AKP-nin qələbəsinin pərdəarxası - Təhlil
Bizi izləyin

Dünya

AKP-nin qələbəsinin pərdəarxası - Təhlil

AKP-nin qələbəsinin pərdəarxası

İqtidara qarşı Gezi hadisələri ilə başlayan və “camaat” - AKP rəqabətinə çevrilən gərginlik bələdiyyə seçkiləri öncəsi təbliğat-təşviqat mərhələsinin gözləniləndən gərgin keçməsinə səbəb oldu. Lakin proqnoz verdiyimiz kimi, AKP seçkidən birinci çıxmağı bacarmaqla bərabər, 2009-cu ilin cari bələdiyyə seçkiləri ilə müqayisədə səslərinin sayını artırdı. Analitiklər ana müxalifətin iqtidar yolunda ilk addım hesab olunan bələdiyyə seçkilərində qalib gəlməyi üçün yaranmış münbit şəraiti dəyərləndirə bilmədiyini, sinifdə qaldığını iddia edirlər. Əslində, məsələyə kompleks olaraq nəzər yetirdikdə bu yanaşmanın kökündən yanlış olduğu aydın olur. Əvvəla, AKP-nin qələbəsinin sirri cəmiyyəti düzgün oxumağı bacarmasında gizlidir. Ədalət və İnkişaf Partiyası ortaq dini dəyərləri istifadə edərək, eyni zamanda, əldə etdiyi iqtisadi nailiyyətləri xalqa müvəffəqiyyətlə “sataraq” əsas elektoratı formalaşdıran mühafizəkar qrupun rəğbətini qazanmağa nail olub. CHP təşviqat kampaniyasında iqtidarla əlaqələri pozulan “camaat”ın təsiriylə ona tərəf olmuş bir miqdar mühafizəkar insanı görüb “hicab”ı iqtidarın əlindən aldığını iddia edirdi. Lakin unudulan bir məsələ var idi: iqtidar mənsublarının özləri bu və digər formada 28 Fevral postmodern hərbi çevrilişində birbaşa dini mənsubiyyətlərindən ötrü təzyiqlərə məruz qalmışdılar və haqlı olaraq əziyyət çəkdiklərini, yeni Türkiyə qurmaq istədiklərini, bunun üçün xalqın köməyinə ehtiyac olduğunu açıq şəkildə bəyan edirlər. Bunun əksinə olaraq, yaşayış tərzi etibarilə İslam dininə uzaq olan ana müxalifət rəhbərlərinin mühafizəkar intellektual səviyyəsi xeyli inkişaf etmiş mühafizəkar qrupu iqtidar qədər uğurlu şəkildə aldatmağı mümkün görünmürdü.

AKP cəmiyyətin nəbzini tutmağı bacardı

Qələbədə baş nazir Ərdoğanın payı olmaqla bərabər, eyni zamanda, xüsusilə hazırladıqları reklam çarxları ilə xalqın nəbzini tutmağı bacaran seçki kampaniyası komandasının da əvəzsiz rolu olmuşdur ki, bu insanlar anadolu insanı olmaqla bərabər dünyanın müxtəlif ali məktəblərində təhsil almış, bir neçə dildə sərbəst danışa bilən, yəni dünyanın nəbzini tutmaqla yanaşı, elektoratın istəyini də düzgün müəyyən etməyi bacardı. Burada AKP-nin iqtidara gəldiyi gündən işlədiyi sorğu şirkətlərini də xatırlamaq lazımdır. Gezi hadislərindən dərhal sonra xüsusilə CHP-nin qalası hesab edilən İzmirdə ard-arda sosioloji sorğular təşkil edərək xalqın nədən narazı olduğunu müəyyən etdilər və nəticə etibarilə qalib gəldilər.

Seçki xəritəsinin ifadə etdiyi həqiqətlər

Seçki nəticəsini göstərən onlayn xəritəyə nəzər saldıqda AKP-nin başqa bir uğuru daha ortaya çıxır. Sahil partiyası olan CHP bu seçimlərdə də Eskişəhər istisna olmaqla, dənizə çıxışı olmayan heç bir şəhərdə sandıqdan birinci çıxmadı, əksinə AKP sahil bölgələrində də CHP-yə rəqib oldu. Məsələn, Ədalət və İnkişaf Partiyası Antalyada da qalib oldu. MHP və BDP isə türk və kürd milliyətçiliyinə söykənərək anadolunun analoji bölgələrində üstünlüyünü qorudu. Lakin uğurlu strateji addımlarla, əsasən ortaq dini dəyərləri istifadə edərək həm türk, həm də kürd vətəndaşlarının böyük əksəriyyətinin rəğbətini qazanan AKP seçim xəritəsindən göründüyü kimi, hər bölgədə var. Aydın olur ki, hazırda AKP iqtidarı dövlətin bekası (suverenliyi) üçün ən optimal variantdır.

AKP-ni məğlub etməyin mümkünsüzlüyü

Seçkilərin nəticəsi dəqiqləşdikdən sonra müxalifətin baş sındırdığı məsələ AKP-ni məğlub etməyin mümkün variantlarıdır. Lakin xalqın bu qədər etibarını qazanmış bir iqtidarı hakimiyyətdən uzaqlaşdırmağın dörd yolu var:

  1. Yeni bir sağ mərkəzçi, mühafizəkar partiyanın yaradılması (bu ancaq iqtidarın parçalanması nəticəsində yarana bilər);
  2. Müxalifətin iqtidara qarşı ittifaq halında birləşməsi ( bu problemi öncədən görüb strateji addım ataraq kürd məsələsinin həllini gündəmə gətirən və atəşkəsi təmin edərək kürdlərin səslərini və rəğbətini qazanan iqtidara qarşı bu ittifaq o qədər də təsirli olmayacaq);
  3. Ərdoğanın bələdiyyə seçkilərinin nəticələrinə aldanaraq prezident seçkilərində namizədliyini irəli sürməsi, yaxud da üç il prinsipini aradan qaldırmaqları
  4. Yaranmış qütbləşməyə baxmayaraq xalqı AKP-yə səs verməyə vadar edən iqtisadi istiqrarın pozulması

AKP-nin məğlub olması Türkiyə üçün son deyil, bu bir gün baş verəcək mümkün nəticədir, əsas olan yaratdığı sistemin davamlılığını qorumaq üçün iqtidarın rasional mövqe nümayiş etdirib-etdirə bilməyəcəyindədir.

Məğlubiyyətin izləri görünür

Ötən bələdiyyə (2009) seçkiləri ilə müqayisədə səslərin faizini artıran iqtidar sıralarında eyforiya əlamətləri artıq görülməkdədir. Ancaq unutmaq olmaz ki, Gezi hadisələrindən öncə təşkil olunmuş anket sorğularına əsasən, iqtidarın səsləri 50-55 faiz arasında idi. Bu isə 2011 seçkilərində 50 faiz səs toplamış iqtidar üçün ağır itkidir. Əgər bələdiyyə seçkiləri əvəzinə parlament seçkiləri olsa idi, bu iqtidarın parlamentdə 35-40 masanı, beləliklə də, böyük güc itirməsinə gətirib çıxara bilərdi. Əldə olunan qələbədən sonra Ərdoğanın ənənəvi “balkon nitqi”ndə əvvəlki çıxışlarından fərqli olaraq təzyiqi artıran qəzəbli nitqinin səbəbi də itirilən təxminən iki milyon səs idi. Çünki namizəd olmaq istədiyi prezident seçkilərində - hansı ki, bu, strateji nöqteyi nəzərdən səhv addım olardı - birinci turda qalib gəlməyinə maneə təşkil edəcək.

Çıxış yolu nədir?

Türkiyənin yaxın 40 illik tarixinə nəzər saldığımız zaman aydın olur ki, böhranlardan çıxış hər zaman yeni bir liderlə mümkün olmuşdur. AKP iqtidarı da 90-cı illərdə beş iqtisadi böhran yaşayan, milli bankın borc batağına düçar olduğu bir ölkəni Ərdoğan kimi xarizmatik bir liderlə istiqrara qovuşdura bildi ki, bu da ard-arda üç müddət iqtidar olmaq şansını bərabərində gətirdi. Eyni zamanda, iqtidarrın uğurlu iqtisadi siyasətinin bəhrəsini də vurğulamaq lazımdır. Lakin əvvəlki iqtidarlarla bənzərlik liderlərin güc əldə etdikdən sonra gücün verdiyi eyforiya səbəbindən yaratdıqları sisteminin davamlılığının təhlükə altında olmasındadır. AKP öz iqtidarı dövründə “yumşaq güc”dən səmərəli şəkildə istifadə edərək yerləşdiyi coğrafiyanın regional bir gücünə çevrilmək yolunda ciddi nailiyyətlər əldə etməklə yanaşı, həm idarəçilikdə, həm də iqtisadi model baxımından xüsusilə ərəb dövlətləri üçün örnək təşkil etməyə başladı. Lakin Ərdoğanın prezident seçkilərində namizədlik iddiasında olması AKP iqtidarına təhlükəyə yaratmaqla yanaşı, bu, yaranan sistemin gələcək yeni iqtidar tərəfindən yenidən dizayn edilməsinə, eyni zamanda, da vaxt və kapital itgisinə səbəb olacaq.

AKP-nin iqtidarda qalması hazırkı şəraitdə Türkiyənin mənafeyinə xidmət edir, ancaq Ərdoğanın prezident olmaqda iddiasını davam etdirməsi, yaxud üç müddət qaydasanı ləğv etməsi Türkiyənin daxili və xarici reputasiyasına zərər verəcək ki, etibar itirən bir dövlətin iqtisadiyyatı uzun müddət ayaqda qala bilməz. Buna görə də AKP Ərdoğan sonrası liderin kim olacağını müəyyən etməlidir ki, bu AKP-nin qurduğu sistemin davamlılığı üçün də həlledici olacaq.

Orxan VƏLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm