Türkiyədə “zəlzələ” – Ərdoğan Davudoğlunu kürəkəni ilə əvəz edir
Bizi izləyin

Dünya

Türkiyədə “zəlzələ” – Ərdoğan Davudoğlunu kürəkəni ilə əvəz edir

Xəbər verildiyi kimi, dünən Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğan arasında Beştepedə, Prezident Sarayında saat yarım davam edən görüşdən gözlənilməz bir qərar çıxıb: Ədalət və İnkişaf Partiyası növbədənkənar qurultaya gedərək yeni sədr seçir.

Məlumata görə, Əhməd Davudoğlu bu gün saat 11.00-də baş tutacaq toplantıda qurultay qərarını açıqlayacaq. Qurultayın Ramazan ayından əvvəl keçirilməsi gözlənilir. Hakimiyyət dairələrinə yaxınlığı ilə tanınan “Hürriyet” yazarı Abdülkadir Selvi baş nazirin qurultayda namizəd olmayacağını bildirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kulislərdə Davudoğlunu əvəz edəcək 5 AKP-linin adı çəkilir.

Bunlar Bəkir Bozdağ, Berat Albayrak, Binalı Yıldırım, Mehmet Müezzinoğlu və Numan Kurtulmuşdur.

Qeyd edək ki, iki gün əvvəl Türkiyənin T24 saytı baş nazir postuna ən ideal namizəd kimi təbii ehtiyatlar və energetika naziri, Ərdoğanın kürəkəni olan Berat Albayrakın adını çəkib. Saytın yazdığına görə, digər potensial namizəd hazırkı rabitə naziri Binali Yıldırımdır.

Partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə prezident seçiləndən sonra Əhməd Davudoğlu AKP liderliyinə gətirilib. Əhməd Davudoğlu AKP-nin 27 avqust 2014-cü ildə keçirilən fövqəladə qurultayında partiyanın sədri seçilib.

2015-ci ilin iyununda istefa verən Əhməd Davudoğlu noyabr ayında yenidən baş nazir postunda işini davam etdirib.

“Milliyyət” qəzetinin yazarı Serpil Çevikcan isə Ərdoğan və Davudoğlu arasındakı dünənki görüşün bəzi detallarını yazıb. Onun sözlərinə görə, Ərdoğanın Davudoğlu ilə görüşündə söylədiyi son sözlər “Doğru olanı edin, qurultayı toplayın, təhvil verin” olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm