Moskvanın anladığı dil: Diplomatiya, yoxsa sanksiya?
Bizi izləyin

Dünya

Moskvanın anladığı dil: Diplomatiya, yoxsa sanksiya?

Moskvanın anladığı dil: Diplomatiya, yoxsa sanksiya?

ABŞ senatorları Rusiyanın “Qazprom” şirkətinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NBC kanalının efirində respublikaçı senator Bob Korker Rusiya ordusunun Ukrayna sərhədindən geri çəkilməyəcəyi halda ABŞ-ın sərt addımlar atmalı olduğunu deyib.

Demokrat senator Kris Merfi də həmkarını dəstəkləyib. Daha əvvəl isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer prezident Barak Obamanın Rusiyanın bank, energetika və mədənçıxarma sahələrinə qarşı sanksiyaların tətbiqi imkanlarına baxdığını deyib.

Qərb Ukrayna böhranı ilə bağlı Cenevrədə keçirilən dördtərəfli danışıqların nəticəsinin əhəmiyyətli olduğunu bildirsə də, ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı əlavə sanksiyaları tətbiq etməyə hazırdır. Qərb Ukraynanın cənub-şərqində vəziyyətin dəyişməyəcəyi halda Moskvanı daha güclü şəkildə cəzalandırmaqdan imtina etməyəcəyini büruzə verir. Cenevrə razılaşmasından bir gün sonra Ağ Ev xəbərdarlıq etdi ki, Rusiya sənəd üzrə götürdüyü öhdəliklərə əməl etməsə və Ukraynanın cənubi-şərqinə qoşun göndərmək barədə qərar qəbul edərsə, onu yeni sanksiyalar gözləyir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Süzan Rays qeyd edib ki, Vaşinqton “yaxın günlərdə” Rusiyanın üzərinə düşən öhdəlikləri yerinə-yetirmədiyini diqqətlə izləyəcək. Rusiyanın əsas öhdəliyi isə Ukraynanın şərqindəki rusmeylli qrupları təslim olmağa inandırmaqdır. Prezident B.Obama isə bildirib ki, Rusiyaya qarşı sanksiyalar barəsində Almaniyan kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Devid Kameron ilə məsləhətləşmələr aparıb.

“Bloomberg” agentliyinin məlumatına görə, Ağ Ev artıq bir sıra Amerika investisiya şirkətlərinin nümayəndələrinə sanksiyaların genişlənəcəyi barədə xəbərdar edib. Dövlət Administrasiyanın adı çəkilməyən bir nümayəndəsinin sözlərinə görə, sanksiyalar ilk növbədə Rusiya prezidenti Vladimir Putin və yaxın ətrafının nəzarət etdiyi şirkətlərə qarşı planlaşdırılır. O, əlavə edib ki, sahə üzrə sanksiyalar da mümkün variantlardan biridir.

“Ən güclü silah sanksiyalar ola bilər. Söhbət İrana qarşı tətbiq olunan sanksiyaların oxşarından gedir. Yəni, biz faktiki olaraq Rusiyanı beynəlxalq maliyyə bazarlarından çıxara bilərik”,- Vaşinqton İnstitutunun direktor müavini, Rusiya məsələləri üzrə ekspert Uilyam Pomerans hesab edir. Ekspertin fikrincə, ruslar da bundan qorxurlar və sanksiyalardan qaçmaq istəyərdilər.

Avropa İttifaqının büdcə məsələləri üzrə ali komissarı Yanuş Levandovski bildirib ki, qurum Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketini hazırlayıb. Lakin o, ətraflı danışmaq səlahiyyətinə malik olmadığını deyib.

Almaniyanın müdafiə naziri Ursula Layen alman hökumətinin Rusiyaya qarşı yeni sanksiyaları hazırladığını təsdiq edib. “Focus” jurnalına müsahibə verən nazir sanksiyaların iqtisadi mərhələsinin bütövlükdə dünya iqtisadiyyatını geri tullayacağını, amma Rusiyaya daha güclü və uzunmüddətli toxunacağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm