Putin Ərdoğanı dəyişmək üçün...
Bizi izləyin

Dünya

Putin Ərdoğanı dəyişmək üçün...

Rusiyada istehsal edilmiş raketlə Türkiyənin “Kobra” zərbə vertolyotunun kürd döyüşçüləri tərəfindən məhv edilməsi Ankara və Moskva arasındakı gərginliyi daha dərinləşdirə bilər.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın “EurasiaNet” nəşrinə açıqlamasında müstəqil hərbi analitik və Türkiyə Hərbi-Hava Qüvvələrinin keçmiş pilotu Metehan Demir bildirib.

Hadisə mayın 13-də baş verib. Türkiyə ordusu Hakkari vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 8 şəhid verib. PKK terrorçularına qarşı döyüşdə 6 əsgər şəhid olub. Əsgərlərə kömək üçün əraziyə göndərilən helikopter də qəzaya uğrayıb. Qəza nəticəsində 2 əsgər şəhid olub. Ankara əvvəlcə hadisənin səbəbinin texniki nasazlıq olduğunu açıqladı. Ancaq mayın 19-da türk hərbçiləri bildirdilər ki, vertolyotun qeyri-müəyyən mənşəli raketlə vurulması istisna edilmir. Vertolyotun Rusiya istehsalı olan SA-18 raket sistemi ilə vurulduğu təxmin edilir.

Rəsmi Ankara Rusiyanı birbaşa ittiham etməyib. “Ankara belə bir silahın PKK üzvlərinin əllərinə necə düşdüyünü araşdırır. Biz bilmirik, silah Moskva tərəfindən birbaşa çatdırılıb, yoxsa hansısa başqa yollarla alınıb. Əgər birinci versiya doğrudursa, əlbəttə vəziyyət ciddi dəyişəcək və münasibətlərin bərpasına olan istənilən ümid dəfn ediləcək”, - İstanbulda fəaliyyət göstərən beynəlxalq siyasi araşdırmalar mərkəzinin direktoru Sinan Ulgen deyib.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan may 17-də terrorçu təşkilatlara silah çatdıran ölkələri ittiham edib: “Dünya silah sənayesinə nəzarət edən dövlətlər silahı terrorçulara verirlər. Biz hamımız artıq bilirik ki, hansı ölkələr silahları hansı terror qruplarına çatdırırlar”, - Ərdoğan bildirib.

ABŞ nəşrinin yazdığına görə, prezidentin qeyri-rəsmi nəzarəti altında olan türk kütləvi informasiya vasitələrinin əksəriyyəti raketin Rusiyada istehsal edildiyini yazaraq Moskvanı birbaşa ittiham etdilər.

Amma digərləri ehtiyatlı davranmağı məsləhət görürlər. “Mən şəxsən hesab etmirəm ki, Rusiya bu cür hərəkəti edə bilərdi. Bu, onun maraqlarına zidddir. Rusiya istehsalı olan zenit-raket sistemləri bütün dünyada, xüsusilə Yaxın Şərqdə var. Silahın birbaşa olaraq Rusiya tərəfindən verilməsinə çox təəccüblənərdim”, – Ankaradakı “21st Century Turkey Institute” analitik mərkəzinin sədri, istefada olan briqada generalı Haldun Solmazturk bildirib.

PKK tərəfindən internetdə yerləşdirilən videoyazıya görə, raketi yaxşı hazırlanmış döyüşçü buraxıb. “Bu adi daşınabilən zenit-raket kompleksi deyil. SA-18 raket sistemi çox həssasdır və raketi buraxan insan yaxşı hazırlanıb. Onu kim öyrədib? Onların peşəkarlığını kim belə yüksək səviyyəyə qədər qaldırıb ki, ilk atəşdən vertolyotu vura bilir?” – Metehan Demir deyib.

Türkiyə analitiklərinin məlumatına görə, zərbə vertolyotları terrorçulara qarşı əməliyyatların əsas elementidir.

“İstənilən əməliyyat çərçivəsində hava məkanı üzərində nəzarət kritik əhəmiyyətlidir. Əgər zərbə vertolyotlarından istifadə qeyri-mümkün olarsa, bu əslində vəziyyəti dəyişdirə bilər”, - 1990-cı illərdə anti-terror əməliyyatlarında iştirak edən Solmaztürk qeyd edib.

ABŞ nəşrinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin ötən ilin noyabrında Türkiyə tərəfindən vurulan Rusiya bombardmançısına görə hesablaşmaq arzusunu gizlətmirdi. Qeyd edilir ki, Moskva hələlik cavab tədbirlərini yalnız iqtisadi sanksiyalarla məhdudlaşdırırdı.

Ankara PKK ilə 30 illik mübarizə dövründə Moskvanı vaxtaşırı terrorçulara dəstək verməkdə ittiham edib. Hazırda belə bir fikir mövcuddur ki, Rusiya prezidenti Vladimir Putin Ərdoğanın yerdəyişməsinə nail olmaq niyyətində cox ciddidir. Adının çəkilməsini istəməyən yüksək vəzifəli türk məmurunun sözlərinə görə, Ankara Moskva ilə barışmağa çalışıb, amma onun cəhdləri dəfələrlə rədd edilib. Rusiya təyyarəsinin pilotunu öldürməkdə ittiham olunan Alparslan Çelik aprel ayında həbs edildi. Türkiyənin bu addımı Rusiya ilə bağlı yaxşı niyyətin jesti kimi qiymətləndirildi. Amma keçən həftə Çelik buraxıldı. Prokurorluq bildirdi ki, onun həbsdə saxlanılması üçün əsaslar yoxdur.

Çelikin azad olunmasından sonra Moskva Türkiyə tərəvəzləri və meyvələrinin idxalını tamamilə qadağan edərək Ankaraya qarşı sanksiyalarını sərtləşdirdi.

“Amma gərginlik göründüyü kimi, iqtisadi sferanın hüdudlarını keçib”, - “EurasiaNet” qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm