Ermənilərin iflas olan ümidləri: Marqvelaşvilinin növbəti dayanacağı Bakı ola bilər
Bizi izləyin

Dünya

Ermənilərin iflas olan ümidləri: Marqvelaşvilinin növbəti dayanacağı Bakı ola bilər

Bunu lazımınca qiymətləndirmək iqtidarında deyillər və İvanişvili baş nazir olarkən onlara milyonlarla dollar gəlir gətirən layihələrin ziyanlı olması barədə fikirlər söyləmişdi

Təxminən bir həftə əvvəl Ermənistanın “7or” saytının baş redaktoru, “Siyasi İqtisadiyyat” Tədqiqat Mərkəzinin direktoru Andranik Tevanyan “Fasad demokratiyası” və "Bir oliqarxın iqtisadiyyatı” yazısında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Ermənistan prezidenti Serj Sarkisyan arasında müqayisəli təhlili aparmışdı.

Yazıda M.Saakaşvili ilə bağlı aşağıdakı fikirlər yer almışdı:“Saakaşvilinin daxili və xarici siyasəti nəticəsində Gürcüstan Türkiyə-Azərbaycan kapitalının təsiri altında oldu. oldu. Və bu aydındır, əgər regionda tarazlaşdırılmış xarici siyasət kursu həyata keçirmirsənsə və Qərbin qucağına atılırsansa, o halda dərhal Türkiyənin təsiri altına düşür və Azərbaycanın əlaltısı olursan. Çünki, Türkiyə Qərbin Qafqaz operatorudur. Təsadüfi deyil ki, Gürcüstan hazırda Türkiyə-Azərbaycan kapitalın əlavəsinə çevrilib. İvanişvili komandası isə vəziyyəti düzəltməsi üçün çox çalışmalı olacaq”.

Ermənilər ümidvar olduğunu gizlətmirdilər ki, Saakaşvilinin gedişindən sonra Tiflisin Ankara və Bakıya meylli siyasətində dəyişiklik olacaq. Keçmiş baş nazir bunun müəyyən işartılarını da vermişdi. Amma Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin ilk xarici rəsmi səfərini Türkiyəyə etməsi ermənilərin ümidlərinin üstündən xəttə çəkildiyi anlamına gəlir.

Türkiyə prezidenti Abdulla Gül onun ölkəsində səfərdə olan Gürcüstan prezidentinin ilk rəsmi səfərini Türkiyəyə etməsini xüsusi olaraq vurğuladı. “Bu seçimi strateji ortaqlığımızın bir təzahürü olaraq görürük”,-A.Gül söyləyib.

Gürcüstan prezidenti də çıxışında Türkiyədə olmaqdan məmnuniyyəti dilə gətirərək Türkiyənin Gürcüstanın ən yaxın ortağı olduğunu dilə gətirib. O, iki ölkə arasında yaxın qonşuluq və qarşılıqlı anlayış prinsipinə söykənən strateji əməkdaşlıq olduğunu söyləyib.

Publika.Az –a açıqlamasında politoloq Qabil Hüsenli hesab edir ki, Gürcüstanın regionda hansı balans sistemini yaratmaq istəyində olduğunu anlamaq çox çətindir.

Gürcüstan hakimiyyətinin parçalanmış və müxtəlif güclərin təsiri altında olan bir hakimiyyətə bənzədiyini deyən politoloq qeyd edir ki, Bidzina İvanişvili hakimiyyətdən çəkilsə də prezident və baş nazir də daxil olmaqla əksər rəhbər şəxsləri idarə edir. Q.Hüseynli Gürcüstan prezidentinin ilk səfərini Ermənistana etməməsinə baxmayaraq, İrəvanı küsdürmədiyini deyir:

“Məsələn, Gürcüstan hava məkanını Rusiya təyyarələri üçün açmaqla Ermənistan-Rusiya hava dəhlizini yaratdı. Bununla da Ermənistanın blokadadan müəyyən qədər çıxmasına yardım etdi. Ermənilərin özləri də belə bir hədiyyəni gözləmirdilər”.

Q.Hüseynlinin fikrincə, gürcülər bununla belə onların həyatının Azərbaycan və Türkiyədən asılı olduğunu gözəl anlayır:“Baxmayaraq ki, bunu lazımınca qiymətləndirmək iqtidarında deyillər və İvanişvili baş nazir olarkən onlara milyonlarla dollar gəlir gətirən layihələrin ziyanlı olması barədə fikirlər söyləmişdi. Sonradan isə bu fikirlərdən imtina etməyə məcbur oldu. Bu gün Gürcüstan büdcəsinin təxminən qırx faizi Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa kəmərləri, hazırda çəkilən Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də Azərbaycandan gedən turistlərin verdiyi xeyir sayəsində formalaşır. Gürcüstan bilir ki, regiondakı strateji layihələr Azərbaycan və Türkiyənin iştirakı ilə formalaşır. Gürcüstan prezidentinin Türkiyəyə səfəri vacib səfərlərdən biridir”.

Q.Hüseynli hesab edir ki, Gürcüstan prezidentinin sözügedən səfərində Ermənistana da müəyyən mesajlar var:“Ermənistana belə bir mesaj verilə bilər ki, ay Rusiyanın dalınca sürünən ölkə, sən böyük layihələrdən kənarda qalmısan, mən də bu böyük layihələri yaradan ölkələrə üzümü çevirəm. Gürcüstan Ermənistanla hansı əlaqələri qura bilər ki? Ermənistan kasıb bir ölkədir. Gürcüstan əhalinin rifahının yüksəldilməsi üçün iqtisadi baxımdan inkişaf etmiş, eyni zamanda qonşu Türkiyə və Azərbaycana üzünü tutsun. Güman edirəm ki, Türkiyəyə səfərdən sonra Gürcüstan prezidenti Azərbaycana səfər edəcək. Çünki, hər iki ölkədən nəyisə ummaq mümkündür”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm