Ana oğlunu Putindən istədi - GÖZ YAŞLARI
Bizi izləyin

Dünya

Ana oğlunu Putindən istədi - GÖZ YAŞLARI

ABŞ həbsxanasında cəza çəkən rusiyalı pilot Konstantin Yaroşenkonun anası oğlunun qaytarılmasına kömək etmək xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Lyubov Yaroşenko dövlət başçısından oğlunun mübadiləsi üçün tədbir görməyi xahiş edib.

O, Konstantinin sağlamlığının təhlükə altında olduğunu bildirib.

Rusiya pilotunun özü də bildirib ki, həbsxana həkimi ona təkrar əməliyyatına ehtiyac olduğunu deyib. Amma pilot öz həyatı üçün ehtiyat edir: “Mən yenidən bıçaq altına uzanmağa qorxuram. Onların hədəfi məni məhv etməkdir. Birinci əməliyyatdan sonra mən möcüzə sayəsində sağ qaldım”, - o, qeyd edib.

Yaroşenko yanvar ayında cərrahiyyə əməliyyatı keçirib. Pilotun vəkili Aleksey Tarasovun sözlərinə görə, o, bərpa prosesi keçmək və lazımı dərmanları almaq imkanından məhrum edilib.

Xatırladaq ki, mart ayında Rusiyada həbsdə olan Ukrayna pilotu Nadejda Savçenkonun ABŞ-da həbsdə saxlanılan silah alverçisi Viktor But və Konstantin Yaroşenko ilə dəyişdirilməsi üzrə danışıqların aparıldığı barədə məlumat yayılmışdı. Lakin Rusiya tərəfi bu informasiyanı təkzib edib. Nadejda Savçenkonun iki gün əvvəl azad edilməsi də bu versiyanı aradan qaldırır.

Qeyd edək ki, Konstantin Yaroşenko narkotik qaçaqmalçılığında ittiham olunaraq 7 sentyabr 2011-ci ildə Amerika məhkəməsi 20 il həbs cəzasına məhkum edilib. O, 28 may 2010-cu ildə Liberiyada həbs edilərək ABŞ-a verilib. Yaroşenko ümumi dəyəri 100 milyon ABŞ dolları olan dörd ton Kolumbiya kokaininin ABŞ-a keçirilməsini təşkil etməkdə ittiham edilib.

"Silah baronu" adlı filmin baş qəhrəmanının prototipi olan Viktor But ABŞ-ın terrorçu kimi tanıdığı "FARC" ("Kolumbiya İnqilabi Silahlı Qüvvələri") solçu radikal qruplaşmasına silah satdığına görə ABŞ-da həbs edilərək 25 il müddətinə azadlıqdan məhrum edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm