“Soyuq müharibə”: Arzulayaq, ya yox?
Bizi izləyin

Dünya

“Soyuq müharibə”: Arzulayaq, ya yox?

“Soyuq müharibə”: Arzulayaq, ya yox?

Ukrayna hadisələri ilə əlaqədar olaraq Qərb və Rusiya arasında son illərin ən böyük qarşıdurması yaşanır. Artıq ikinci “Soyuq müharibə”nin də başlandığı iddia edilir.

İkinci dünya müharibəsindən sonra başlayan və SSRİ-nin dağılmasına qədər davam edən “Soyuq müharibə” dünyanı demək olar ki, bir-birindən təcrid edilmiş iki hissəyə bölmüşdü. Amma ikiqütblü dünyanın da öz üstünlükləri var idi. İkiqütblü dünyanın doğurduğu “Soyuq müharibə”dünyada tarazlıq yaradılması üçün böyük əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki, dünyada hazırda qaynar nöqtələrin artmasının əsas səbəbi olaraq ikiqütblü dünya sisteminin dağılması göstərilir. Necə deyərlər, “Soyuq müharibə” ABŞ və SSRİ-ni bir növ qaynar ocaqları yaratmaqdan çəkindirən amil idi.

Rusiya prezidenti Vladimir Putinin bir neçə dəfə səsləndirdiyi bir ifadəni yada salaq: XX əsrin ən böyük faciələrindən biri SSRİ-nin dağılması idi. Bu ifadəni hər nə qədər Putinin SSRİ-ni bərpa etmək iddiası kimi təqdim etməyə çalışsalar da, dediklərində həqiqət də olmamış deyil. SSRİ-nin dağılması özü ilə dünyamıza xeyli faciə və müharibələr gətirdi.

Onu da əlavə edək ki, “Soyuq müharibə”nin yekunlaşması bizə də Dağlıq Qarabağ problemini “bəxş “ etdi.

“Soyuq müharibə” başa çatdı və VƏ… Yuqaslaviyanın bombalanması, İraq işğalı, “Ərəb Baharı” və sair. Rusiyanın zəifliyindən istifadə edən ABŞ qılıncını istədiyi kimi fırlatdı. Amma bu vəziyyət çox davam etmədi. Rusiya son illər xeyli güclənib və ikiqütblü dünyanı bərpa etmək iddiasını ortaya qoyub. Ukrayna isə bu iddianın həyata keçirilməsində əsas maneələrdən biridir.

Bu “Soyuq müharibə”nin üstünlüklərindən yalnız biridir. ABŞ-ın “The Boston Globe” qəzetinin yazarı Farax Stokman məsələyə bir başqa tərəfdən yanaşıb. Onun fikrincə, “Soyuq müharibə” cəbhəsində qarşı tərəfdən üstün olmaq istəyən ABŞ və SSRİ elmin inkişafına xüsusi diqqət yetirməyə başladı. Düzdür, SSRİ-nin timsalında elmin inkişafı daha çox ən müasir silahların istehsalında özünü göstərməyə başaldı. ABŞ isə bu məsələdə daha qabağa getdi. “Amerikanın zəhlətökən kommunistləri ötmək istəyi bizi elm və təhsilə böyük investisiyalar qoymağa məcbur etdi. Bu gün istifadə etdiyimiz bir çox texnologiyalar - mobil telefonlardan tutmuş komputer və internetə qədər “Soyuq müharibə”nin nəticəsi idi. Şər imperiyasının isti nəfəsi boynumuzun arxasında hiss edilirdi”,- Stokman bildirir.

Elm İkinci Dünya Müharibəsi illərində öz qiymətini sübut etdi. Fiziklər ABŞ-ın qələbəsini təmin edəcək atom bombasını yaratdılar. Müharibədən sonra ABŞ prezidentinə elmi tədqiqatlara federal investisiyaların qoyulması barədə məruzə təqdim olundu. Bu məruzə 1950-ci ildə Milli Elmi Fondun yaradılmasını sürətləndirdi. Amma heç nə elmin federal maliyyələşdirilməsini sürətləndirmədi. Ancaq 1957-ci ildə kosmosa ilk sovet peykinin buraxılması vəziyyəti dəyişdirdi. Peykin kosmosa uğurla göndərilməsi amerikalıları şoka saldı və bir il sonra Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) yaradıldı. Maliyyələşmə dəfələrlə artırıldı və 1969-cu ilə qədər bu şəkildə davam etdi. Həmin il amerikalılar Aya ayaq basmaqla rusları qabaqladılar.

“Soyuq müharibə” həmçinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Agentliyinın (DARPA) qurulmasında əhəmiyyətli oldu. DARPA 1960-cı illərdə kompüter şəbəkəsini maliyyələşdirdi. ARPANET sistemi 1980-ci illərin əvvəllərində işə salındı və zamanla internetə çevrildi. Bu yaxınlarda isə V.Putin bildirdi ki, internet Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) layihəsidir. Amerikalılar isə internetin MKİ deyil, hərbi layihə olduğunu iddia edir.

Əlbəttə, iddia etmək çətindir ki, “Soyuq müharibə” illərində elmə xərclənən bütün pullar məqsədəuyğun idi. “Soyuq müharibə və Amerika elmi” kitabının müəllifi Stüart Lesli hesab edir ki, elmə böyük miqdarda pulların xərclənməsi məhz rəqabətdə uduzmamaq üçün idi. O, bununla da Vaşinqtonun bu istiqamətdə atdığı addımları məqsəduyğun hesab edir.

“Bəşəriyyətin bütün tarixi boyunca hərbi rəqabət innovasiyaların əsas mühərriki olub”, - S.Lesli bildirir.

Amma bütün bunlar deməyə əsas vermir ki, biz elmin yeni rəqabət mühitinə daxil olması və dünyada yeni tarazlıq sisteminin yaranması üçün ikinci bir “Soyuq müharibə”ni arzulayırıq. Yuxarıda deyildiyi kimi, “Soyuq müharibə”nin bəzi üstünlükləri ola bilər. Amma qeyd etmək lazımdır ki, bu üstünlüklər süpergüclər üçündür. Kiçik dövlətlər geosiyasi transformasiyalardan istənilən halda zərbə alır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm