MKİ-nin Suriya barəsində yeni iddiaları və İraq işğalı
Bizi izləyin

Dünya

MKİ-nin Suriya barəsində yeni iddiaları və İraq işğalı

MKİ-nin Suriya barəsində yeni iddiaları və İraq işğalı

Suriyanın kimyəvi silahlarının ölkədən çıxarılması üçün qəbul olunan növbəti layihə də yerinə yetirilmədi.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyanın kimyəvi silah arsenalının məhvinə dair qəbul etdiyi ilkin layihədə kimyəvi silahların 31 Dekabr 2013-cü il tarixinə kimi Suriyadan çıxarılması və 2014-cü ilin fevralın 5-nə kimi məhv edilməsi nəzərdə tutulurdu. Ancaq ölkədəki qeyri-stabil vəziyyət layihənin qrafik üzrə həyata keçirilməsinə imkan verməyib. Digər tərəfdən Əsəd rəhbərliyinin layihəni yerinə yetirmək istədiyi də sual doğururdu.

İkinci qrafikə görə isə kimyəvi silahların ölkədən çıxarılması üçün son tarix olaraq 13 Aprel tarixi nəzərdə tutulurdu. BMT və KSQT-nin birgə missiyasının koordinatoru olan Siqrid Kaaq isə bir həftə əvvəl Dəməşqdə keçirdiyi mətbuat konfransında Suriyanın kimyəvi silahlarının 92 faizinin artıq ölkədən çıxarılaraq məhv edildiyini deyib. Bununla yanaşı, Siqrid Kaaq Suriyada saxlanılan kimyəvi silahların qalan 8 faizinin təhvil verilməsinin vacibliyinə toxunaraq Dəməşq rəsmilərinə xatırladıb ki, kimyəvi silahların təhvili prosesinin sona çatdırılması üçün iyun ayının 30-na qədər yəni, iki ay vaxt qalıb.

Bəzi mənbələr isə iddia edir ki, Suriya rejimi kimyəvi silah arsenalının bir hissəsini İran və Livana daşımağa imkan tapıb. ABŞ, Fransa və Böyük Britaniyanın xüsusi xidmət orqanları isə Suriya rejimində məxfi kimyəvi silah arsenalının olduğundan şübhələnir.

Publika.az – ın verdiyi xəbərə görə, Fransanın Strateji Analizlər İnstitutunun (IFAS) qurucusu, tarixçi geostrateq Fransua Jere ölkəsinin “Atlantico” qəzetinə müsahibəsində sözügedən iddiaları dəyərləndirib.

Onun fikrincə, kimyəvi silah arsenalının ölkədən çıxarıldığına 100 faiz əmin olmaq mümkün deyil. Kimyəvi silahların az miqdarda gizlədilməsinin mümkün sayan analitik bununla belə həmin silahların genişmiqyaslı hücumlar və raket zərbələri üçün artıq kifayət etməyəcəyini deyib.

“Şübhələr ilk növbədə xlor qazının tətbiqinə aiddir. Bu qazı istehsal etmək və yaymaq daha asandır. Xlor və onun törəmələrindən hər yerdə dezinfeksiya üçün istifadə olunur. Bu qazın tətbiqini qadağan etmək sadəcə alınmayacaq”, - F.Jere bildirir.

Məlumata görə, Suriyada kimyəvi və bioloji silah istehsalı üçün lazım olan avadanlığın böyük hissəsi məhv edilib. Kimyəvi silahların müəyyən hissəsinin hələ də gizli şəkildə saxlanılması ilə bağlı xarici xüsusi xidmət orqanlarının informasiyalarına gəlincə, fransalı ekspert hesab edir ki, bu ölkədə ən əhəmiyyətli siyasi hadisənin yaxınlaşması ilə izah olunmalıdır: “Vətəndaş müharibəsinin ortasında Suriyada prezident seçkiləri keçiriləcək. Bu faktı artıq Əsəd üçün müvəffəqiyyət hesab etmək olar. Seçkilərin keçirilməsi onu deməyə əsas verəcək ki, Əsəd ölkəni əlində saxlayır”.

“Atlantico”nun əməkdaşı xatırladır ki, 2002-ci ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında İraq BMT-nin bütün qətnamələri pozaraq kimyəvi silahın istehsalına davam etdirdiyi deyilirdi. “Bu hesabat İraqa müdaxilə üçün bəhanə oldu. Suriyanın kimyəvi silahlarının gizlədildiyi barədə deyilənlərlə paralellik aparıla bilərmi” sualına F.Jere aşağıdakı şəkildə cavab verib: “Suriyadakı vəziyyəti İraqla müqayisə etmək olmaz. MKİ-nin hesabatı 2002-ci ildə hazırlanmışdı, amma “sübutlar” saxta oldu. İraq 1990-cı il müharibəsində məğlub olduqdan sonra gizli nüvə obyektlərinin, həmçinin bütün kimyəvi və bioloji silah arsenalının, ballistik raketlərin məhv edilməsinə razı olmuşdu. 11 il ərzində İraq effektiv müşahidə altında idi. Suriyada isə Əsəd vəziyyətin sahibidir. Ona heç kim ona qalib gəlmədi və ona öz iradəsini diktə etmir”.

ABŞ, Fransa və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının Suriya rejimində məxfi kimyəvi silah arsenalının olması barədə iddialarından sonra ABŞ hərbi əməliyyatının mümkünlüyünə gəlincə, fransalı ekspet bunu gözləmədiyini dilə gətirib: “Amerika Konqresində daxili problemlərə qapanmaq cəhdi üstündür. Uğur və iqtisadi xeyir zəmanəti olmayan bahalı hərbi macəralar daha ABŞ-a lazım deyil”.

Fransalı ekspert Suriyada gizli kimyəvi silah arsenalının mövcudluğundan ciddi şəkildə şübhələndiyini dilə gətirib. “Ukraynada vəziyyətin kəskinləşməsi fonunda hətta ən sadə bəyanatlar Rusiya-ABŞ münasibətlərinin daha da pisləşməsi üçün kifayət edir. Vaşinqton Suriya böhranının həllində əməkdaşlıq perspektivlərini saxlamaq üçün Moskva ilə bağlı ehtiyatla davranır, sanksiyaları mərhələli şəkildə tətbiq edir. Hər halda Ukraynada zorakılığın artması de-fakto Suriya probleminə də təsir edir. Nəhayət, tərəflərdən heç biri istəməzdi ki, fikir ayrılıqlarının güclənməsi İranın nüvə proqramı üzrə danışıqlarda da özünü göstərsin”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm