Ərdoğan və Buş razılaşmışdı: PKK əməliyyatına kim maneə oldu?
Bizi izləyin

Dünya

Ərdoğan və Buş razılaşmışdı: PKK əməliyyatına kim maneə oldu?

Ərdoğan və Buş razılaşmışdı: PKK əməliyyatına kim maneə oldu?

Həm Türkiyə siyasəti, həm də Türkiyə-ABŞ münasibətlərində 2006-cı il kritik dövrlərindən biri sayılırdı. Şimali İraq regional rəhbərliyinin başçısı Məsud Bərzaninin son açıqlamalarında yer aldığı bir etiraf isə 2006-cı ildə baş verən hadisələrin arxasında qalan məsələlərə müəyyən aydınlıq gətirir.

Publika.Az – ın verdiyi xəbərə görə, Türkiyənin “Milliyyət” qəzeti M.Bərzaninin etiraflarının baş nazir Rəcəb Tayyib Ərdoğanın 2006-cı ildə ABŞ-a etdiyi səfəri öncəsi Ankara və Vaşinqton arasında PKK ilə mübarizə məsələsində əldə olunan razılaşmanı, həmçinin Şimali İraqda baş verən prosesləri yenidən gündəmə gətirdiyini yazıb.

Ərdoğan-Buş telefon danışığı

Qəzet yazır ki, 2006-cı il AKP iqtidarı baxımından əhəmiyyətli bir il idi. 2007-ci ildə prezident seçkiləri keçirilməli idi. Daxili siyasətdəki gərginliklə yanaşı, terror təşkilatı olan PKK-nın hərəkətləri Türkiyənin ən əhəmiyyətli problemlərindən idi. 2006-cı ilin oktyabr ayının əvvəlində baş nazir Ərdoğanın ABŞ-a səfəri planlaşdırılırdı. Amma bu səfər öncəsi bəzi addımlar atıldı. Türkiyə PKK terroruna qarşı ABŞ-dan konkret addım gözləyirdi. ABŞ-ın konkret addım atmayacağı ilə bağlı isə rəsmi Ankaranın bəzi şübhələr var idi.

Belə bir situasiyada - 22 İyul 2006-cı ildə ABŞ prezidenti Corc Buş ilə Ərdoğan arasında telefon danışığı oldu. Buş terrora qarşı mübarizədə Türkiyə ilə birgə hərəkət edəcəklərini ifadə etdi.

PKK düşərgələri bağlanılsın

C.Buşun bu sözlərindən bir müddət əvvəl Türkiyə hərbçiləri PKK-nın hücumu nəticəsində şəhid olmuşdu. Türkiyənin ABŞ-dan istəyi Şimali İraqdakı PKK düşərgələrinin bağlanılması ilə bağlı idi. Türkiyə 2006-cı ildə “Bunu etməsəniz, tək tərəfli əməliyyat həyata keçirəcəyik” şəklində ABŞ-a mesajı verdi. Buş isə Ərdoğana “Vəziyyətin ciddiliyini anlayırıq” dedi.

Rays ilə Gül görüşdü

Ərdoğan və Buş arasındakı telefon danışığından sonra ABŞ dövlət katibi Kondaliza Rays həmin dövrdə xarici işlər naziri və baş nazir köməkçisi olan Abdullah Gülə zəng etdi. Rays Gülə ABŞ-ın da terror təşkilatı PKK ilə mübarizədə nə lazımdırsa edəcəyini söylədi. “Anadolu” agentliyinin həmin vaxt verdiyi xəbərə görə, Rays vəziyyətin bu şəkildə davam etməsinə qətiyyən icazə verməyəcəklərini demişdi. ABŞ-ın Türkiyənin tələbi ilə PKK-nın Şimali İraqdakı varlığına son qoymaq üçün Bərzaniyə təzyiq etdiyi, ancaq Bərzaninin buna müqavimət göstərdiyi ortaya çıxdı.

Buş əməliyyat keçirməyimi istədi

Ərbildə nəşr olunan “Rudav” qəzetinin xəbərinə görə, partiyasının səlahiyyətli orqanları ilə bir araya gələn Bərzani 30 Apreldə İraqda keçiriləcək parlament seçkilərini qiymətləndirib. Ərbildə keçirilməsi planlaşdırılan, ancaq razılaşma əldə olunmadığı üçün təxirə salınan Kürd Milli Konqresindən də danışan Bərzani qeyd edib ki, PKK Konqresdə yerlərin yarısını istədiyi üçün razılaşmaq mümkün olmayıb. Bərzani çıxışında bu günə qədər gizli saxlanan əhəmiyyətli bir məlumatı da açıqladı. Bərzani bildirib ki, ABŞ prezidenti 2006-cı ildə ondan PKK-ya qarşı əməliyyatın keçirilməsini istəyib. “ABŞ prezidenti Corc Buş 2006-cı ildə İraqdakı ABŞ səfirinin xəbəri olmadan PKK-ya qarşı əməliyyat keçirməyimi istədi. Lakin mən bunu qəbul etmədim. Çox təəssüf ki, PKK bu cür şeyləri heç nəzərə almır”, - Bərzani dilə gətirib.

Konfederalizm və müstəqilliyi gündəmə gətirəcəyik

Ərbil ilə Bağdad arasında davam edən neft və büdcə böhranına da diqqət çəkən Bərzani “Biz İraqda keçiriləcək seçkiləri gözləyirik. Əgər vəziyyət belə davam edərsə, biz ya konfederalizm, ya da müstəqilliyi gündəmə gətirəcəyik. Lakin apardığımız araşdırmaya görə, konfederalizm problemləri həll edə bilər” söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm