• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Çin Uzaq Şərqi necə “işğal edir? – Pekin tarixi yada salır

  • Dünya
  • 12 Aprel 2014 13:16
  • 1 578 Baxış
Çin Uzaq Şərqi necə “işğal edir? – Pekin tarixi yada salır

Ukrayna böhranının davam etdiyi bir vaxtda Rusiya - Çin işbirliyi güclənməsi və yeni bir supergücün yaranmasından danışılır. Düzdür, iki ölkə arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir. Siyasi mövzularda da mövqelər əksər hallarda üst-üstə düşür.

Məsələn, Krım işğalı ilə bağlı qətnamə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılan zaman Pekin bitərəf qaldı. Hər halda Moskvaya qarşı çıxmadı. Rusiya və Çin həmçinin Qərbin iqtisadi gücünə alternativ olmağı qarşısına məqsəd qoyan Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı üzvləridir. Sözsüz ki, iki ölkə arasındakı bu yaxınlıq ABŞ-ın daha da güclənmə ehtimalından doğan təlaşla bağlıdır.

Amma Moskva-Pekin yaxınlığı uzunmüddətli olmaya bilər. Çin iqtisadi yüksəliş dövrünü keçirir, əhalisi artır və ona yeni yararlı torpaqlar lazımdır. Bu torpaqlar isə onun şimalındakı Uzaq Şərqdədir. Çinlilər açıq şəkildə bu torpaqların bəzi hissələrinin onlara məxsus olduğunu iddia edir. Proseslərin inkişafı bu iki böyük gücün gec-tez toqquşacağını söyləməyə əsas verir.

“Rusiya imperiyası ikinci tiryək müharibəsindən sonra Böyük Britaniya və Fransa ordusu tərəfindən Çinin işğal edilməsindən istifadə edərək Çinin şimali-şərq və şimali-qərbindəki 1,5 milyon kvadrat kilometr ərazisini işğal etdi”.

Publika.Az - ın “China Online” saytına istinadən verdiyi məlumata görə, bu sözlər Çin tarixinin səkkizinci sinif dərsliyində yazılıb.

Rusiya Çin ekspansiyasından narahatdır

Pekin hesab edir ki, Rusiya imperiyası onun zəifləməsindən istifadə edərək Çini “bərabərhüquqlu olmayan” müqavilələr imzalamağa məcbur edib. Söhbət 1858-ci ildəki Ayqunsko və 1960-cı ildəki Pekin müqaviləsindən gedir. Rusiya-Çin sərhədi qəti olaraq 2008-ci ildə müəyyən olunub. Bununla belə Rusiya Çinin ərazi iddialarından narahat olmaqda davam edir.

Son onillikdə baş verənlər isə belə bir təəssürat yaradır ki, Çin Rusiyanın silah gücünə işğal etdiyi torpaqları iqtisadi gücü hesabına geri qaytarmaq üçün hazırladığı planları həyata keçirir. Təsadüfi deyil ki, son illər Rusiyanın Uzaq Şərq regionuna çinlilərin böyük ekspansiyası həyata keçirilir. Rusiya ilə bunu milli təhlükəsizliyi üçün təhdid kimi görür və liderlərinin bəyanatları, dövlətin atdığı addımlar bunun sübutudur. Son prezident seçkilərinə az qalmış, 2012-ci ilin fevralında Vladimir Putinin xarici siyasət mövzusundakı məruzəsində Uzaq Şərq regionun inkişafına xüsusi yer ayrılmışdı və regionun inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdı.

Avqustun ayının əvvəlində isə baş nazir Dmitri Medvedev təbii resurslarla zəngin Uzaq Şərq regionunda Çinin nisbətən artan təsirindən üstüörtülü şəkildə danışdı. Baş nazir qeyd etdi ki, regionu “sərhəd dövlətləri vətəndaşlarının artan ekspansiyasından” müdafiə etmək lazımdır. Medvedev həmçinin vurğuladı ki, hər cür, xarici vətəndaşların içərisindən anklavların formalaşması da daxil olmaqla neqativ təzahürlərə imkan verməmək lazımdır. Medvedyev Kremlin şübhələrini dilə gətirdi ki, Çin miqrantlarının Uzaq Şərqə möhkəm axını regionun yerli əhalisi, o cümlədən Rusiya üçün təhlükəyə çevrilə bilər.

D.Medvedev 2008-2012-ci illər prezidentliyi dövründə miqrasiya problemlərinə həsr edilmiş hökumət toplantısında bu həssas mövzunu qaldırıb. “Orada bir az insan yaşayır, təəssüf ki, sərhəd dövlətləri vətəndaşlarının artın ekspansiyasından bizim Uzaq Şərq ərazilərimizin müdafiəsinin məsələsi aktuallıq qazanıb”, - prezident söyləmişdi.

Moskva nə etməyi düşünür?

Rusiya və Çin arasında yaxşı diplomatik və ticari münasibətləri var. İki ölkə Suriyaya qarşı tətbiq edilməsi təklif olunan sanksiyalara qarşı BMT Təhlükəsizlik Şurasında güclərini birləşdirib, eyni zamanda İranla nüvə danışıqları aparan “5+1” qrupunda yaxın mövqedən çıxış edir. Yuxarıda Çinin Ukrayna məsələsində də Moskvanın yanında olduğunu qeyd etdik. Ancaq Uzaq Şərqdə Çinin artan təsiri, yollarda rus dilindəki nişanlarla yanaşı çin dilində yazılmış yol nişanlarına tez-tez rast gəlinməsi iki ölkə arasında artıq gərginliyin mənbəyi hesab olunur.

Təbii resurslara zəngin dünyanın ən böyük ölkəsi olan Rusiyanın 143 milyonluq əhalisi son illərdə azalıb. Resurslara ac olan Çin Rusiyanın qonşusudur və əhali artıq 1,3 milyarddan çoxdur. Rusiya üçün mənfi hal sayılacaq məqam isə odur ki, Çin ölkənin məhz daha az inkişaf edən Uzaq Şərq regionu ilə həmsərhəddir. Bundan isə Pekinin istifadə etməsi qaçılmaz olacaq, əgər Moskva regionun inkişafına üçün təcili tədbirlər görməsə və çinlilərin ekspansiyasına qarşı xüsusi addımlar atmasa.

Uzaq Şərqin istehlak bazarı çox da böyük deyil. Burada təxminən Rusiyanın beş faiz əhalisi yaşayır. Hətta istehsal qaydaya salınsa belə istehsal olunan məhsulun meqapolislərə çatdırılmasına çəkilən xərclər böyük olacaq. Belə ki, Moskva və Sankt-Peterburq kimi şəhərlərə məsafə bir neçə min kilometrdir. Qidalanma və elektrik məhsullarının dəyəri yüksəkdir. Sovet İttifaqında belə bir ənənə var idi ki, gəlirlilik səviyyəsinə diqqət yetirmədən bütün regionları eyni dərəcədə dəstəkləyirdi. Sovet İttifaqının dağılması ilə bu ənənə də ortadan qalxmış oldu.

Vəziyyət yalnız 2000-ci illərdə dəyişdi. Putinin gəlişi ilə siyasi vəziyyət sabitləşdirildi. Uzaq Şərq regionu 2008-ci ilə kimi 5-10 faiz iqtisadi artım sürətini əldə edirdi. Dövlət büdcəsindən Uzaq Şərqin inkişafına 2013-cü ildə 13 milyard rubl qoyulub ki, bu da 2000-ci illə müqayisədə on dəfədən çoxdur.

May ayında formalaşdırılan Medvedevin yeni hökumətinə də ilk dəfə Uzaq Şərqin inkişafı üzrə Nazirlik daxil edilib və artıq müvafiq dövlət proqramları mövcuddur. Bu proqramlardan biri çərçivəsində keçmiş sovet respublikalarından gəlmiş təxminən 400 ailə regionda yerləşdirilib.

Sadə insanlar Kreml kimi düşünmür

1991-ci ildə Sovet İttifaqının dağılması ilə regionda iqtisadi situasiya pisləşdi, müdafiə sənayesi də daxil olmaqla bir çox istehsal sahələri dayandı, yerli əhali 20 faiz azaldı. Üçüncü dəfə prezident postuna oturan Putin isə Uzaq Şərqi Rusiyanın “ən vacib geosiyasi məsələsi" elan edərək regionu inkişaf etdirməyə tələsir.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Rusiyanın Uzaq Şərqinə böyük miqdarda Çin işçisi gəldi. Bununla da “Çin təhlükəsi nəzəriyyəsi" yayıldı. 2010-cu ildə ümumi daxili məhsulun göstəricisi üzrə Çin Yaponiyanı keçdi və ABŞ-dan sonra dünyada ikinci yeri tutdu. Bu halda təəccüblü heç nə yoxdur ki, Rusiya özünü Çinin demoqrafik və iqtisadi gücü yanında narahat hiss edir. “Ru.net”də isə Çinin ünvanına tənqidlər və “Çin təhlükəsi nəzəriyyəsi”nin müzakirəsinə ara verilmir.

Çin hazırda Uzaq Şərqin iqtisadi baxımdan işğalını davam etdirir. Amma hələlik. Heç kim təminat verə bilməz ki, yaxın gələcəkdə Pekin “tarixi torpaqları” olduğunu dediyi ərazilərə açıq şəkildə iddiasını irəli sürməyəcək. Necə ki, Rusiyanın özü hazırda “tarixi” torpaqlarına iddiaları davam etdirir və bu iddiaları bütün iyrənc formalardan istifadə edərək həyata keçirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR