Vaşinqtondan növbəti xəbərdarlıq: “Bu, həm də bahalı bir səhv olacaq”
Bizi izləyin

Dünya

Vaşinqtondan növbəti xəbərdarlıq: “Bu, həm də bahalı bir səhv olacaq”

Vaşinqtondan növbəti xəbərdarlıq: “Bu, həm də bahalı bir səhv olacaq”

ABŞ dövlət katibi Con Kerri Ukrayna hadisələrinə görə Rusiyaya yenidən xəbərdarlıq edib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, C.Kerri sərt bir üslubda danışaraq Cenevrə razılaşmasında yalnız “yaxşı niyyətin” kifayət etmədiyini bildirib.

Tərəflərin konkret addımlar atmasının lazım olduğunu ifadə edən dövlət katibi razılaşmanın ilk günündən etibarən yalnız Ukraynanın öhdəlikləri yerinə yetirdiyini qeyd edib. Kerri Rusiyanın isə diqqət yayındırdığını və qeyri-sabitlik yaratmaq yolunu tutduğunu dilə gətirib. O, Cenevrə razılaşmasından bu yana bir rus rəsmisinin belə ictimaiyyət qarşısında razılaşmanı dəstəkləyən və silahlı qrupları işğal etdikləri yerləri azad etməyi çağıran açıqlama vermədiyini vurğulayıb.

Əksinə, dövlət televiziyası da daxil olmaqla müxtəlif kanalların Rusiya dövlət başçısı Vladimir Putinin Ukrayna “fantaziyaları”nı təbliğ etdiyini dilə gətirən Kerri XXI əsrdə istənilən təbliğatla gerçəklərin qarşısını kəsməyin mümkün olmayacağını söyləyib.

Moskvanın Ukraynanın şərqindəki Rusiya tərəfdarı silahlı qrupları maliyyə və silahlarla dəstəklədiyini, onların fəaliyyətini koordinasiya etdiyini ifadə edən Kerri buradakı silahlı şəxslərin geyimlərinin keçən ay Krımdakı rus əsgərlərinin geyimləri ilə eyni olduğunu bildirib. ABŞ dövlət katibi qeyd edib ki, Rusiyanın əlinin bu məsələnin içində olduğuna kimsə şübhə etməsin.

Kerri Rusiyanı xəbərdar edərək razılaşmaya əməl etməyəcəyi halda bunun yalnız ciddi bir səhv olmayacağını, həm də bahalı bir səhv olacağını deyib.

“Rusiya iqtisadiyyatı mövcud sanksiyalardan indidən zərər çəkir. Bu bir gerçəkdir ki, bütün dünya Ukraynanın arxasında dayanacaq. Rusiyanın getdiyi yolu dəyişdirməsi üçün pəncərə bağlanır. Əgər Rusiya bu yolu dəyişdirməsə, dünya Rusiyanın əvəz ödəməsini təmin edəcək. Prezident Obamanın ifadə etdiyi kimi biz hazırıq”, - ABŞ dövlət katibi Rusiyanın vaxtının az qaldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm