Fikrət Sadıqov: “Bunun arxasında Ukraynanın parçalanması məqsədləri dayanır”
Bizi izləyin

Dünya

Fikrət Sadıqov: “Bunun arxasında Ukraynanın parçalanması məqsədləri dayanır”

Fikrət Sadıqov: “Bunun arxasında Ukraynanın parçalanması məqsədləri dayanır”

“Hazırda demək olar ki, Ukrayna parçalanma ərəfəsindədir. Rusiyanın əsas məqsədi də odur. Çünki, bütün federallaşma bəyanatlarının arxasında sadəcə olaraq Ukraynanın parçalanması məqsədləri dayanır”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri politoloq Fikrət Sadıqov “Azadlıq” radiosuna müsahibəsində Ukraynanın şərqində baş verən son hadisələri şərh edərkən deyib.

Politoloq Rusiya Xarici İşlər Nazirliyinin Ukraynanın şərqində gücdən hər hansı istifadənin ölkəni vətəndaş müharibəsinə sürükləyə biləcəyi ilə bağlı bəyanatı şərh edib. Onun sözlərinə görə, bu bəyanatın arxasında Rusiya siyasətinin əsas addımları dayanır:

“Sadəcə olaraq birinci mərhələsində Krım yarımadasının işğalı, Rusiyaya birləşməsi idi. İkinci mərhələsində də Şərqi Ukraynanı öz təsiri altına almaq Rusiyanın hal-hazırda əsas məqsədidir. Digər fəallıq da ondan ibarətdir ki, Ukraynada baş verən bütün bu hadisələr Qərblə-Rusiya arasındakı qarşıdurmanın nəticəsidir. Aydın məsələdir ki, Rusiya üçün indi sadəcə olaraq bir bəhanə lazım idi.

Təbii ki, ruslar çox məharətlə rusdilli əhali və Ukraynada rus amilini istifadə edir. Amma mənə elə gəlir ki, Avropa da vaxtilə Yanukoviçlə, digər qüvvələrin nümayəndələri ilə Kiyevdə danışıqları aparanda, hansısa bir razılıq əldə edəndə və nəyəsə imza atanda bunları proqnozlaşdırmalı, bu ölkədə müəyyən təhlükələrin olduğunu nəzərə almalı idi.

Çünki Rusiyaya bəhanə vermək olmazdı. Hazırda demək olar ki, Ukrayna parçalanma ərəfəsindədir. Rusiyanın əsas məqsədi də odur. Çünki bütün o federallaşma bəyanatlarının arxasında sadəcə olaraq Ukraynanın parçalanması məqsədləri dayanır”.

F.Sadıqovun qeyd edir ki, Rusiya-Ukrayna arasındakı bu gərginliyin gələcəyə nə vəd edəcəyi barədə uzunmüddətli proqnoz vermək kifayət qədər çətindir.

“Reallıq ondan ibarətdir ki, görünən mənzərə Ukrayna üçün o qədər də ürəkaçan deyil. Çünki, qarşıdurma davam edəcək. Rusiya əlindən gələni edəcək ki, Şərqi Ukrayna rusdilli amili pərdəsi altında Rusiyanın nəzarəti altına keçsin. Eyni zamanda Qərb rəsmi Kiyevi vadar etməyə çalışacaq ki, Ukraynanın mərkəzi hissəsi və onun qərb vilayətləri Avropa Birliyinə daxil olsunlar.

Düşünürəm ki, Ukraynanın Avropa meylli hissəsinin müəyyən mənada taleyi həll olunur. Onlar Avropa Birliyinə daxil olacaq. Bu artıq federallaşmaya yox, sadəcə olaraq Ukraynanın parçalanmasına gətirib çıxaracaq. Bu bizim üçün o qədər də ürəkaçan deyil. Çünki, Ukrayna ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır”, - politoloq söyləyib.

Rusiyanın Ukrayna ilə gərgin münasibətləri digər MDB ölkələrinə necə təsir göstərə biləcəyinə gəlincə, F.Sadıqov artıq müəyyən ziddiyyətlər olduğunu bildirib:

“Misal üçün, BMT-nin Baş Assambleyasında Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdı. Digər MDB ölkələri isə müxtəlif mövqedən çıxış elədi. Ermənistan və Belarus Rusiyanı dəstəklədi, Qazaxıstan bitərəf qaldı, Qırğızıstan Ukraynanı dəstəkləmədi.

Təbii ki, bu MDB məkanında olan ölkələr arasında olan münasibətlərə müəyyən təsirini göstərəcək. Hər halda düşünmürəm ki, bundan sonra MDB-nin gələcəyi parlaq olsun. Sadəcə olaraq ikitərəfli formatda münasibətlər davam edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm