Kəndçi qızı, həkim, yoxsa... - Belarusda birinci xanım kimdir? - - FOTOLAR
Bizi izləyin

Dünya

Kəndçi qızı, həkim, yoxsa... - Belarusda birinci xanım kimdir? - - FOTOLAR

"Heç kim məndən boşanmaq istəməyib".

Yanvarın 7-də Minskdə kilsəyə gələn Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Nikolay və naməlum qadınla birlikdə görüntüləndi. “Belarus 1” telekanalı tərəfindən yayımlanan görüntülərə görə, “Mersedes”in arxa oturacağında əyləşən Lukaşenko avtomobilin sağ qapısından çıxıb. Sol qapıdan əvvəlcə Nikolay, daha sonra örpəkli bir qadın düşüb.

Həqiqətənmi Lukaşenkonun şəxsi həyatlarında yenidən dəyişiklik olub?

Publika.az xəbər verir ki, Rusiyanın lenta.ru saytı “Lukaşenkonu əhatə edən qadınlardan hansı birinci xanım roluna iddia edə bilər” sualına cavab tapmağa çalışıb.

Nəhayət, birinci xanım?

“Doğrudanmı, Belarusda nəhayət birinci xanım çıxdı?” – deyərək KİV nümayəndələri bir-birinin sözünü kəsərək soruşurdu. Rəsmi xronikalarda “sirli qadın”ın adı açıqlanmır.

Ehtimal edilir ki, qadın Aleksandr Lukaşenko və onun kiçik oğlunun arasında otururdu. Düşünmək məntiqli olardı ki, bu yeri oğlanın dayəsi tuta bilərdi.

Açıq mənbələrə əsasən, Aleksandr Lukaşenko 1975-ci ildən Qalina Radionovna Jolneroviçlə evlidir. Onlar hələ məktəbdə tanış olub. Qalina bir müsahibəsində yada salırdı ki, Saşa yaraşıqlı oğlan idi və komsomol komitəsinin üzvü idi. Orta məktəbi bitirdikdən sonra hər ikisi Moqilyov Pedaqoji İnstitutuna daxil olur və görüşməyə davam edirlər. Lukaşenko diplomu alanda qız hələ 3-cü kursda oxuyurdu. Lakin onlar evləndilər və tezliklə ilk uşaq Viktor doğuldu. Uşaq dünyaya gələndən sonra ailə Moqilyovdan kəndə qayıtmalı oldu. Uşağın yanında olmaq üçün Qalina bağçada tərbiyəçi işinə düzəldi. Sonra ikinci oğul Dima doğuldu. Həmin vaxtda Aleksandr Qriqoreviç karyera yüksəlişində idi.

1994-cü ildə Lukaşenko prezident olanda arvad onunla paytaxta gəlmədi. Qalina iddia edir ki, özü kənddə qalmağa qərar verib. Düzdür, gizlətmir ki, əri onun paytaxta köçməsinə təkid etmirdi. O deyir ki, uşaqlarına və nəvələrinə baş çəkmək üçün Minskdə tez-tez olur. Amma Qalina Drozdaxda (Lukaşenkonun paytaxt iqamətgahı - red.) özünü sahibə kimi hiss etmir. Onun Rijkoviçdəki evi müşahidə məntəqəsi və çox hündür hasarları ilə ümumi fonda seçilir. Lakin ev cah-calallı deyil.

Dövlət başçısının xanımının kiçik təsərrüfatı var. Onun əvvəllər inəyi də var idi. Lakin birinci xanımın inək sağmasını göstərən fotoşəklin qəzetlərdən birində dərc olunmasından sonra Lukaşenko xanımı mal-qaradan imtina etməyi məcbur etdi. Eyni zamanda, ona mətbuatla ünsiyyət saxlamaq qadağan olundu. Qalinanın sözlərinə görə, Saşa gənclikdə ona öz şeirlərini oxuyur, illər sonra ölkəyə rəhbərlik etməyə başlayacağını güman etmirdi. Ancaq qürurla qeyd edir ki, dövlət başçısı seçilməsinə təəccüblənməmişdi: “Axı o, qeyri-adi insandır”. Və etiraf edir ki, indiyə qədər Lukaşenkonu sevir.

Xeyirxah doktor

Prezidentin üçüncü oğlunun dünyaya gəlməsi haqda şayiələr 2004-cü ilin payızından yayılmağa başlayıb. Məhz həmin vaxt İrina Abelskaya – Lukaşenkonun keçmiş şəxsi həkimi və həmin zaman prezidentin İşlər İdarəsinin tabeliyindəki respublika xəstəxanasının rəhbəri oğlan uşağı dünyaya gətirir. 2007-ci ilin aprelində Abelskayanı bu vəzifədən çıxarıblar, ondan sonra qadın məsləhətxanasındakı UZİ-də işləyir. Prezidentin üçüncü oğlu barədə yeni söhbətlər 2007-ci ildə, Lukaşenko Belarus KİV-nin rəhbərləri üçün mətbuat konfransı keçirəndə, gələcək prezidentlik perspektivləri ilə bağlı suala cavab verəndə qaldırılıb. O bəyan edib ki, varis kimi böyük oğlu Viktoru yox, ən balacasını hazırlayacaq: “Ən balacasını hazırlayacağam, unikal insandır”.

Məhz həmin vaxt Lukaşenkonun öz dilindən səslənib ki, onun üçüncü oğlu var. Bundan bir qədər sonra həmin məsələ yenidən gündəmə gələndə jurnalistlərin sualını cavablandıran Lukaşenko deyib: “Hər yerdə söhbət gedir ki, guya bu təşkilat (söhbət “Belaya Rus” İctimai Birliyindən gedir) gələcək prezident üçün yaradılıb və bunun vasitəsilə böyük oğlum prezident olacaq. Mən artıq demişəm: kiçik oğlum Belarusun prezidenti olacaq”.

Aleksandr Lukaşenko kiçik oğlunu 2008-ci ildə üzə çıxarmağa başlayıb. Uşağın kim olduğunu deməsə də, ona elə hisslərlə yanaşıb ki, bu ata nəvazişinə bənzəyib. Əvvəlcə BELTA dövlət informasiya agentliyinin fotokameraları dövlət başçısını oğlanla aprelin 19-da respublika iməciliyində lentə alıblar, həmin gün oğlan dövlət başçısı ilə birlikdə prezidentin hokkey komandasının oyunu ərəfəsi buz üstünə də çıxıb.

Nikolay 2004-cü il avqustun 31-də anadan olub.

İrina Abelskaya haqqında çox az şey məlumdur: Brestdə doğulub, birinci nikahdan Dmitri adlı oğlu var, 1994-cü ilə qədər Minsk xəstəxanalarından birində adi terapevt işləyirdi. Hər şey Lukaşenkonun prezident olmasından sonra dəyişdi. Lukaşenko prezident seçilməsindən dərhal sonra şəxsi həkimin tapılması barədə sərəncam verir. Bildirilir ki, bu vəzifəyə ərdə olmayan, 30 yaşında, yaxşı xarici görünüşü və uşağı olan qadın ideal namizəddir. Beləliklə, 29 yaşlı İrina Abelskaya prezidentin şəxsi həkimi olur. O, prezidenti hər yerdə müşayiət edirdi. Rəsmi görüşlər və səfərlər zamanı İrina birinci xanım kimi Lukaşenkonun yaxınında dayanır və vəzifəsinə daxil olmayan məsələləri tez-tez həll edirdi. Həkim respublika başçısına tezliklə elə təsir edə bildi ki, hökumətin bəzi üzvləri belə bunu düşünə bilmirdilər.

Şayiələrə görə, İrina digər qadınların Lukaşenkonun ətrafında dolaşmasına qısqanclıqla yanaşırmış. Deyirlər ki, bir dəfə Lukaşenko yeni il qəbulunda nazirlərdən birinin arvadı ilə rəqs edərək əylənirmiş. İrina musiqinin dayanmasını gözləmədən cütlüyü ayırmaqdan çəkinməyib, bəyan edib ki, indi Aleksandrla rəqs etmək növbəsi onundur.

2001-ci ildə Lukaşenko onu şəxsi doktor kimi “bədəndən ayırır” və prezidentin İşlər İdarəsinin tabeliyindəki respublika xəstəxanasının baş həkimi təyin edir. Abelskaya ilə prezidentin gizli münasibətləri 2007-ci ildə başa çatır. Şayiələrə görə, oğlu anadan olandan sonra Lukaşenko İrinanı öz mühafizəçilərindən birinə ərə verib.

Müğənni sevgilisi

Müğənni İrina Dorofeyev Lukaşenkonun daha bir gözəçarpan sevgilisi oldu. 2007-ci ildə mahnı teatrına gələn Lukaşenko şəxsən özü “İrina Dorofeyeva-Belarusun simasıdır” adlı dövlət proqramını imzaladı. Müğənninin təsvirləri Minsk küçələrində çıxdı, paketlərin üzərində əks olundu. Müğənni Soçi məzuniyyətlərində prezidenti müşayiət edir, Vitebskdə “Slavyan bazarı” festivalı zamanı onun iqamətgahında yaşayırdı. Dorofeyeva özünün 30 yaşı tamam olanda Lukaşenkoya “Mənim müqayisə edilməz, fövqəladə və xəyali mələyim” mahnısını həsr edib.

Deyirlər ki, həmin zaman dövlət başçısı Dorofeyevaya bağlılığını gizlətməyə çalışmırdı. Gözəlin açıq jestinə cavab olaraq, Lukaşenko televizor ekranından Dorofeyevanın doğum gününü açıq təbrik etdi. "Bir may" küçəsində İrina ilə qonşuluqla yaşayan Minsk sakinləri danışırdılar ki, həyətlərdə və yaxındakı evlərin bloklarında prezidentin mühafizəsini tez-tez görürlərmiş.

Təşəkkür bizim həkimlərimizə

Batka sağlamlığının qayğısına qalmağa unutmurdu. Abelskayadan sonra Svetlana Konoşenko prezidentin yeni şəxsi həkimi oldu. 2008-ci ildə Belarus Səhiyyə Nazirliyi həkim-terapevtlik üzrə ona ən yüksək ixtisaslaşma kateqoriyasını verdi. Həmin xoşagələn sarışını Belarus liderinin yanında daim görürlər.

Konoşenko prezidentin bütün kənd təsərrüfatı aksiyalarında iştirak edir, onunla kartof yığır, ot biçir. Məlumdur ki, prezidentin bu “əyləncələrinə” yalnız yaxın adamlar buraxılırlar. Drozdaxda məhsul yığımı zamanı Svetlana dövlət başçısı ilə birlikdə işləyirdi: Lukaşenko meyvələri qoparır və onları şəxsi həkiminə atırdı.

Protokol üzrə xanımlar

Prezident son zamanlar başqalarının yanında model görünüşlü qızlarla ortaya çıxır. Onun sözlərinə görə, bunlar protokol xidmətinin əməkdaşlarıdır. 2016-cı ilin iyununda “Miss Belarus” müsabiqəsinin finalında (hər il baş çəkir - red.) dövlət başçısının yanında 3 gənc qız görünmüşdü.

Lukaşenkodan solda “Belteleradiokompaniya”nın aparıcısı Polina Şuba əyləşirdi. Prezident ilk dəfə onu on il əvvəl görmüşdü. 12 yaşlı Polina ona mədəniyyət sarayının açılışında gül vermişdi. Qız 2008-ci ildə “Miss Belarus” müsabiqəsinin finalçılarından biri oldu.

Respublika başçısının sağında isə müğənni və aktrisa Marta Qolubeva əyləşmişdi. O, 2008-ci il iyulun 3-də olkənin müstəqillik günündə təşkil edilən konsertdə Lukaşenko ilə birlikdə rəqs edirdi. Qızın həmin vaxt 18 yaşı var idi və “Verasa” ansamblının tərkibində çıxış edirdi. Qolubeva 2012-ci ildə İncəsənət Akademiyasının teatr fakültəsini bitirib.

Müsabiqədə həmçinin Darya Şmanay iştirak edirdi. Onu da tez-tez prezidentin yanında görürlər: hokkeydə, parlamentə illik müraciətində, hətta inauqurasiyada.

Lukaşenkonun digər “qurbanı”, əgər yenə şayiələrə inansaq, müğənni Lika Yalinskaya olub. Çoxları bu qızı bir zamanlar Belarusda keçirilən birinci milli gözəllik müsabiqəsinin qalibi kimi xatırlayıblar. 2013-cü ilin may ayının 14-də Aleksandr Lukaşenko Ermənistan paytaxtına səfərə gələndə Belarus nümayəndə heyətinin tərkibində siyasi təsisatların rəhbərləri, digər rəsmi şəxslər, biznesmenlərlə yanaşı, sevgilisi də olub. Yaşı 22-25 arasında olan həmin qızın Qomeldə doğulan ixtisasca iqtisadçı İrina Prixodko olduğu bildirilib.

Belarusda birinci xanımın yoxluğu haqqında suala cavab olaraq Lukaşenko bildirib ki, arvadı ilə 30 ildən çoxdur birlikdə yaşamamasına baxmayaraq, rəsmi nikahı var və ayrılmağa hazırlaşmır. “Bu niyə lazımdır? Bu kimə lazımdır? Deyin, məndən boşanmanı kim tələb edir?”, - deyə Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, heç kim ondan boşanmağı xahiş etməyib. "Heç kəs və heç vaxt. Həmçinin Daşa”, - o, gözlənilmədən etiraf edib.

Bir dəfə Belarus politoloqu Valeri Kabaleviç prezidentin deputatlar qarşısında nitqini şərh edərək Lukaşenkoya daha diqqətli qulaq asmağı məsləhət gördü. Onun sözlərinə görə, dövlət başçısı çıxışlarında özü də arzulamadan tez-tez “sirləri”ni ələ verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm