• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiya ordusu Ukrayna girdi, 4 nəfər həlak oldu - VİDEO

  • Dünya
  • 25 Aprel 2014 22:34
  • 1 441 Baxış
Rusiya ordusu Ukrayna girdi, 4 nəfər həlak oldu - VİDEO

Rusiya ordusunun yüzlərlə döyüş texnikasından ibarət hərbi karvanları iki istiqamətdən Ukraynaya doğru irəliləyir.

Rostov vilayətinin Ukrayna ilə sərhəddəki Novoşaxtinsk qəsəbəsinin sakinlərinin mobil telefonla çəkərək internetdə yerləşdirdiyi videokadrlarda böyük sayda hərbi maşından ibarət karvanın Ukraynanın hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə doğru hərəkəti qeydə alınıb.

Bu kadrlardan görünür ki, hərbi karvan qəsəbədəki orta məktəbin qarşısındakı yoldan keçir və məktəblilər məşğələləri dayandıraraq hərbi texnikanın hərəkətinə tamaşa edir, gördüklərini mobil telefonlarla çəkirlər.

Kadrlardan da məlum olur ki, hərbi karvanın ucu-bucağı görünmür və Ukrayna istiqamətində ardı-arası kəsilmədən Rusiya ordusuna məxsus “BTR-80”lər, içi əsgərlərlə dolu “KamAZ”lar, yedəyində qaubitsalar aparan maşınlar, komanda-qərargah maşınları, yanacaqdolduran “Ural”lar, təcili yardım və səyyar tibb məntəqələri, səhra mətbəxi hərəkət edir.

Novoşaxtinsk qəsəbəsindən keçən hərbi karvanın hərəkəti zamanı qəza baş verib. BTR-lərdən biri yolun qarşı hərəkət istiqamətinə çıxıb və minik avtomobili ilə toqquşub. Nəticədə avtomobildəki 4 nəfər həlak olub.

Həmçinin Rusiyanın Ukrayna ilə həmsərhəd yaşayış məntəqələri sakinlərinin çəkdikləri və internetdə yerləşdirdikləri kadrlardan Rostov vilayətindən keçən M4 Don trası ilə Donetsk vilayətinə doğru yüzlərlə hərbi texnikadan ibarət karvanın hərəkət etdiyi görünür.

Hərbi maşınların Rusiyanın Cənub və Qərb Hərbi dairələrinə məxsus olduqları onların üzərindəki tanınma nişanlarından görünür. Hərbi texnikanın üzərində “Sülhməramlı missiya” sözləri yazılıb ki, bu da Rusiya qoşunlarının Ukraynanın cənub-şərqində sülhməramlı əməliyyat adı altında işğal həyata keçirmək əmri aldığını təsdiq edir. Hərbi karvanın arxasınca 12 döyüş vertolyotu uçub.

Hazırda Rusiya ordusunun on minlərlə canlı qüvvə və minlərlə texnikadan ibarət qoşun qruplaşmasının Ukrayna ilə sərhədlərin cəmi 1-2 kilometrliyində olduğu bildirilir.

Ukrayna Təhlükəsizlik Şurasının rəsmisi Yuri Sergeyev bildirib ki, ölkə sərhədlərində böyük sayda Rusiya hərbi texnikasının və bir neçə qoşun qruplaşmasının cəmləşdiyi müşahidə olunub. Onun sözlərinə görə, hərbi texnika Ukrayna sərhədlərinin bilavasitə yaxınlığındadır və onların üzərindəki “Sülhməramlı missiya” sözlərini adi gözlə də oxumaq mümkündür.

“Cənub-şərq istiqamətindən böyük sayda artilleriya, tank və şəxsi heyətin hərəkətini müşahidə edirik. Söhbət Rusiyanın Mərkəz və Şimal Hərbi dairələrinin qoşunlarından, tanklarından, artilleriyasından və olduqca təhlükəli silah olan “Qrad” qurğularından gedir” - deyə Yuri Sergeyev bildirib.

Xatırladaq ki, Ukrayna təhlükəsizlik qüvvələrinin Donetsk vilayətinin Slavyansk şəhərində separatçılara qarşı əməliyyata başlamasından dərhal sonbra Rusiya ordusu bu ölkə ilə sərhədlərdə hərbi manevrlərə başlayıb. Rəsmi Moskva Ukraynanı qoşun yeritməklə hədələyib. Ukrayna təhlükəsizlik qüvvələri Slavyanskdan geri çəkilib və hazırda şəhərin giriş-çıxışına nəzarət edir.

ABŞ və digər Qərb ölkələri Rusiyanı Ukrayna sərhədlərindən qoşunlarını geri çəkməyə çağıran bəyanatlar verirlər. Ancaq Krımda olduğu kimi bəyanatlar Rusiyanı dayandırmaq üçün kifayət deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR