Berlində 20 yanvar hadisələri anılıb
Bizi izləyin

Dünya

Berlində 20 yanvar hadisələri anılıb

Berlində 20 yanvar hadisələri anılıb

2014-cü il yanvarın 16-da Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Almaniyanın millət vəkillərinin, siyasi və mədəni ictimaiyyətinin, mətbuat nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporunun qatıldığı tədbirdə Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov çıxış edib. Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra səfir tədbir iştirakçılarına 20 yanvar hadisələri haqqında geniş məlumat verib.

P. Şahbazov bildirib ki, Sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi bacarmayıb. Səfir ümummilli liderimiz Heydər Əliyevin hadisələr baş verəndən dərhal sonra Moskvada 20 yanvar faciəsi üçün məsuliyyət daşıyan Sovet hakimiyyəti rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə çatdırıb. Səfir eyni zamanda təəssüflə qeyd edib ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu üçün dünya, o cümlədən Almaniya KİV-lərində 20 yanvar faciəsi barədə təqdim olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməyib.

Daha sonra Berlin Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Aux 20 yanvar hadisələrinin tarixi haqqında məruzə ilə çıxış edib. O zamankı hadisələri dərindən təhlil edən professor Aux Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və qətliamlara da toxunub, 20 yanvar faciəsini törətmiş Sovet hakimiyyəti və onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda ittiham edib.

Tədbirin rəsmi hissəsindən sonra, Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Tamilla Quliyeva və Anar İbrahimovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anım konserti səsləndirilib. Eyni zamanda 20 yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm