“İskəndər”, “Kalibr”, qanadlıq raketlər... – Rusiya müharibəyə hazırlaşır
Bizi izləyin

Dünya

“İskəndər”, “Kalibr”, qanadlıq raketlər... – Rusiya müharibəyə hazırlaşır

NATO-nun Rumıniyanın cənubunda raket əleyhinə müdafiə sistemini işə salması Moskva tərəfindən sərt reaksiya ilə qarşılanıb. Publika.az xəbər verir ki, Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri, admiral Vladimir Komoyedov raket əleyhinə müdafiə təsisini Rusiya üçün birbaşa təhlükə adlandırıb.

Ancaq təsisin açılışında ABŞ müdafiə nazirinin müavini Robet Uork sistemin Rusiyadan gələn potensial təhlükələrlə əlaqəsinin olduğunu rədd edib və sistemin Yaxın Şərqdən, o cümlədən İrandan gələn orta və uzunmənzilli balistik raketlərə qarşı müdafiəni nəzərdə tutduğunu deyib.

Vaşinqtondan gələn bu kimi bəyanatlara baxmayaraq, Rusiya cavab addımlarını düşünür. Dünən Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerov deyib ki, Rusiya Strateji hücum silahlarının ixtisarı (SNV) üzrə müqavilədən çıxa bilər. Sözügedən müqavilə nüvə arsenalının azaldılmasını nəzərdə tutur. Senatorun fikrincə, sistemlərin genişləndirilməsi dönməz xarakter alarsa və Rusiyanın təhlükəsizliyi üçün real təhdid mövcud olarsa qəti tədbirlər görüləcək.

Qeyd edək ki, NATO Ruminıyada yerləşdirdiyi havadan müdafiə sistemlərini bu gün aktivləşdirib. Mayın 13-də isə Polşada daha bir obyektin tikintisi başlanacaq. Burada işlərin 2018-ci ildə başa çatdırılması planlaşdırılır.

Hərbi ekspertlər isə hesab edirlər ki, Rusiya sərhədlərində NATO-nun raket əleyhinə müdafiə elementlərinin yerləşdirilməsinə “İskəndər” operativ-taktik raket kompleksləri yerləşdirilməsi ilə cavab verilməlidir. Lakin, bu yeni ideya deyil. Rusiya hakimiyyəti artıq Qərbi dəfələrlə “İskəndər” raketləri ilə hədələyib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl xəbərdarlıq edib ki, ABŞ-ın raket hücumundan müdafiə sistemini inkişaf etdirməsinə Moskva strateji nüvə gücləri və zərbə sistemlərinin inkişafı ilə cavab verəcək. Kreml liderinin sözlərinə görə, sözügedən zərbə sistemləri istənilən raket əleyhinə müdafiə sistemlərinin “müdafiə qalxanı”nı yara bilər.

Daha bir cavab variant kimi Birləşmiş Ştatların sahillərinə Rusiya sualtı gəmilərinin göndərilməsi təklif edilir.

2003-2007 ildə MDB-nin Hava Hücumundan Müdafiəsinin birləşdirilmiş sisteminə rəhbərlik etmiş general-leytenant Ayteç Bijev “İnterfaks” agentliyinə söyləyib ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini öz ərazisində yerləşdirən ölkələr Rusiyaya düşmən münasibət göstərirlər və onların hərəkətləri sərt hərbi reaksiya tələb edir. Ekspert hesab edir ki, Rusiya Rumıniya və Polşanı Rusiyaya hücum vaxtı vurulacaq ilk ölkələr siyahısına daxil etməlidir.

General qeyd edib ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemləri Rusiya ordusunda olan yüksək dəqiqlikli silahların, o cümlədən “İskəndər” operativ-taktik raket komplekslərinin hədəfi olacaq. “Rusiyanın milli təhlükəsizliyini açıq təhdid edən raket əleyhinə müdafiə sistemlərini məhv etməyə qadir bir neçə operativ üsul tez var”, - Bijev əmin edib.

Hərbi ekspert, general-polkovnik Leonid İvaşov “İnterfaks”a bildirib ki, Rusiya gəmilərində yüksək dəqiqlikli silahları, xüsusi halda, qanadlı “Kalibr” raketlərini yerləşdirmək olar. Bundan başqa, onun fikrincə, Kalininqrad vilayətində aviasiya hücum zərbə vasitələri və “İskəndər-M” komplekslərini yerləşdirmək mümkündür.

Leonid İvaşov hesab edir ki, Rusiyanın daha bir addımı Belarus ilə hərbi əməkdaşlığın gücləndirilməsi ola bilərdi: “Biz əlverişli şərtlərlə Belarusa daha müasir texnikanı çatdıra və daha çox birgə təlimlər keçirə bilərik”.

Ekspert qeyd edib ki, NATO-nun Rumıniya və Polşadakı raket əleyhinə müdafiə sistemləri ABŞ-a Rusiyanın strateji nüvə güclərinin əhəmiyyətli hissəsinə nəzarət etməyə imkan verəcək. “Beləliklə, strateji sferada vəziyyət ABŞ-ın xeyrinə dəyişir”, - İvaşov deyib.

Admiral Komoyedov ABŞ-ın sahillərinə sualtı qayıqları göndərməyi təklif edir.

Qeyd edək ki, “İskəndər-M” operativ-taktik raket kompleksi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İskəndər-M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir.

“Kalibr-NK” qanadlı raketlərin kompleksinə isə dünya ictimaiyyətinin diqqəti yaxın vaxtlarda yönəlib. Rusiyanın Xəzər dənizindəki hərbi gəmiləri keçən il sözügedən qanadlı raketlərlə Suriyada terrorçuların obyektlərinə zərbələri endirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm