Rusiya rəsmisindən erməni təxribatına cavab
Bizi izləyin

Dünya

Rusiya rəsmisindən erməni təxribatına cavab

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə erməni jurnalistin təxribatçı sualına düzəliş edib.

APA-nın məlumatına görə, erməni jurnalistin "Dağlıq Qarabağ Respublikası” ilə Azərbaycan arasındakı münaqişənin həlli yolunu necə görürsünüz?" sualına M. Zaxarova belə cavab verib:

"Sizin sualınıza düzəliş etmək istərdim. Bu, Dağlıq Qarabağ münaqişəsidir. Biz istisnasız olaraq münaqişənin sülh və diplomatik yolla, beynəlxalq hüquq normaları əsasında həllini görürük. Ümid edirik ki, bu belə də olacaq. Münaqişənin hərbi yolla həll yolu mövcud deyil. Biz münaqişənin hərbi yolla həllinə cəhd görürük, lakin bu yolun sonu yoxdur".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm