Moskva Uzaq Şərqdə də hücuma keçdi
Bizi izləyin

Dünya

Moskva Uzaq Şərqdə də hücuma keçdi

Moskva Uzaq Şərqdə də hücuma keçdi

Rusiya Uzaq Şərqdə, xüsusilə Yaponiya ilə mübahisəli ərazilərdə hərbi gücünü artırmaqda davam edir.

Publika.Az – ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, Şərq hərbi dairəsinin komandanı, general-polkovnik Sergey Surovik Sakit okean sahilində hərbi infrastrukturun inkişafının ən mühüm məsələ olduğunu bildirib.

Rusiya nəşri qeyd edir ki, söhbət 68-ci ordu korpusunun “həyata qaytarılması”ndan gedir. “Nezavisimaya gazeta” sözügedən korpusun 2010-cu ildə Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi tərəfindən dağıdıldığını yazıb. Saxalində tezliklə yeni hərbi hissələr və hərbi birləşmələrin yaradılması nəzərdə tutulub. Ümumilikdə isə, Saxalin, həmçinin Kuril adaları qrupunda olan İtupur və Kunaşır adalarında 2016-cı ilə kimi 150-dən çox hərbi obyektin tikilməsi planlaşdırılıb. Hərbi baza şəhərciklərinin tikintisi ilə bağlı bütün qərarlar təsdiq edilib.

İlk olaraq isə adalardakı hərbi qarnizonlarda müasirləşdirmələr aparılacaq. “Nezavisimaya gazeta”nın yazdığına görə, Rusiya rəhbərliyi son illər Kuril adalarının müdafiəsinə xüsusi diqqət ayırmağa başlayıb. Son illər Dmitri Medvedev prezident və baş nazir kimi burada iki dəfə olub. Plana görə, Saxalində hərbi şəhərciklər hələ keçmiş müdafiə naziri Anatoli Serdyukov dövründə hazır olmalı idi. 2013-cü ildə Saxalində olan Rusiya Dövlət Dumasının üzvləri də hərbi qarnizonlardan birinin acınacaqlı vəziyyətindən şikayətlənmişdi. “Və budur, yarım il sonra Uzaq Şərq hərbi dairəsi Kuril adalarının hərbi infrastrukturunun yaxşılaşmasına ehtiyac olduğunu bildirir”, - “Nezavisimaya gazeta” yazır.

Ehtiyatda olan general-leytenant, hərbi ekspert Yuri Netkaçev hesab edir ki, Rusiyanın Uzaq Şərqdə möhkəmlənmək istəyi iki səbəblə bağlıdır: “Birinci səbəb Kuril adalar qrupunun dörd adasına iddia edən Yaponiyanın hərbi hazırlıqlarıdır. Tokio son illər hərbi büdcəsini xeyli artırıb. İkinci səbəb isə Rusiyanın dəniz ərazisinin de-yure artmasıdır. 11 mart 2014-cü ildə BMT-nin kontinental şelfin sərhədləri üzrə komissiyası Oxot dənizinin 52 min kvadrat kilometrini Rusiya kontinental şelfinin hissəsi kimi tanıdı. Bu yeni ərazini müdafiə etmək lazımdır”.

Rusiya Silahlı Qüvvələrı Baş Qərargahının sabiq başçısı Nikolay Makarov sahil təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan “Bastion” və "BAL-E” komplekslərindən istifadə olunacağını söyləyib. Məlumat üçün bildirək ki, hər 2,5 saniyədən bir raket buraxmaq qabiliyyətinə malik “Bastion” kompleksi 600 kilometr uzunluğu olan sahili mühafizə etmək gücündədir. “BAL-E” sistemi isə 130 kilometrlik məsafədən bütün hədəfləri vurmaq qabiliyyətinə malikdir. Sistem gecə-gündüz və istənilən hava şəraitində hədəfləri məhv edə bilir.

Hələ 2011-ci ildə Baş Qərargah Kuril adalarında “Top-M2” zenit raket sistemləri və “Gecə ovçusu” adlandırılan “Mi-28N” zərbə vertolyotları bölməsini yerləşdirilməyi planlaşdırılırdı. İndiki halda isə Uzaq Şərq hərbi dairənin silahlandırılmasına müasir qırıcılar olan “Su-35” və “Su-30SM”, “Ka-52” döyüş vertolyotları, “Mi-8AMTŞ” nəqliyyat-hücum vertolyotları, “BAL-E”sahil raket kompleksləri, S-400 “Triumf" zenit raket sistemləri, “Pansir-S” zenit raket-top kompleksləri və “İskəndər-M” operativ-taktik raket kompleksləri daxildir.

S.Surovik bu ilin payızında hərbi dairənin “Şərq-2014” adı altında növbəti operativ-strateji təlimləri keçirəcəyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm