Krım tatarlarının lideri: “Qanımız tökülmədən bizə kömək edin”
Bizi izləyin

Dünya

Krım tatarlarının lideri: “Qanımız tökülmədən bizə kömək edin”

Krım tatarlarının lideri: “Qanımız tökülmədən biZə kğmək edin”

Krım tatarlarının lideri Mustafa Cəmilov Rusiyanın ilhaq etdiyi Krım yarımadasına BMT-nin sülhümühafizə qüvvələrinin göndərilməsini istəyib. Publika.Az xəbər verir ki, Mustafa Cəmilov bu barədə “Amerikanın Səsi”nə müsahibəsində danışıb. Həmin müsahibəni təqdim edirik.


-Biz bura BMT-nin Təhlükəsizlik Şurasının dəvəti əsasında gəlmişik. Ukraynada hadisələrdən sonra bilirsiniz çox şeylər dəyişdi, torpağımız Rusiya tərəfindən işğal edildi. Onlar bizim gələcəyimizin nə olacağını, bizim davranışımızın, məsələ ilə bağlı baxışlarımızın, istəklərimiz və gözləntilərimizin nədən ibarət olacağını bilmək istəyirlər. Bu məsələləri Təhlükəsizlik Şurasının qapalı iclasında müzakirə etdik. Fikirlərimizi söylədik. Gözləntilərimiz çoxdur, çünki məlum olduğu kimi, 1994-cü ildə Budapeşt protokolu imzalanmışdı və bu protokola görə biz Ukrayna dövləti olaraq nüvə silahlarından imtina etməli idik və böyük ölkələr, Amerika Birləşmiş Ştatları, İngiltərə və Rusiya bizim müstəqilliyimizi, ölkəmizin bütövlüyünü qorumalı idi.

- Rusiyanın Krımı ilhaq etməsindən sonra Krım tatarlarının mövqeyi nədən ibarətdir?

- Müxtəlif sosioloji araşdırmalara görə, fərqli rəqəmlər göstərilir. Məsələn, şovinist rus qruplar var, onların fikirlərinə və araşdırmalarına görə, orada yaşayan rusların əksəriyyəti Rusiya ilə birləşmə tərəfdarıdır. Etnik ukraynalılar və Krım tatarları təbii ki bunu qəbul etmirlər, öz gələcəklərini Ukrayna dövlətinin daxilində görürlər. Onlar tamamilə bu işğala qarşıdır. Amma qarşımızda böyük güc var. Ukrayna bizim haqlarımızı, öz bütövlüyünü qoruya bilmir. Biz də həm Krım tatatları, həm də Ukrayna vətəndaşları kimi öz ölkəmizə, dövlətimizə kömək etməyə çalışırıq. Bütün sağlam qüvvələr, demokratik qüvvələr, Qərb ölkələrini bu məsələnin həlli üçün səfərbər etməyə çalışırıq. Amma yalnız Qərb ölkələri deyil. Sabah Səudiyyə Ərəbistanına səfər edəcəyik, sonra isə İslam Əməkdaşlıq Təşkilatında görüşümüz olacaq. Çünki çox narahatıq. BMT-nin Baş Assambleyasında Ukraynaya dair səsvermə keçiriləndə 48 müsəlman ölkəsindən 32-i bitərəf qaldı, bir-iki ölkə isə Rusiyanı dəstəklədi. Müstəqil Dövlətlər Birliyində olan Qazaxıstan, Qırığızıstan kimi ölkələr. Buna görə məsələyə daha çox diqqət yetirilməsi üçün onun əsasında nəyin durduğunu anlatmaq üçün təşkilatın sədri ilə görüşəcəyik.

- Krım tatarlarının hazırkı durumu ilə bağlı nə deyə bilərsiniz, onları taleyi nə olacaq?

- Xalqın arasında böyük narahatlıq var. Böyük əksəriyyət Ukrayna vətəndaşlığından imtina etmək fikrində deyil. Rusiya vətəndaşlığını qəbul etmək istəkləri yoxdur. Lakin onlar elə bir vəziyyətə salınıblar ki, aprelin 18-dən sonra orada yaşayan insanların hamısı avtomatik olaraq Rusiya vətəndaşı kimi qəbul ediləcək və onlara məcburən pasportlar veriləcək. Pasport almayan, Ukrayna vətəndaşlığını saxlamaq istəyən insanlar ayrıca petisiya yaza bilərlər.

-Siz Krıma BMT-nin sülhümühafizə qüvvələrinin göndərilməsini istəmisiniz. Sizcə vəziyyətdən çıxış yolu nədir, nə etmək olar?

- Bəli, biz bunu istərdik. Amma bunun nə qədər çətin olduğunu bilirik. Bu kimi qərarlar Təhlükəsizlik Şurasında verilə bilər, amma orada Rusiyanın veto hüququ var və əlbəttə ki buna imkan verməyəcəklər. Amma məsələni Baş Assambleyaya da çıxarmaq mümkündür. Hər halda beynəlxalq ictimaiyyətin Krım yarımadasında insan haqlarının nə durumda olduğu məsələsindən xəbəri olacaq. İkinci yol da var, bu da NATO qüvvələrinin Kosovoda olduğu kimi müdaxiləsi. Amma dünya təcrübəsi onu göstərir ki, bu kimi əməliyyatlar əsas etibarilə çox qan töküldükdən sonra olur. Biz istəyirdik ki, belə əməliyyatlar bizim qanımız tökülməmişdən əvvəl baş versin. Amma aydın oldu ki, belə tədbirlər görülməyəcək.

-Müsahibəyə görə sizə təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm. Həm də Azərbaycan dövlətinin Baş Assambleyada Ukraynanı dəstəklədiyinə görə sizin ölkənizə təşəkkürümü bildirmək istəyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm