Ermənistanı Gömrük İttifaqının qapıları arxasında saxladılar: Səbəbi isə…
Bizi izləyin

Dünya

Ermənistanı Gömrük İttifaqının qapıları arxasında saxladılar: Səbəbi isə…

Ermənistanı Gömrük İttifaqının qapıları arxasında saxladılar: Səbəbi isə…

Ermənistanın Gömrük İttifaqı (Gİ) və Vahid İqtisadi Məkana birləşməsi haqqında müqavilə layihəsi 1 İyun 2014-cü il tarixinə qədər hazırlanacaq.

Publika.az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Viktor Xristenko bu barədə qərarın Avrasiya Ali İqtisadi Şurasının dünən Minskdə keçirilən iclasında qəbul edildiyini deyib.

Onun sözlərinə görə, sənəd Avrasiya Ali İqtisadi Şurasının 29 Mayda Astanada keçiriləcək iclası üçün hazır olmalıdır. Qeyd edək ki, Rusiya, Belorus və Qazaxıstan dövlət başçılarının iştirak etdiyi dünənki iclasda Ermənistanın Gİ və Vahid İqtisadi Məkana birləşməsi üzrə “Yol xəritəsi”nin reallaşdırılması üzrə sənəd bəyənilib. “Yol xəritəsi”nin 126 bəndindən artıq 111-i yerinə yetirilib.

Qeyd edək ki, iclasda Ermənistanın Gİ-yə üzvlüyü haqqında razılaşmanın imzalanacağı gözlənilirdi. Lakin bu baş verməyib.

Ermənistan iqtisadiyyat nazirinin müavini, Gİ-yə üzvlüyə hazırlıq üzrə işçi qrupunun rəhbəri Karine Minansyan da bildirmişdi ki, Ermənistanın quruma üzvlüyü ilə bağlı “Yol xəritəsi”ndə nəzərdə tutulan məsələlərin əksəriyyəti artıq həyata keçirilib. Nazir müavini qalan məsələlərin prezidentlərin görüşündə razılaşdırılacağını demişdi.

Gİ-yə üzv ölkələr Ermənistanın bu quruma üzvlüyü ilə bağlı “yol xəritəsi”ni ötən ilin dekabr ayında Avrasiya Ali İqtisadi Şurasının iclasında imzalayıblar. “Yol xəritəsi”ndə mübahisə doğuran və Ermənistanı da narahat edən əsas məsələ Gömrük Şurasının sərhədləridir. Bu, Ermənistan və işğal olunmuş Azərbaycan torpaqları arasında gömrük məntəqələrinin olub-olmaması ilə bağlıdır. Ekspertlər də hesab edir ki, “Yol xəritəsi”nin razlaşdırılmayan 15 bəndindən biri böyük ehtimalla Dağlıq Qarabağ məsələsidir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sözügedən “Yol xəritəsi”nin imzalandığı iclasda sənədi xüsusi rəylə imzalayacaqlarını bildirmişdi: “Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük Şurasının sərhədləri məsələsinə dair izahat istəyirik. Gömrük Şurasının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

Xatırladaq ki, Ermənistan Gömrük Şurasına qoşulmaq barədə 2013-cü ilin sentyabrında qərar qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm