Ərdoğandan “erməni soyqırımı” bəyanatı
Bizi izləyin

Dünya

Ərdoğandan “erməni soyqırımı” bəyanatı

Ərdoğandan “erməni soyqırımı” bəyanatı

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan qondarma erməni soyqırımı günü kimi qeyd olunan 24 aprellə bağlı xüsusi bəyanat yayıb.

“Media forum” saytı xəbər verir ki, bəyanatının 1915-c il hadisələri haqda olduğunu açıqlayan baz nazir qeyd edib ki, 24 aprel Türkiyədəki və dünyadakı bütün ermənilər üçün xüsusi məna kəsb edən tarixi məsələdir və bununla bağlı düşüncələrin azad şəkildə bölüşülməsinə dəyərli imkan yaradır: “Osmanlı imperatorluğunun son illəri dini və etnik kökündən asılı olmayaraq bütün xalqları - türk, kürd, ərəb, erməni və digər xalqları təmsil edən milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir zamandır”.

Bəyanatda deyilir ki, ədalətli və vicdanlı mövqe insanların dini və etnik mənşəyinə fərq qoymadan həmin dövrdə yaşanmış bütün acıları anlamağı tələb edir: “Osmanlı imperiyasının vətəndaşı olan hər kəs kimi ermənilərin də o dövrdə yaşadıqları acıların xatirəsini anmalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir. 1915-ci il olaylarına dair fərqli mövqe və düşüncələrin sərbəst ifadə edilməsi plüralist yanaşmanın, demokratik mədəniyyətin və müasirliyin bir tələbidir. Türkiyə bəşəri dəyərlərə uyğun hər düşüncəyə hörmətlə yanaşmağa davam edəcək.

Lakin 1915-ci il olaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Birinci Dünya müharibəsi zamanı yaşanan hadisələr hamımızın ortaq acısıdır. Hər din və millətdən olan milyonlarla insanın öldüyü dünya müharibəsi əsnasında kütləvi köç kimi qeyri-insani nəticələrə səbəb olan hadisələrin yaşanması türklərlə ermənilər arasında qarşılıqlı insani rəftar və davranışların qurulmasına əngəl olmamalıdır. Bu günün dünyasında tarixdən düşmənçilik çıxarmaq və yeni qovğalar yaratmaq qəbuledilməzdir və ortaq gələcəyimizin inşası baxımından qətiyyən yararlı deyil. Zamanın ruhu anlaşılmazlıqlara rəğmən danışa bilməyi, qarşıdakını dinləyərək anlamağa çalışmağı, kompromislərin axtarışını və nifrəti rədd edərək hörməti, tolerantlığı zəruri edir”.

Baş nazir qeyd edib ki, 1915-ci il hadisələrinin elmi baxımdan araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiya yaradılması barədə təklifi qüvvədə qalır: “Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il olaylarının aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Biz arxivlərimizi bütün tədqiqatçıların istifadəsinə açdıq. Bu gün arxivlərimizdə olan yüz minlərlə sənəd bütün tarixçilərin ixtiyarına verilib. Türkiyə gələcəyə güvənlə baxan bir ölkə olaraq tarixin də doğru anlaşılması üçün ətraflı elmi tədqiqatları hər zaman dəstəkləyib. İyirminci əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verir və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anırıq”.

Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir neçə ölkənin (Uruqvay, Rusiya, Fransa, Litva, İtaliya, Yunanıstan, Kipr, Argentina, Belçika, Uels, İsveçrə, Kanada, Polşa) parlamenti rəsmən tanıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm