Rusiyanın “dəhliz planı” işə salınır
Bizi izləyin

Dünya

Rusiyanın “dəhliz planı” işə salınır

Rusiyanın “dəhliz planı” işə salınır

Rusiyanın Ukrayna ilə bağlı gələcək siyasətini proqnozlaşdıran analitik və media qurumları müxtəlif ssenarilər irəli sürürlər. “Slate.fr” hazırkı vəziyyətdə proseslərin üç istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırır.

Həmin ehtimallardan biri Rusiyanın Ukraynanın materik hissəsinə hərbi müdaxiləsidir. Hərbi müdaxilə isə iki məqsəd daşıya bilər.

Birincisi, Rusiya müstəqilliyini elan etmiş şərq vilayətlərinin “yardım müraciətinə” cavab olaraq rusdilli regionlara hərbi müdaxilə edə bilər. Digər bir hərbi müdaxilə ehtimalı isə Ukraynanın cənubunda xüsusi dəhlizin yaradılmasıdır. Bu dəhliz Krımı SSRİ-nin dağılmasından sonra Rusiyanın 14-cü ordusu tərəfindən işğal edilən Dnestryanı ərazi ilə birləşdirəcək.

Təsadüfi deyil ki, Krımda keçirilən referendumdan dərhal sonra Rusiya rəsmiləri Dnestraynı ərazinin Ukrayna və Moldova tərəfindən blokadaya alındığı barədə bəyanatlar səsləndirildi. Rəsmilərin bu istiqamətdə səsləndirdiyi bəyanatlar indiyə kimi Rusiya mediası tərəfindən inkişaf etdirilir. Güman edilir ki, Dnestryanı ərazidəki “rusdilli əhalinin blokadaya alınması” belə bir dəhlizin yaradılmasını gündəmə gətirə bilər.

Publika.Az – ın verdiyi xəbərə görə, “Nezavisimaya gazeta” nəşri tanınmamış respublikanın Ukrayna tankları və Moldova zirehli maşınları ilə əhatə olunduğunu yazıb.

“Prezidentin əmrinə əsasən Moldaviya ordusu daxili təhlükəsizlik təhlükəsi ilə mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib”, - rus nəşri qeyd edir.

Moldova parlamentinin deputatı, sabiq milli təhlükəsizlik naziri Artur Reşetnikov “Nezavisimaya gazeta”ya açıqlamasında Kişnyovun öz hərəkətlərini Kiyevlə sinxronlaşdırdığını bildirib. Moldova sosial-demokratların lideri Viktor Şelin isə Kişnyovun təhlükəni Rusiya və Dnestryanı ərazidən gözlədiyini deyib.

Dünən Moldova Ali Təhlükəsizlik Şurasının iclası keçirilib. Müdafiə naziri Valeri Troyenko jurnalistlərinə açıqlamasında bildirib ki, məhz ordunun qabiliyyətsizliyinə görə, Ukrayna Krım hadisələrinə tez reaksiya verə bilmədi.

V.Şelin Moldovada son zamanlar antirus əhval-ruhiyyəsi və ruslarla bağlı düşmən obrazının yaradıldığını söyləyib. “Düşmən isə Rusiya və onun qəyyumluq etdiyi Dnestryanı ərazidir”, - o deyib. Daha əvvəl rəsmi Kişinyov Dnestryanı ərazidə yerləşdirilən Rusiya hərbçilərinin Odessaya yürüş edə biləcəyini bəyan etdi.

Dnestryanı sakinlərin özləri isə Ukrayna sərhədində bu ölkənin gömrükçülərinin təzyiqlərinə məruz qaldığını bildirir. Rəsmi Moskvanın da Ukraynanın cənubu ilə bağlı planlarını həyata keçirmək üçün məhz “Dnestryanı ərazidə yaşayan rusdilli əhalinin hüquqlarının qorunması” məsələsindən yapışacağı istisna edilmir.

Məsələn, Rusiya baş nazirinin müavini, Rusiya Federasiyası prezidentinin Dnestryanı üzrə xüsusi nümayəndəsi Dmitri Roqozin qeyd edib ki, Moskva həmyerlilərə qarşı fiziki zorakılıq təhlükəsinə cavab verəcək. O, lazım olacağı halda Rusiyanın diplomatik, iqtisadi və hərbi vasitələr olmaqla təcavüzkarın qarşısının almaq üçün bütün imkanlardan istifadə ediləcəyini dilə gətirib.

Bəzi iddialara görə, Dnestryanı ərazinin sakinləri yaxın günlərdə Rusiyaya Moldova və Ukraynanın təzyiqlərindən qorunmaq üçün Moskvaya kömək üçün “müraciət” edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm