• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kremlə itaət Qarabağı gətirəcəkmi? – Təkliflər və reallıq

  • Dünya
  • 2 May 2014 15:22
  • 591 Baxış
Kremlə itaət Qarabağı gətirəcəkmi? – Təkliflər və reallıq

Azərbaycanın ərazi bütövlüyünü necə bərpa etmək olar? İyirmi ildən artıqdır ki, gündəmdə olan bu sualın birmənalı cavabı da yoxdur.

Düzdür, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Silahlı Qüvvələrin işğal olunmuş ərazilərdən çıxmasını tələb edən 4 qətnaməsi var. 1975-ci ildə qəbul olunan Helsinki Yekun Aktında da dövlətlərin ərazi bütövlüyü əsas götürülüb. Aktda qeyd olunub ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır. Avropa Şurası, ATƏT və başqa mötəbər beynəlxalq təşkilatlar da belə qətnamələr qəbul ediblər. Lakin bunlara əməl olunmayıb. Niyə əməl olunmadığına gəlincə, illərdir ki, səbəbini iki sözlə ifadə edirik: İkili standartlar.

Elə isə çıxış yolu nədədir? Həm ekspertlər, həm də millət vəkilləri müxtəlif təkliflər səsləndirir. Son olaraq Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə söylədiyi fikirlər mövzunu yenidən gündəmə gətirdi.

Millət vəkili bildirir ki, Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. “Çünki, Dağlıq Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil, Ermənistanın yanında olacaq”, - Q.Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bircə qalır Rusiya ilə dil tapmaq: “Yəni, Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılışdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə, qazı Rusiyaya satmaq olar. Lazımdırsa, burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərtilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər. Bu mənim şəxsi yanaşmamdı. Sözsüz ki, bütün bunlar ikitərəfli sazişlər əsasında olmalıdır. Həmin sazişdə də Rusiya öhdəlik götürməlidir və Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu çəksin və əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək, artırmaqdan başqa çarəsi yoxdur. Bu zaman Azərbaycan çalışmalıdır ki, Rusiyanı qıcınqlandıran siyasət yürütməsin və oturub daha əlverişli beynəlxalq şəraitin yaranmasını gözləsin. Bu da nə qədər çəkəcək bəlli deyil”.

Şübhəsiz ki, Rusiya amili bir kənara qoyula bilməz. Məlumdur ki, Kreml bir sıra mesalarını ona yaxın olan ekspertlərin dilindən verməyi xoşlayır. Kremlə bağlı rusiyalı politoloq, prezident Vladimir Putinin “yeni SSRİ” adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqinin bir neçə gün öncə Azərbaycana etdiyi xəbərdarlığın da Rusiya rəhbərliyindən gəldiyinə şübhə etmək olmaz.

Bəs, bu mövzuda politoloqlar nə düşünür: Dağlıq Qarabağı qaytarmaq üçün Rusiyanın yeni süpergüc mövqeyini nəzərə almaq və onun müəyyən istəklərini qəbul etmək, yoxsa, əlverişli geosiyasi situasiyanın yaranmasını gözləmək?

Publika.az-a bu barədə danışan politoloq Fikrət Sadıxovun fikrincə, hər hansı bir böyük dövlətin, o cümlədən Rusiyanın istəklərinin yerinə yetirilməsi problem həll etmək üçün çıxış yolu deyil. O, Azərbaycanın vaxtilə Qərblə yaxınlaşmaq üçün də atdığı konkret addımları xatıladıb. Politoloq Azərbaycanın 1994-cü ildə neft müqavilələri imzaladığını, Qərbin aparıcı şirkətləri ilə işbirliyi qurduğunu və bununla da Avropanın enerji təhlükəsizliyində iştirak etdiyini bildirib.

F.Sadıxov Azərbaycanın heç vaxt Rusiyanı qıcıqlandıran addımlar da atmadığını dilə gətirib: “Azərbaycan MDB-yə daxil oldu. Biz hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü idik və sonradan təşkilatı tərk etdik. Sonuncu olaraq, Rusiya ilə 4 milyard dollarlıq müqavilə imzalanıb, Rusiyadan hərbi texnika və silah alırıq. MDB məkanında rus amilini Azərbaycan qədər nəzərə alan ikinci bir dövlət yoxdur. Xüsusilə müsəlman və Cənubi Qafqaz ölkələrini nəzərdə tuturam. Əmin deyiləm ki, sabah Rusiya ilə daha yaxın münasibətlər yaratsaq, problemlərimiz dərhal həll olunacaq. Son illərə qədər Qəbələ RLS-i Rusiya işlədirdi. Radiolakasiya stansiyasının əhəmiyyəti hərbi bazadan daha çox idi. Onun Yaxın Şərq başda olmaqla bir sıra regionlara nəzarət etmək imknaı daha çox idi, nəinki hansısa bazanın. Azərbaycan əlindən gələni edib və yenə də edir, münasibətləri qoruyub saxlayırıq. Bununla yanaşı öz sözümüzü də deyirik, beynəlxalq təşkilatlarda hər hansı bir ölkənin ərazi bütövlüyünü dəstəkləyirik. Yaxşı bilirik ki, Dağlıq Qarabağ probleminin arxasında hansı səbəblər var. Problemləri həll etmək üçün isə tamamilə başqa addımlar atılmalıdır”.

Çıxış yoluna gəlincə, müsahibimiz hesab edir ki, mütləq əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləmək lazımdır: “Başqa çıxış yolu yoxdur. Hər bir aparıcı dövlətlə münasibətlərimizi inkişaf etdirməliyik. Həmin dövlətlərlə sıx işləməli və problemlərimizlə bağlı sıx təbliğat işi aparılmalıdır. Bu mənada bəzi məqsədlərə nail olmuşuq. Məsələn, bir neçə dövlətin parlamentində, həmçinin ABŞ-ın bir neçə ştatında Xocalı soyqırımını tanıyıblar. Bu diplomatik bir uğurdur. Diplomatik-siyasi addımlar artırılmalı, hücum siyasəti aparılmalıdır. Eyni zamanda hərbi potensial artırlılmalıdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR