• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

NATO - da qarşıdurma: Səbəb Rusiya qorxusu

  • Dünya
  • 22 Aprel 2014 18:40
  • 1 476 Baxış
NATO - da qarşıdurma: Səbəb Rusiya qorxusu

ABŞ NATO-ya üzvlük üzrə Fəaliyyət Planının Gürcüstana verilməsinin tərəfdarıdır. Amma bu məsələdə ittifaq daxilində ümumi razılıq yoxdur.

Publika.Az – ın Gürcüstanın Civil.ge saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibinin Avrasiya və Avropa regionu üzrə müavini Viktoriya Nuland mövzu ilə bağlı keçirilən dinləmələrdə danışıb.

“Gürcülər yaxşı bilirlər ki, bu barədə ittifaqda ümumi razılıq yoxdur. Gürcüstan çox iş görməli və bizim bəzi Qərb müttəfiqlərimiz inandırmalıdırlar ki, onlar NATO-ya üzvlük üzrə Fəaliyyət Planını almağa layiqdirlər”, - dövlət katibinin köməkçisi deyib.

Bir müddət əvvəl isə bildirilmişdi ki, bu barədə qəti qərar Krım referendumu və Rusiyanın sonrakı hərəkətlərindən asılı olacaq. Krımın Rusiyanın tərkibinə daxil olacağı halda, Böyük Britaniyada sentyabr ayında keçiriləcək NATO sammitinin gedişatı zamanı planın Tiflisə təqdim edilə biləcəyi deyilirdi. Krım Rusiyaya birləşdirilsə də NATO-nun bəzi üzvləri, xüsusilə Almaniya və Fransa Rusiyadan ehtiyat edərək Gürcüstanı alyansa yaxın buraxmaq istəmirlər.

ABŞ-ın müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Derek Çolet Gürcüstan çox yaxşı partnyor olduğunu və ABŞ-la birlikdə Əfqanıstanda mübarizə apardığını qeyd edib. Bununla belə, nazir müavini NATO-ya üzvlük haqqında Fəaliyyət Planının Gürcüstana verilməsinin yalnız ABŞ-dan asılı olmadığını bildirib: “Biz NATO-ya üzvlük üzrə Fəaliyyət Planının Gürcüstana verilməsini dəstəkləyirik. Amma sizə yaxşı məlumdur ki, bu ABŞ-ın təkbaşına qəbul edəcəyi qərar deyil”.

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya isə keçən həftə bildirib ki, Tiflis Avropanın bəzi dövlətləri ilə dialoqu əhəmiyyətli dərəcədə aktivləşdirib. O, son bir ay ərzində İtaliyada, İspaniyada, Hollandiya və Slovakiyada olub. Gürcüstan Müdafiə Nazirliyinin xəbərinə görə, İ.Alasaniya bu ölkələrdə keçirdiyi görüşlərdə NATO-ya üzvlük üzrə Fəaliyyət Planı barədə müzakirələr aparıb.

NATO-nun baş katibi Anders Foq Rasmussen aprel ayının əvvəlində verdiyi bir açıqlamada ümid etdiyini bildirib ki, ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin iyunda keçirəcəyi Uels sammitində NATO-nun “açıq qapı” siyasətinin həyata keçirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul ediləcək.

NATO-ya üzvlük perspektivi Gürcüstan üçün ittifaqın 2008-ci ilin aprel ayında keçirilən Buxarest sammitində açılıb. Almaniyanın və Fransanın etirazlarından sonra Tiflis NATO-ya üzvlük üzrə Fəaliyyət planı ala bilmədi. Bundan sonra isə 2008-ci ilin avqust ayındakı Gürcüstan-Rusiya müharibəsi və ardınca Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu məsələni gündəlikdən çıxardı. İttifaqın Çikaqoda keçən il keçirilən sammitində yenidən bəyan olundu ki, NATO-nun qapıları Tiflis üçün açıqdır.

“Rusiyanın Ukraynada atdığı addımları NATO-nun Şərqi Avropada daha qətiyyətli siyasət aparmasına ehtiyacla bağlı müzakirənin yenilənməsinə səbəb oldu”, - NATO-un qərargahındakı mənbə bildirib. O, qeyd edib ki, namizəd statusunun alınması ilə bağlı Tiflisin müraciəti təmin olunmalıdır. Gürcüstanın baş naziri İrakli Qaribaşlinin bu yaxınlarda Vaşinqtona səfərində Ağ Evin rəsmiləri də Tiflisin NATO-ya üzvlük istəyini dəstəkləyəcəklərinə söz veriblər.

İ.Qaribaşvilinin özü isə Vaşinqtondakı Atlantik Şurasında etdiyi çıxışında hakimiyyət dəyişikliyinin Gürcüstanın avroatlantik kursuna təsir etmədiyini bildirib.

Rusiya isə NATO-nun onun sərhədlərinə yaxınlaşma perspektivini qəbuledilməz hesab edir. Rusiya xarici işlər naziri Sergey Lavrov da yaxın vaxtlarda ittifaqın genişlənməsini “soyuq müharibə dövrünün davamı” adlandırdı. Bununla belə, ABŞ Dövlət Adminstrasiyasındakı mənbə bildirib ki, Ukrayna hadisələrindən sonra NATO-ya üzvlük üzrə Fəaliyyət planının Gürcüstana verilməsi məsələsi faktiki olaraq həll edilmiş olacaq. “Buna maneə olmağı yalnız Almaniya bacarar. Lakin Berlinin fikri də dəyişə bilər. Krımın Rusiyaya birləşməsini Berlində də münasib hesab etmirlər”,- mənbə qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR