NATO Rusiya qarşısında niyə əlacsız qalıb?
Bizi izləyin

Dünya

NATO Rusiya qarşısında niyə əlacsız qalıb?

NATO: Rusiya qarşısında niyə əlacsız qalıb?

Qərb mətbuatı, nüfuzlu analitiklər bir-birinin ardınca Rusiyanın Ukrayna ilə bağlı həyata keçirə biləcəyi təhlükəli ssenarilərindən xəbər verir. Bütün bu ssenarilər isə Ukraynanın parçalanmasını özündə ehtiva edir.

Ukrayna Qərb ölkələrinin yer aldığı Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv deyil. Lakin Qərbin özündə bir çox siyasi dairələr NATO-nun Rusiyanın hərəkətlərinə seyrçi mövqedə qaldığını, bunun isə Moskvanı daha da şirnikləndirdiyini bildirir. Bir çoxları da hərbi alyansın dünyadakı proseslərə əvvəlki kimi reaksiya vermək iqtidarında olmadığını dilə gətirir. NATO-nu zəif edən əsas səbəblərdən biri olaraq isə hərbi xərclərin azaldılması göstərilir.

Publika.Az –ın verdiyi xəbərə görə, Böyük Britaniyanın “The Financial Times” qəzeti Rusiya militarizminin Şimali Atlantika İttifaqının hərbi xərclərini çoxillik ixtisar etməsindən sonra qəflətən artdığını qeyd edir.

Təsadüfi deyil ki, NATO-nun baş katıbi Andreas Foq Rasmussen bu ilin fevral ayında ittifaqın hərbi xərclərinin azaldılması nəticəsində dünya arenasında təsir imkanlarını itirə biləcəklərindən narahat olduğunu ifadə edib. “Bu məsələ təhlükə törədir. Ona görə ki, digər ölkələr müdafiə sahəsinə sərmayə qoyurlar və belə olan halda bizim beynəlxalq səhnədəki təsirimiz azalacaq. Yaranacaq boşluğu isə başqa ölkələr dolduracaq”, - Rasmussen dilə gətirmişdi.

Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağıran NATO-nun baş katibi hesab edir ki, indi dünyanın NATO-nun mövcudluğuna həmişəkindən daha çox ehtiyacı var. NATO baş katibinin sözlərinə görə, avropalılar alyansın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürməlidir. “NATO-ya döyüşə yararlı olmaq üçün investisiyalar lazımdır.

Avropanın dünya arenasında mühüm rol oynaması və təhlükəsizliyin qorunması üzrə beynəlxalq missiyalarda iştirak etməsi üçün əhəmiyyətli dərəcədə hərbi potensiala və müdafiə sahəsinə yatırımların edilməsinə ehtiyac var”, – Rasmussen hazırkı hərbi xərclərin kifayət etmədiyini deyib.

NATO-nun 28 üzvündən 26-sının Avropada yerləşdiyini nəzərə alsaq qitə ölkələnin ayıracağı vəsaitin hərbi alyans üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək olar. Son illər ərzində dünya üzrə ən çox hərbi xərcləri Rusiyanın artırması Qərbi narahat etməyə bilməz. Son üç il ərzində bu sahəyə rusların ayırdığı pul əvvəlki illərlə müqayisədə 44 faiz çoxalıb.

“The Financial Times” hesab edir ki, Rusiya militarizminin yeni mərhələsi NATO-nun 28 üzvü üçün bir sınağa çevrilib. Bunadan sonra nə olacağı, NATO yeni enerji və cəsarəti əldə edə biləcəyi, yoxsa daxili sarsıntılardan zəifləyəcəyi maraq doğuran məsələdir.

Geosiyasi proseslərlə bağlı isə nikbin olmayan proqnozlar kifayət qədərdir. “Mən düşünürəm ki, hər şey çox pis bitəcək, yeni soyuq müharibə başlayacaq”, - keçən ilin mayına qədər NATO-nun Avropadakı birləşmiş qüvvələrin komandanı olan Ceyms Stavridis söyləyib. O, indiki vəziyyəti Sovet İttifaqının dağılmasından sonra yaranan Balkan böhranı ilə müqayisə edir, hətta hazırda vəziyyətin daha həyəcanlı və təhlükəli olduğunu bildirir.

Siyasi analitiklər hesab edir ki, hazırda hərbi alyansın qarşısında üç əhəmiyyətli məsələ dayanır. Birincisi, Avropada hərbi xərclərin kəskin ixtisarını dayandırmaq lazımdır. İkincisi, NATO-nun aktual olduğuna ABŞ-ı inandırmaq lazımdır. Üçüncüsü, NATO-nun effektivliyi və etibarını sübut etməklə yeni üzvləri sakitləşdirmək lazımdır.

Avropa ölkələrinin hərbi büdcələrinə gəlincə, “The Financial Times” mənzərənin kədərli olduğunu qeyd edir. İtaliyada hərbi xərclər maliyyə böhranının başlandığı 2008-ci ildən 21,5, Britaniyada 9,1, Almaniyada 4,3 faiz azalıb. Yalnız Fransa hərbi xərclərin miqdarını sabit saxlaya bilib. Müvafiq dövr ərzində Rusiyada hərbi xərclər 31,2 faiz artıb.

NATO-nun tələbinə görə, üzv ölkələr ümumi daxili məhsulun 2 faizini müdafiəyə xərcləməlidir. Hazırda isə 28 dövlətdən yalnız dördü bu tələbi yerinə yetirir. Krımın Rusiyayla birləşdirilməsindən sonra yalnız Baltikyanı ölkələr öz hərbi büdcələrini artırmağa və NATO-nun tələbini yerinə yetirməyə söz veriblər. Avropanın cənubunda isə büdcə çətinlikləri səbəbindən həbri büdcənin artırılması praktik olaraq qeyri-mümkün görünür.

Bir çox müşahidəçilər hesab edir ki, ittifaqın ən yaxın məsələsi Rusiya prezidentinə dəqiq siqnalı vermək olmalıdır. Admiral Stavridis NATO-nun diqqətinin Avropada cəmlənməli olduğunu bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm