Rifah-Yol” hökumətinə yönəlik çevrilişə dəstək vermişdi. Təşkilatın media orqanı “Zaman” “Rifah-Yol” hökumətinin devrilməsindən sonra - 1 İyul 1997-ci il tarixində, Məsud Yılmazın rəhbərliyi ilə 55-ci hökumətin qurulması xəbərini “Xeyirli olsun" başlığı ilə vermişdi. 29 Mart tarixində də camaatın televiziyası “Samanyolu TV”yə qonaq olan Fəthullah Gülən “Əsgər daha demokrat” sözləri ilə çevrilişin tərəfdarı olduğunu göstərmişdi. 18 Aprel 1997-ci il tarixində bir çox qəzetlər Fəthullah Gülənin “Bacarmadınız, buraxın” çağırışını yazı başlığı etmişdilər. Fəthullah Gülən 16 Aprel 1997-ci il tarixində qonaq olduğu bir televiziya proqramında hərbçilərlə bağlı “Səhv etsələr belə, bir savab qazanırlar” söyləmişdi”.

Çevilişə dəstək başlıqları

1 iyul 1997-ci il: Bu gün “28 Fevraldan betər” deyərək özlərini çevrilişdən zərər çəkənlər kimi aparan “Zaman” qəzeti “28 Fevral” çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılan hökumətin yerinə qurulan hökuməti “Xeyirli olsun” başlığı ilə salamlamışdı. Bir baş xəbərin başlığı isə “Hədəf dinclik və uzlaşma” idi.

“Hurriyet” “Bacarmadınız, artıq buraxın” buraxın başlıqlı bir yazı vermişdi. Xəbərdə deyilirdi: "Fəthullahçıların lideri Fəthullah Gülən dünən “Kanal D”də verdiyi maraqlı şərhlərdə keçmişdən nümunələr gətirərək “Rifah-Yol”a əmanəti qaytarıb çəkilmə çağırışı etdi”.

“Milliyet” “Gülən də xəbərdar etdi” başlıqlı yazıda belə yazır: “Fəthullah hicadan “Rifah-Yol” şok çıxış: Bacarmadınız, dərhal seçkiyə gedin”. Bu xəbərin yanında yanında verilən bir karikaturada Ərbakan qurbanlıq qoyun, Məsud Yılmaz qəssab, Ecevit və Baykal isə ət gözləyən kasıblar kimi verilmişdi. Bıçağı Yılmaza verən Tansu Çillər “Bu bıçağı sənə verərdim, amma məqsədin məni qurban etməkdir” deyir.

P.S. Xatırladaq ki, bu yazıda yel alan fikir və faktlar "Sabah" qəzetindən götürülüb və bizim redaksiyanın mövqeyini əks etdirmir. Biz eyni zamanda əks tərəfin mövqeyini şərh edən yazılar da verir və beləliklə, qonşu ölkədə baş verənləri oxuculara obyektiv və tərəfsiz çatdırmağa çalışırıq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm