Düşməndən acı etiraf: “Azərbaycan öz saatını gözlədi və qazandı”
Bizi izləyin

Dünya

Düşməndən acı etiraf: “Azərbaycan öz saatını gözlədi və qazandı”

Düşməndən acı etiraf: “Azərbaycan öz saatını gözlədi və qazandı”

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və yüksək rütbəli hərbi generalitetin, o cümlədən NATO baş katibinin müavinin Azərbaycana səfəri düşmən ölkə Ermənistanda da diqqətlə izlənildi. Təbii ki, paxıllıq hissi ilə.

Ermənistanın “Lragir” qəzeti prezident Serj Sarkisyanın ötən il 3 Sentyabr tarixində Gömrük Şurası ilə bağlı qərarını şərh edən yazısını yada salıb. Erməni nəşri həmin vaxt yazırdı ki, Cənubi Qafqazda vəziyyət dəyişməlidir, ABŞ və NATO Cənubi Qafqaz regionunda öz müstəqilliyini itirən ölkə ilə (Ermənistan- Ö.D.) münasibətləri inkişaf etdirməyi faydasız hesab edərək yeni bir obrazla Azərbaycana gələcək.

“Lragir” Cənubi Qafqazda yerləşən vassal ölkə olan Ermənistanın yalnız faydasız deyil, həm də Rusiyanın hərbi bazası fonunda olduqca təhlükəli olduğunu bildirir. Qəzet yazır ki, Yerevanın 3 Sentyabr qərarından sonrakı ilk vaxtlar Avropa və ABŞ nəzakətli olmağa çalışır, rus vassal ilə körpüləri yandırmamağa çalışırdı:

“Amma Ukraynadakı Maydan hadisələri prosesləri sürətləndirdi və bu, vassal ölkələri aşkar şəkildə beynəlxalq təcrid vəziyyətinə gətirib çıxardı. NATO-nun bu yaxınlarda qəbul etdiyi qərar da rus vassall ilə hərbi ittifaqın münasibətlərini göstərir”.

“Lragir” 2013-cü ilin əvvəli və ortalarında həm də yazırdı ki, ABŞ, eləcə də NATO rəhbərliyi Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığına olduqca ehtiyatlı yanaşır:

“ABŞ və NATO birmənalı şəkildə hesab edirdi ki, müharibə dövründə qarşılıqlı yardım haqqında Türkiyə və Azərbaycan arasında olan razılaşmalar həm NATO, həm də BMT-nin nöqteyi-nəzərində qanuni xarakter daşımır. Çünki, Türkiyənin Cənubi Qafqazdakı hərbi münaqişəyə müdaxiləsi NATO-nun siyasətini təhlükə altına qoyurdu. Ekspertlər də şübhə etmir ki, müdafiə sferasında Türkiyə və Azərbaycan arasında razılılaşmalar ABŞ və NATO ilə uyğunlaşdırılıb. Bu versiya o qədər inandırıcıdır ki, heç kim onu inkar etməyə hazırlaşmır. ABŞ xeyli vaxtdır ki, regional istiqamətlərdə, həmçinin Cənubi Qafqazda Türkiyənin təmkinliyini saxlamaq siyasətinə üstünlük verirdi. Amma Rusiyanın Ukraynadakı hərəkətləri Qara dəniz-Qafqaz regionunda ABŞ və NATO-nun müttəfiqi kimi Türkiyənin rolunun canlandırılmasına ehtiyac yaratdı. Bu Türkiyə və Qərb cəmiyyəti arasında böhran xarakterli münasibətlərin nizama salınmasına gətirib çıxaracaqmı? Bunu demək çətindir. Amma görünən budur ki, Türkiyənin Azərbaycana köməyi ABŞ və Avropa üçün vacib görünür”.

“Lragir” vassal ölkələrin adının Qərbin partnyorları siyahısından silinəcəyini, Cənubi Qafqaz iki dövlətdən -Gürcüstan və Azərbaycandan ibarət olacağını yazıb.

“Hazırda Cənubi Qafqazda yeni geosiyasət ağlasığmaz xarakter kəsb etməyə başlayıb və bu ssenari artan xətt üzrə inkişaf edəcək. Bu yeni vəziyyətin əsas iştirakçısı Azərbaycan olacaq və artıq olub. Azərbaycan uzun vaxt idi ki, beynəlxalq siyasətdə üç istiqamət üzrə fürsət gözləyirdi: Birincisi, ABŞ və NATO Türkiyə-Azərbaycan hərbi ittifaqını bəyəndi, Qərb cəmiyyətinin maraqlarına əsaslanaraq bu ittifaq qanuni oldu, ikincisi, Cənubi Qafqazda rus vassalının iddialarının tanınması tamamilə məhdudlaşdırıldı, üçüncüsü, Rusiyanın Azərbaycana qarşı ekspansiyası tanınmış oldu və Qərb Azərbaycana bu ekspansiyanın dəf edilməsində kömək göstərməyə hazırdır”, - erməni nəşri sonda yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm