“İlham Əliyevin antiisrail kampaniyalara qoşulmaqdan imtina etməsi...”- Müsahibə
Bizi izləyin

Dünya

“İlham Əliyevin antiisrail kampaniyalara qoşulmaqdan imtina etməsi...”- Müsahibə

“İlham Əliyevin antiisrail kampaniyalara qoşulmaqdan imtina etməsi...”- Müsahibə

İsrailin xarici işlər naziri Aviqdor Libermanın 30 aprel tarixində Azərbaycana səfəri nəzərdə tutulub.

Publika.az – a müsahibəsində beynəlxalq münasibətlər sahəsində israilli siyasi eksperti Arye Qut sözügedən səfəri, həmçinin Azərbaycan-İsrail və İsrail-İran münasibətlərini dəyərləndirib.

-Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənov İrana səfər etdi. Qarşıda isə İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri nəzərdə tutulub. Bu səfərlər arasında hansısa bağlılığın axtarılması düzgündürmü?

-Mən İsrailin siyasi və akademik elitası ilə tez-tez görüşməli oluram. İsrailin siyasi, hərbi və ictimai xadimləri adətən Azərbaycan və ikitərəfli əməkdaşlığın perspektivləri haqqında müsbət fikir söyləyirlər. Bu, sadəcə olaraq siyasi hörmət deyil. Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, ötən il Azərbaycan-İsrail münasibətləri üçün tamamilə uğurlu oldu. Mərkəzi Asiya üzrə bir sıra israilli siyasi ekspert və mütəxəssislərinin dəyərləndirmələrini apara bilərəm. Onlar hesab edirlər ki, Azərbaycanın hazırkı rəhbərliyi beynəlxalq aləmdə rəsmi Bakıya güclü və müstəqil bir oyunçu kimi etibar qazandıran, Ankara, yaxud da Tehrandan asılı olmayan sərbəst xarici siyasət aparır. İsrail-Azərbaycan əməkdaşlığının və tərəfdaşlığın arxitektoru, İsrailin XİN rəhbəri Aviqdor Libermanın Bakıya səfəri və Azərbaycan prezidentinin İrana səfəri ilə bağlı deyil. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İsrail ilə münasibətləri, onun istənilən antiisrail kampaniyalara qoşulmaqdan imtina etməsi kimi məsələlərlə bağlı dəqiq mövqeyi İsraildə səmimi hörmətlə qarşılanır. Bu baxımdan İsrail hər zaman Azərbaycanın müstəqil və çox vektorlu xarici siyasətinə böyük hörmətlə yanaşır. Aydındır ki, İran Azərbaycan-İsrail əməkdaşlığının bitməsini arzulayır. Amma bu, fikrimcə real olmayan bir arzudur. Azərbaycanın İsraillə əlaqələri İran İslam Respublikasına qarşı deyil. Fəqət, İranın Ermənistanla əlaqələri Azərbaycan qarşıdır və işğalçı dövlətə dəstək və həyati bir köməkdir. İsrail-Azərbaycan əlaqələri yalnız siyasi, iqtisadi və hərbi əlaqələri deyil, çox önəmli insani əlaqələri də mövcuddur. Aviqdor Liberman Bakıda prezident İlham Əliyevlə və Azərbaycan dövlətinin rəhbərliyində yer alan digər şəxslərlə görüşəcək. Tərəflər İsraillə Azərbaycan arasında kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar, müdafiə sənayesi sahəsində əməkdaşlıq və iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması məsələlərini müzakirə edəcəklər.


-Azərbaycan prezidentinin İran səfərində iki ölkənin dövlət başçıları münasibətlərinin inkişaf etdirilməsi yönündə mesajlar verdilər. Azərbaycan və İranın daha da yaxınlaşması Azərbaycan-İsrail münasibətlərində hansısa dəyişikliklərə gətirib çıxara bilər?

-Yuxarıda da qeyd etdiyim kimi İsrail hər zaman Azərbaycanın müstəqil və çox vektorlu xarici siyasətinə böyük hörmətlə yanaşır. İsraildə yaxşı anlayırlar ki, İran Azərbaycanın çox yaxın coğrafi və tarixi qonşusudur. İran və Azərbaycan arasında mədəni və insani əlaqələr mövcuddur. Heç kim bunu unutmur ki, İranda 35 milyon azərbaycanlı yaşayır. Azərbaycan prezidentinin İrana səfəri Azərbaycan-İsrail əlaqələrinə heç bir dəyişiklik gətirməyəcək və Libermanın Bakıya səfəri onu bir daha sübut edir ki, Azərbaycanın hər bir ölkə ilə xüsusi münasibətləri mövcuddur və bu xarici siyasət strategiyası öz bəhrəsini verməkdədir. Yalnız onu qeyd edə bilərəm ki İsrail Azərbaycanın nə qədər ağır geosiyasi durumda olduğunu hər zaman anlayıb. Eyni zamanda, İsraildə gözəl anlayırlar ki, Azərbaycan qeyd-şərtsiz Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideridir və bu, yalnız onun zəngin neft-qaz ehtiyatları ilə bağlı deyil. Karbohidrogen ehtiyatlarla zəngin bir çox ölkələrdən fərqli olaraq Azərbaycan enerji istehsalı məhsullarını daha geniş məqsədlərə yönəltmişdir. Postsovet Azərbaycanı sübut edə bilmişdir ki, o, zəif və asılı geosiyasi substansiya deyildir. O, Cənubi Qafqazda və Yaxın Şərqdə əsas rol oynayır. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail Azərbaycanın mühüm strateji tərəfdaşıdır, eləcə də bu ölkəyə neft-qaz, müdafiə, telekommunikasiya, kənd təsərrüfatı sahələrində mövcud olan ən qabaqcıl texnologiyaların tədarükçüsüdür. Münasibətlərdə əhəmiyyətli yeri dövlətlərarası siyasi münasibətlər tutur ki, bu münasibətlər də İsrail prezidenti Şimon Peresin və Azərbaycan prezidenti İlham Əliyevin səmimi münasibətlərində öz təzahürünü tapır. İsraildə Azərbaycanın prinsipial və müstəqil xarici siyasət davranışları yüksək qiymətləndirilir.

-İranın nüvə proqramı ilə bağlı ilkin razılaşma əldə olunanda İsrail narazı qalmışdı. İndiki halda İsrail-İran münasibətlərini necə qiymətləndirirsiniz?

-Bu gün danılmaz bir faktdır ki, İran İslam Respublikası dünyanın təhlükəsizlik sistemi üçün qlobal təhlükədir. İran tərəfindən təhlükə onunla bağlıdır ki, demokratiya və insan haqlarından uzaq, qabaqcadan proqnozlaşdırıla bilməyən bu siyasi rejim nüvə silahı əldə etməyə can atır. Belə bir silahı əldə etməsindən sonra yaranacaq təhlükənin miqyasını təsəvvürünüzə gətirin. Dünya KİV-i belə bir təəssürat yaradır ki, İranın nüvə ambisiyaları yalnız İsrailin problemidir. Sizi inandırım ki, Fars körfəzinin aparıcı ərəb dövlətləri İranın nüvə silahı əldə etməsi kimi cəhdlərindən rəsmi Təl-Əvivdən daha çox narahatdırlar. Digər tərəfdən, aydındır ki, danışıqlarda nail olunan yeganə nəticə İranın atom bombası yaratmaq məqsədilə uranın zənginləşdirilməsini davam etdirməsi üçün qazandığı fasilədir və ölkə həqiqətən də, bu məqsədə doğru irəliləyir. Nə rəsmi Təl-Əviv, nə də Vaşinqton Tehranda nüvə silahının olması ilə barışmayacaq. Düşünürəm ki, İranı sərt diplomatiya və ağır iqtisadi qadağalar vasitəsilə dayandırmaq olardı. Amma gördüyünüz kimi, nə Obama adminstrasiyası, nə də Avropa Yaxın Şərq və Cənubu Qafqazda baş verən hadisələri anlamır və İranla razılaşmaya gedirlər. İsraildə heç kim İran rejimi ilə razılaşmaya inanmır. Dünya ictimaiyyətinin İranla apardığı təkrar danışıqlar ölkəyə nüvə proqramını sərbəst şəkildə davam etdirməsi üçün vaxt qazandırır.

-BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qəbul olunan qətnaməyə İsrailin yanaşması Vaşinqtonda xoş qarşılanmadı. Azərbaycanın da ərazi bütövlüyü pozulub. İsrailin Azərbaycanla bağlı məsələlərin müzakirəsində hansısa dəyişiklik gözlənilə bilərmi?

-Bildiyim qədər, BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamə qəbul olunmasında iştirak etməyib. O günlər İsrail XİN iqtisadi məsələlərlə bağlı tətildə idi. Azərbaycanla bağlı isə İsrailin mövqeyi açıq aydındır. Həm İsrail prezidenti Şimon Peres , həm İsrailin XİN rəhbəri Aviqdor Liberman dəfələrlə bəyan ediblər ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar Dağlıq Qarabağ münaqişəsinin mövcud razılaşmalar və Minsk qrupunun vasitəçiliyi ilə həll edilməsinin tərəfdarı olduğunu bildiriblər. İsrail həm müharibə dövründə, həm atəşkəs dövründə hər zaman lazım olan dəstəyi verib. Azərbaycan da bu faktı heç bir zaman unutmur. Eyni zamanda, İsrail dövlətinin vətəndaşı kimi və Azərbaycanın İsraildəki diasporunun nümayəndəsi kimi qürurla qeyd edə bilərəm ki Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə münasibətdə qayğıkeşlik və xoş münasibət nümayiş etdirməkdədir. “Krasnaya Sloboda” (dağ yəhudilərinin yaşadığı “Qırmızı qəsəbə”) dünyada yəhudilərin kompakt şəkildə yaşadıqları yeganə və bənzərsiz məkandır, bu qəsəbə Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar artıq uzun əsrlərdir ki yaşayırlar, doğma qardaşlıq münasibətləri saxlayırlar.

-Ukrayna hadisələrindən sonra Cənubi Qafqazda hansı geosiyasi prosesləri müşahidə etmək olar, region hansı təhlükələr qarşısındadır.

-Rusiya bu gün açıq-aydın Ukraynaya qarşı separatizm müharibəsi aparır. Dünya ictimaiyyətinin gözü önündə Krımı anneksiya etdilər. İndi isə Urkaynanın digər regionlarını zəbt etmək arzusundadır. ABŞ və Avropa diplomatları tənqid etməkdən başqa Rusiyaya qarşı real addım atmadılar. Bunu “KQB” məktəbinin yetirməsi Putin öncədən düşünmüşdü. Bu gün dünya diplomatiyası yenidən "güc diplomatiyasına" çevrilir və bu da beynəlxalq münasibətlərin ağır reallığıdır. Ukrayna hadisələrindən və İsrail dövlətinin tarixindən bir dərs çıxarmaq olar, dövlət daxildən güclü olmalıdır və ölkənin ordusu hər zaman müharibəyə hazır olmalıdır. Avropanın ərazi baxımından ən böyük ölkəsi olan Ukrayna, özünü qoruya bilmədi, çünki Silahlı Qüvvələri və xüsusi təhlükəsizlik orqanları bərbad vəziyyətdə idi. İndi isə İsraili misal çəkim. Dünyanın ərazi baxımından ən balaca ölkəsi olan İsrail 66 il ərzində 7 müharibə yaşadı və hər zaman qalib oldu. Bu misallar onu göstərir ki, dövlət daxildən güclü olmalıdır və ölkənin ordusu hər zaman "sülh istəyirsənsə, müharibəyə hazır ol" sloqanı ilə yaşamalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm