Quyunun dibindən məktub: Tehranın İrəvana cavabı bəllidir – Təhlil
Bizi izləyin

Dünya

Quyunun dibindən məktub: Tehranın İrəvana cavabı bəllidir – Təhlil

Quyunun dibindən məktub:Tehran İrəvana cavabı bəllidir – Təhlil

Xəbər verildiyi kimi, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan dünən İrana səfər edib. E.Nalbandyan iranlı həmkarı Məhəmməd Cavad Zərif və İran prezidenti Həsən Ruhani ilə görüşəcək.

Əslində İranın Qərbə yaxınlaşması və Ukrayna hadisələri fonunda bu səfər gözlənilən idi. Ermənistan Qərbin ilkin sanksiyalarından sonra artıq iqtisadi geriliyin müşahidə olunduğu Rusiyadan sonra yeganə çıxış yolunun İranla münasibətlərdə olduğunu göstərir.

İranın Qərbə yaxınlaşması və Ukrayna hadisələrindən sonra İrəvanı qorxudan daha bir məsələ var: Azərbaycan-İran münasibətləri. Ötən ay Azərbaycan prezidenti İlham Əliyev, daha sonra müdafiə naziri Zakir Həsənov Terhana səfər etdi. Və kifayət qədər müsbət mesajlar səsləndirildi. İlham Əliyevin Tehrana səfəri zamanı İran prezidenti regionda sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bildirdi. Düzdür, ilk baxışda bunu diplomatic bir bəyanat kimi qəbul etmək olar. Amma ermənilər İran prezidentinin bu bəyanatını yalnız diplomatiya xatirinə verilmiş bir bəyanat kimi qəbul etmir. Məsələn, Ermənistanın “Lragir” qəzeti hesab edir ki, regional layihələr daha da konkretlik qazanarsa, Həsən Ruhaninin Bakıdakı bəyanatları konkretlik əldə edə bilər. Və aydın şəkildə danışa bilər ki, məhz hansı sərhədlərin dəyişilməzliyi haqqında danışır.

Erməni nəşrinin bəhs etdiyi layihələr hansılardır? Qeyd edək ki, İran prezidenti H.Ruhaninin də yaxın vaxtlarda Bakıya səfəri nəzərdə tutulur. Səfər zamanı İranın “Cənub dəhlizi” qaz kəmərinə birləşməsi müzakirə ediləcək. Artıq bu məsələnin Azərbaycan dövlət başçısının İrana səfərində də müzakirə olunduğu deyilir. Bundan başqa Rusiyanın energetika naziri bu yaxınlarda İranda olub. KİV-in məlumatına görə, Rusiya elektrik enerjisinin İrana ixracı, həmçinin İran, Rusiya və Azərbaycanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi müzakirə olunub.

İran və Qərb arasında nüvə məsələsində yekun razılaşma imzalandıqdan sonra gündəlikdə duran birinci məsələ İran təbii qazının Avropa bazarına çıxarılması olacaq. Önə çıxan marşrutlardan biri və bəlkə də ən əlverişlilərdən biri Azərbaycan vasitəsilə İran qazının Avropaya daşınmasıdır. Ermənistan çoxdandır ki, İran qazının məhz onun ərazisi ilə danışmasına iddia edir və əlverişli olduğunu bildirir.

Ermənilər hesab edir ki, ölkənin hazırkı çətin vəziyyətdən çıxarılması üçün İranla münasibətlər böyük əhəmiyyət daşıyır. “İranın yeni hakimiyyəti də bunu istəyir. Əlverişli geosiyasi vəziyyət də buna imkan yaradır. İran-ABŞ münasibətlərində dəyişikliklər baş verir, faktiki olaraq beynəlxalq səhnədə İranın yeni status formalaşır. İrana tədricən Qərb partnyor kimi baxmağa başlayırlar. Xüsusilə, regionda İran və Türkiyə arasındakı rəqabəti, həmçinin Xəzər dənizinin yeraltı sərvətləri uğrunda İran-Azərbaycan qarşıdurmasını nəzərə almaq lazımdır. Nəzərə alsaq ki, İran-İraq-Suriya marşrutu da ən yaxın illərdə təhlükəli marşrut olaraq qalacaq, o halda İran üçün Ermənistan ən əlverişli tranzit ölkədir. Birmənalı şəkildə bundan istifadə etmək lazımdır. Yalnız bu yolla İran qaz kəmərinin tranziti hesabına qaz tariflərini azaltmaq və Ermənistanın təhlükəsizliyini təmin etmək olar. Ermənistan üçün yalnız bu yol qalıb. Ondan istifadə edilməyəcəyi halda Ermənistan regionun bütün iqtisadi və siyasi təşəbbüslərdən kənarda qalacaq, təcrid güclənəcək, müstəqilliyin itkisi dərinləşəcək”, - “Lragir” qəzeti yazıb.

Düzdür, geosiyasi müstəvidə baş verən son dəyişikliklərdən sonra Ermənistan üçün yeganə yol İranadır. Amma məsələnin bir başqa tərəfi var.

Ermənistan Avropa ilə assosiativ sazişdən imtina edərək Rusiyanın xeyrinə seçim edib. İrəvan Qərb qarşısında işlətdiyi bu “günah”ı BMT Baş Assambleyasında Ukrayna qətnaməsinin müzakirəsi zamanı yuya bilərdi. Amma bunu etmək də onun özü əlində deyildi. Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin əleyhinə səs verməklə birmənalı olaraq Rusiya cəbhəsində yer aldığını və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik etdiyini göstərdi.

Yeri gəlmişkən, Ermənistan xarici işlər naziri prezident Serj Sarkisyanın məktubunu İran prezidenti H.Ruhaniyə çatdıracaq. Məktubun məzmunu haqqında fikir söyləmək çətin olsa da, ehtimal etmək olar ki, Ermənistanın son geosiyasi proseslərdən sonra düşdüyü daha ağır vəziyyətdən çıxmaq cəhdlərinə İranın yardım etməsi xahiş edilir. Ermənistanı ağır vəziyyətdən çıxarmaq yalnız İranın istəyi ilə bağlıdır? Əlbəttə ki, yox.

Birincisi, Gömrük Şurası ətrafında baş verən proseslər və Ukrayna hadisələrindən sonra Azərbaycan özünü Qərbin gözündə daha etibarlı, Ermənistan isə daha etibarsız ölkə kimi göstərdi. Əgər, İrəvan ümid edirsə ki, İran qazını Avropaya daşıyacaq kəmər Ermənistandan keçə bilər, yanılırlar. Ən azından ona görə ki, Ermənistan tamamilə Rusiyanın nəzarətindədir, deməli Qərbə təbii qaz daşıyacaq kəmər də bu nəzarətdən kənarda olmayacaq. Bu vəziyyət isə Qərbi qətiyyən qane etmir. İran isə təktərəfli olaraq sözügedən kəmərlərin marşrutunu müəyyənləşdirə bilməyəcək.

İkincisi, Rusiya razılaşmaz ki, Ermənistan təbii qazın tranzitindən əlavə qazanc əldə etsin. Moskvada belə hesab edirlər ki, İrəvan daha çox ondan asılı olmalı, daha çox onun əlinə baxmalıdır.

Ücüncüsü, İranının indiki rəhbərliyi Azərbaycanla Mahmud Əhmədinejad dövründə soyuqlaşan münasibətləri qaydaya salmaq istəyini açıq şəkildə büruzə verir. Tehran İran-Ermənistan münasibətlərinin yaxınlığından da rəsmi Bakının narahatlığını qəbul edir. Belə bir vəziyyətdə İranın Ermənistanı çox da yaxına buraxması inandırıcı görünmür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm