• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Moskva Xəzər dənizində hərbi gücünü göstərir

  • Dünya
  • 24 Aprel 2014 12:13
  • 1 240 Baxış
Moskva Xəzər dənizində hərbi gücünü göstərir

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Xəzərin hüquqi status ilə bağlı Moskvada apardıqları müzakirələrdən dərhal sonra Rusiya Xəzərdə hərbi gücünü nümayiş etdirməyə başlayıb.

Publika.Az - ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Xəzərin hüquqi status ilə bağlı Moskvada keçirilən toplantıdan sonra verilən açıqlamalar da göstərdi ki, bu məsələnin həllində istənilən irəliləyiş yoxdur. Bunu İran tərəfinin açıqlamalarından daha aydın görmək mümkündür. İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmamış çox şeylər qaldığını və daha çox müzakirələrə ehtiyac olduğunu qeyd edib. İran daha yüksək səviyyədə də - xarici işlər naziri Cavad Zərif dilindən Tehranın mövqeyində heç bir dəyişiklik olmadığını ifadə edib. İranın mövqeyi isə ondan ibarətdir ki, Xəzər dənizi beş sahilyanı ölkə arasında bərabər hissələrə bölünməlidir.

Xəzərin şimalında isə status məsələsi demək olar ki, həll edilib. Azərbaycan Qazaxıstan və Rusiya ilə bağladığı ikitərəfli müqavilələr problem bir qədər yoluna qoyub. Rusiyanın əsas narahatlığı isə onun maraqlarına heç bir halda uyğun olmayan “Transxəzər” qaz kəməri layihəsidir. Rusiya Avropa qaz bazarını əlində saxlamaq üçün bütün yollardan istifadə etməyə çalışır.

“Transxəzər” qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürürdü. Sonradan isə layihə Qərbin, xüsusilə ABŞ-ın maraq dairəsinə daxil olub. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfəri zamanı bu məsələ dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu.

2013-cü ilin mayında Avropa Birliyinin sammiti “Transxəzər” qaz kəmərini 2014-2020-ci illər üçün prioritet infrastruktur enerji layihələri sırasına daxil edib. Lakin Rusiya layihənin reallaşmasına əngəl törədir. 2012-ci ilin əvvəlində RF-Aİ sammitində Putin deyib ki, Moskva konsensus olmadan Xəzər üzrə qəbul olunmuş qərarları legitim saymayacaq. Moskva qaz kəmərinin Xəzərin ekoloji tarazlığına zərər vuracağını iddia edir və bildirir ki, xəzəryanı ölkələrin ümumi razılığı olmadan bu məsələ həllini tapa bilməz.

Aprelin 12-də Türkmənistanın neft-qaz kompleksinin inkişafına həsr olunmuş xüsusi müşavirədə ölkə prezidenti Qurbanqulu Berdımühəmmədov “Transxəzər” qaz layihəsinin reallaşmasını “prioritet vəzifə” adlandırıb. Məlumatlara görə, Azərbaycan prezidenti İlham Əliyev ilə Türkmənistan prezidentinin martın sonlarında baş tutan telefon danışığının mövzusu Xəzərin dibi ilə çəkiləcək “Transxəzər” qaz boru kəməri ilə bağlı olub. Bu günlərdə isə ARDNŞ prezidenti Rövnəq Abdullayevin Aşqabada səfərində neft-qaz sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.

Rusiya qazından asılılığını azaltmaq istəyən Avropa Ukrayna hadisələrindən sonra buna daha çox ehtiyacın olduğunu büruzə verir və əlavə mənbələr axtarışlarını gücləndirir. Təbii ki, belə bir şəraitdə “Transxəzər” qaz kəmərinin tikilməsini istəməyən Rusiyanın Xəzərdə güc nümayişi başa düşülə bilər. Dünən qəfildən Rusiyanın Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizi donanması taktiki təlimlərə başlayıb. Təlimlər 7 gün davam edəcək.

Qeyd edək ki, Rusiya son illər Xəzər donanmasınin silahlandırılmasına xüsusi diqqət ayırır. Keçən il Xəzər donanmasının istifadəsinə “Kalibr-NK” universal raket kompleksinə malik “Dağıstan” adlı raket daşıyan gəmi verilib. Bu sistem bir neçə raket tətbiq etmək kimi xüsusiyyətlərə malikdir. Bu il ərzində Xəzər donanmasının tərkibinə “Uqliç”, “Qrad Sviyajsk” raket gəmiləri də daxil edilib. “Dağıstan” uzaqvuran qanadlı raketlərlə təhciz edilib və 300 kilometrlikdəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Rusiyanın Xəzər donanmasının istifadəsinə verilən daha bir müasir silah “BAL-E” raket kompleksidir. Kompleks hər cür hava şəraitində 120 km-ə qədər məsafədəki hədəfləri vurmağa qadirdir. Rusiyanın ən son model “quru-səth” raket komplekslərindən olan “BAL-E” 2008-ci ildə silahlanmaya qəbul edilib. X-35 tipli gəmi əleyhinə raketləri ilə silahlandırılmış kompleks ərazi sularının, hərbi dəniz bazalarının, digər sahil obyektlərinin və sahil infrastrukturunun müdafiəsi üçün nəzərdə tutulur.

Bir sözlə, Xəzər də sular isinir. Kreml isə Avropanın həsrətində olduğu “Transxəzər” qaz kəməri layihəsinin çəkilişinə istənilən yolla maneə olacağı barədə mesajlarını hər addımda verir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR