Kreml Gömrük Şurasından kənarda qalan Azərbaycanı cəzalandırmağa hazırlaşır
Bizi izləyin

Dünya

Kreml Gömrük Şurasından kənarda qalan Azərbaycanı cəzalandırmağa hazırlaşır

Kreml Gömrük Şurasından kənarda qalan Azərbaycanı cəzalandırmağa hazırlaşır

Kreml Gömrük Şurasından kənarda qalan Azərbaycanı cəzalandırmağa hazırlaşır

Rusiyada Gömrük Şurasına daxil olmayan MDB ölkələrindən gələn miqrantlar üçün əmək vizaları tətbiq edilə bilər.

Publika.az – ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, qanun layihəsi may bayramlarından dərhal sonra Dövlət Dumasına təqdim ediləcək.

Sankt-Peterburq deputatlar qrupu miqrant problemini həll etmək üçün bir qanun layihəsi hazırlayıb. Qanun layihəsinə görə, işəgötürənlər vizasız ölkələrdən gələn miqrantları ev və tibbi xidmətlə təmin etməlidirlər.

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski dünən jurnalistlərə açıqlamasında ölkədə təxminən 3,7 milyon qeyri-leqal miqrantın olduğunu bildirib. Təxminən 4 milyon miqrant isə Romodanovskinin sözlərinə görə, “risk qrupu”nu təşkil edir. Onlar 90 gündən çox Rusiya ərazisində qalan miqrantlardır. “Risk qrupu”nda yer alan miqrantların təxminən 40 faizinin yaşı 17-29 arasındadır. Onlar rus dilini bilmir və Rusiya cəmiyyətinə uyğunlaşmaqda çətinlik çəkirlər. Rəsmi məlumatlara görə, keçən il ölkəyə təxminən 18 milyon əcnəbi daxil olub, onlardan 12,4 milyonu üçün işləmək üçün gəlib.

Sankt-Peterburq deputatlarının fikrincə, problemin həlli etmək üçün işəgötürənlər miqrantların üçün rahat şərait yaratmalıdır. Sənəd müəllifləri iddia edirlər ki, bu miqrantların Rusiya cəmiyyətinə inteqrasiyası üçün imkan yaradacaq.

Sözügedən qanun layihəsi qəbul olunarsa, Gömrük Şurasına daxil olmayan ölkələrdən gələn miqrantlar üçün hansı nəticələr doğuracaq? Siyasi Texnologiylar Mərkəzinin vitse-prezidenti Rostislav Turovski hesab edir ki, qanun layihəsinin qəbulundan sonra sahibkarlar xarici iş qüvvəsindən (Gömrük Şurasına daxil olmayan ölkələrdən olan iş qüvvəsi) imtina etməyə başlayacaqlar. “Onlar üçün ucuz iş qüvvəsi əlverişli idi. Əgər onlardan miqrantların saxlanması üçün əlavə vəsait tələb olunacaqsa, düşünürəm ki, sahibkarların çoxu miqrantları əməyə cəlb etmək fikrindən daşınacaqlar”.

Gömrük Şurasına daxil olmaq hazırda Azərbaycanın planlarında olmadığından bu qanun layihəsinin ölkəmizdən iş dalınca gedən miqrantlara da mənfi təsir edəcəyi şübhəsizdir. Rusiyada yanvarın ayının 1-indən yeni miqrant qanunun qüvvədə olduğundan, bu sahədə çətinliklər artıq özünü göstərməyə başlayıb. Yeni qanuna görə, Rusiyada olan miqrant 90 gündən sonra ölkədən çıxmalı və yalnız 90 gündən sonra ölkəyə qayıtmalıdır.

Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov kommunistlərin təklifini prinsip etibarilə ağıllı və səmərəli hesab edir. Onun fikrincə, işəgötürənlər dəvət edilmiş işçiləri müəyyən sosial standartlarla təmin etməyə məcbur ediləcəklər. Ancaq ekspert xatırladır ki, Rusiyada ümumi qayda mövcuddur: Miqrantlar dəvətsiz gəlirlər və bir müddət iş axtarırlar. M.Remizov əmindir ki, təklif edilmiş qqanun layihəsi yalnız birinci variantda səmərəli olacaq.

Rusiya Kommunist Partiyasında isə hesab edirlər ki problemin həlli üçün ilk növbədə MDB ölkələri ilə viza rejimi tətbiq olunmalıdır. Partiyanın hüquq şöbəsinin rəhbəri, deputat Vadim Solovyov “Nezavisimaya gazeta”ya açıqlamasında may bayramlarından sonra kommunistlərin əmək miqrantları üçün vizaların tətbiqini nəzərdə tutan qanun layihəsini yenidən Dövlət Dumasına daxil edəcəyini bildirib. Sözügedən qanun layihəsi qışda Dövlət Dumasına təqdim edilmiş, lakin Krım hadisələri ilə əlaqədar gündəmdən çıxarılmışdı.

“Nezavisimaya gazeta” yazır ki, Rusiya əvvəlki kimi MDB ölkələri ilə münasibətləri korlamaq istəməsə də miqrant problemini həll etməkdə israrlıdır. Artıq 2014-cü ildə bu addımın zəruri olması barədə hakimiyyətdən mesajlar verilməyə başlanılıb. Artıq bəzi yüksək vəzifəli məmurlar da sözügedən təşəbbüsü dəstəkləyirlər. Məsələn, yanvar ayında baş nazirin müavini Dmitri Kozak ölkədə millətlərarası münasibətlərin inkişafı üçün bəzi qonşu dövlətlərlə (Çox ehtimal ki, “bəzi qonşu dövlətlər” – Gömrük Şurasına daxil olmayan MDB ölkələri olacaq- Ö.D.) viza rejiminin tətbiq edə bilər: “Düşünürəm ki, vizalar mütləq lazımdır. Bir halda ki, dövlətlərin ictimai-iqtisadi inkişaf səviyyəsi bütün dünyada müxtəlifdir. Əgər biz viza rejimi vasitəsilə miqrasiya axınını nizama sala bilməsək, ölkəmizi millətlərarası münaqişələrdən qoruya bilməyəcəyik”.

Rusiya miqrantlarlarla bağlı konkret addımların atılmasının vacibliyi həm də onların törətdiyi cinayətlərin sayı ilə izah edilir. Federal Miqrasiya Xidmətinin statistikası ilə digər məmurların açıqladığı statistikalar üst-üstə düşmür. Məsələn, Federal Miqrasiya Xidmətinin rəhbərliyi iddia edir ki, ölkə üzrə cinayətlərin yalnız 4 faizi miqrantların payına düşür. Böyük meqapolislərdə bu rəqəm 20 faizə çatır. Miqrantlar əsasən oğurluq edir, sənədləri saxtalaşdırır, davalarda iştirak edirlər. K.Romodanovskinin sözlərinə görə, bu bəzi ölkələrlə müqayisədə aşağı göstəricidir. Məsələn, İsraildə cinayətlərin 8 faizi miqrantların payına düşür, Təl-Əvivdə isə bu rəqəm 40 faizə çatır.

Daxili İşlər Nazirliyinin məlumatına görə isə, cinayətlərin 9 faizi miqrantların payına düşür. Bəzi ekspertlər hesab edir ki, Federal Miqrasiya Xidmətinin məlumatları reallıqdan uzaqdır. Hesab edilir ki, qurum zəif inkişaf etmiş regionlarda işçilərin çatışmazlığını dolduran əcnəbilərin axınında maraqlıdır.

K.Romodanovskinin sözlərinə görə, miqrasiya problem Ukraynada yaxınlaşan humanitar böhrandan sonra daha da ağırlaşa bilər. O, ukraynılalıların Rusiya ərazisinə böyük axının müşahidə olunduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm