İtaliyada vətəndaş müharibəsinə hazırlıq başladı - Foto
Bizi izləyin

Dünya

İtaliyada vətəndaş müharibəsinə hazırlıq başladı - Foto

İtaliyadan ayrılmaq istəyən bölgələrdə hərbi münaqişə hazırlığı - Foto

İtaliyada Veneto bölgəsinin müstəqilliyi məsələsi bu günlərdə ölkənin əsas gündəm mövzusuna çevrilib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bölgənin mustəqilliyi üçün silahlı qiyam hazırladığı iddia olunan 24 nəfər tutulub. Bundan başqa qrupun hazırladığı “tank”ın da ələ keçirildiyi bildirilir.

Müstəqillik tərəfdarı olan partiyalar rəsmi Romanı “Müstəqillik mübarizəsinin qarşısında dayana bilməzsiniz” deyərək xəbərdar edib. İtaliya baş naziri Matteo Renzi isə məhkəmənin işinə qarışa bilməyəcəklərini söyləyib.

Xatırladaq ki, 7-ci əsrin sonunda qurulan Venesiya Respublikası 1100 il ərzində müstəqil olduqdan sonra 1797-ci ildə Napoleon tərəfindən fəth edilərək müstəqilliyini itirmiş, 1866-cı ildə da İtaliya Krallığına birləşdirilmişdi. Ötən ay isə Veneto bölgəsində qeyri-rəsmi bir referendum təşkil edilib. Qırx ildən çoxdur ki, müstəqillik ideologiyasının üstünlük təşkil etdiyi 5 milyon əhalisinin olduğu bölgə vətəndaşlarına “Venetonun müstəqil və suveren bir federal respublika olmasını istəyirsinizmi?” sualı verilmişdi. İnternet vasitəsilə aparılan səsvermədən 89 faiz “bəli” çıxmışdı.

Keçmiş şəhər dövlətlərinin birləşməsindən ibarət olan İtaliyada hələ də bir çox bölgədə separatçı siyasətlər dəstək alır. Xüsusilə ölkənin şimalındakı zəngin bölgələrdə cənubdakı kasıb bölgələrin yükünü daşıdıqları haqda rəy geniş yayılıb. Mərkəzi Roma hökumətinin bölgələrdən gələn gəlirləri istifadə etmə şəkli də buna təsir edir. Qeyd edək ki, bundan əvvəl Şimali İtaliyanın da İtaliyadan ayrılması üçün referenduma gedəcəyi haqda məlumat verilmişdi.

Ölkənin ən zəngin bölgələrindən biri olan Venetoda adam başına düşən milli gəlir təxminən 30 min avrodur. Başlıca gəlir qaynaqları turizm, sənaye və ticarət olan bölgəyə ildə 60 milyondan çox turist gəlir.

Venetoda keçirilən referendumda “bəli” deyilməsi üçün kampaniya aparan "Veneto si" (Veneto-bəli) komitəsi müstəqilliyin alternativinin “bölgənin ölümü” olduğunu iddia edir. "Bəli"çilər “Mədəni dünyaya aid ölkələr siyahısından getdikcə uzaqlaşan bir ölkəyə bağlı qalmaq artıq qeyri-mümkündür" deyir.

Saxlanılan 24 nəfər arasında iş adamı və keçmiş millət vəkili, Veneto Respublika Partiyasının qurucusu Franko Rokkettanın da olduğu bildirilir. İddiaya görə, saxlanılan şəxslər hər il milyonlarla turistin baş çəkdiyi Venesiyanın San Marko Meydanında özlərin hazırladığı bir tank ilə silahlı aksiya keçirməyi planlaşdırırdı. Səs gətirəcək silahlı aksiyalar arasında Cənubi Tirol bölgəsində bomba partlayışının da olduğu bildirilir.

Müstəqillik tərəfdarları 1997-ci ildə də müstəqilliyinin itirilməsinin 200-cü ildönümündə San Marko Meydanına Venesiya Respublikasının bayrağını sancmış, 2006-cı ildə isə tanka bənzər bir texnika ilə həmin meydanda güc nümayişi etmişdi.

Əməliyyatı həyata keçirən polis müfəttişləri saxlanılan şəxslərin iqtisadi böhranın hər keçən daha da dərinləşdiyini fürsət bilərək ölkənin ən zəngin bölgələrinin olduğu və müstəqillik istəyən digər şimal bölgələrində də silahlı qiyama liderlik etməyi planlaşdırdığını açıqlayıb.

Müstəqillik tərəfdarı olan Şimal Birliyi Partiyasının rəhbəri Matteo Salvini “Mafiya üzvlərini azadlığa buraxan dövlət azad fikir söyləyənləri həbs edir” deyib. Partiyanın qurucusu Umberto Bossi də müstəqillik hərəkatını dayandırmaq istəyən dövlətin müvəffəqiyyətsiz olacağını bildirib.

Baş nazir Matteo Renzi isə məhkəməyə etibarının sonsuz olduğunu ifadə edərək “Bir hökumət davam etməkdə olan heç bir istintaq haqqında şərh verə bilməz. Məhkəmə işini görür” söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm