Yunan Baş yepiskopundan hədələyici bəyanat: “Türklər istədiklərimizi verməzsə…”
Bizi izləyin

Dünya

Yunan Baş yepiskopundan hədələyici bəyanat: “Türklər istədiklərimizi verməzsə…”

Yunan Baş yepiskopundan hədələyici bəyanat: “Türklər istədiklərimizi verməzsə…”

Yunan Ortodoks Kilsəsinin Baş yepiskopu II Hrisostomos Türkiyəyə qarşı hədələyici bəyanatla çıxış edib.

Publika.az –ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, II Hrisostomos müzakirələrin müəyyən bir mərhələdə kəsiləcəyini bildirib.

Cənubi Kiprdə keçirilən bir tədbirdə çıxış edən Yunan Baş yepiskopu türklərin hər şeyi istədiyini dilə gətirib: “Amma bizim onlara verəcək heç bir şeyimiz yoxdur. Çünki, hər şeyi aldılar, istəmək əvəzinə geri vermələri lazımdır”.

O, Kipr probleminin həllinin özlərindən deyil, türk tərəfindən asılı olduğunu dilə gətirib.

Qeyd edək ki, adanın yunan tərəfi razılaşma əldə etmək üçün hazırda türk tərəfinən əlində olan bir sıra əraziləri tələb edir. 2013-cü ilin sonunda Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) nəşr olunan “Havadis” qəzeti yunanların yeni torpaq tələbləri ilə əlaqədar xəritə və 78 səhifəlik qaralama planını əldə etmişdi.

Yunanlar “Annan planı”nda göstərilən torpaqlardan əlavə olaraq ŞKTC-nin daxili hissələrindən və strateji Karpaz yarımadasından da pay istəyir.

“Havadis”ə görə, yunanlar ŞKTC-nin daxili hissələri, Karpaz yarımadasından bəzi ərazilər və Türkiyə mənşəli ŞKTC vətəndaşlarının əksəriyyət təşkil etdiyi Yeni Erenköy və Dipkarpaz kəndlərini əhatə edən xəritəni Birləşmiş Millətlər Təşkilatına təqdim edib. ŞKTC indiki halda Kipr adasının 36 faizini təşkil edir. Bu “Annan planı”nda məhsuldar Güzelyurt bölgəsinin də yunanlara verilməsi ilə 29 faizə qədər aşağı düşürdü. Yunanların yeni xəritəsi qəbul edilsə, adanın ən məhsuldar torpaqları ilə yanaşı, Türkiyədən gələcək suyun da istifadə ediləcəyi geniş ərazilər Kipr türklərinin əlindən alınacaq.

“Annan planı” adanın türk və yunan hissələrini müstəqil bir dövlət olaraq birləşdirilməsini təklif edən BMT planıdır. Planın adı onu irəli sürən BMT-nin keçmiş baş katibi Kofi Annanın adından götürülüb.

Plan Kipr adasının İngilis bazaları bölgəsi xaricində qalan hissələrinin müstəqil və federal xüsusiyyətində bir dövlət şəkildə birləşdirilməsini nəzərdə tuturdu. Plana görə, Birləşmiş Kipr Respublikası nazirliklərinin ən azı üçdə biri türklərdən ibarət olmalı idi. Dövlət başçısı və baş nazir postlarında isə hər 10 aydan bir türklər və yunanlar bir-birini əvəzləməli idi.

2004-cü ilin aprel ayında adanın hər iki tərəfində plana referendumla münasibət bildirildi. Plan türk tərəfindən 64,91 faiz “bəli” alsa da, yunanlardan 75,38 faiz “yox” cavabı almışdı. Buna baxmayaraq, yunan tərəfi adanın təmsilçisi olaraq Avropa İttifaqına qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm