Ermənistanda seçkilərə kimlər gedir?
Bizi izləyin

Dünya

Ermənistanda seçkilərə kimlər gedir?

Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə 5 partiya və 4 seçki bloku qatılacaq.

Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə 5 partiya və 4 seçki bloku qatılacaq. Həmin partiya və bloklar artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən partiyalar bunlardır: hakim Respublikaçılar Partiyası, "Daşnaksütyun" erməni inqilabi federasiyası, "Azad demokratlar", "Erməni dirçəlişi" və Ermənistan Kommunist partiyaları. Hakim Respublikaçılar Partiyasının siyahısında birinci sırada müdafiə naziri Vigen Sarkisyan gəlir.

Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən bloklar isə bunlardır: ""Çıxış Yolu" bloku (təsisçi - "İşıqlı Ermənistan" partiyasının rəhbəri Edmon Marukyandır), "Tsarukyan"bloku ("Çiçəklənən Ermənistan" partiyasının sədri Gagik Tsarukyan) "Оhаnyan-Raffi-Oskanyan" bloku (keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs" Partiyasının lidei Raffi Ovanisyan) və "Erməni Milli Konqresi", - Ermənistan Xalq Partiyasının bloku (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyandır).

Azı 101 deputat

Fevralın 17-də seçkidə iştirak edəcək siyasi qüvvələr Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim ediblər. MSK sədri Tigran Мukutsyan bildirib ki, ümumilikdə 1539 deputatlığa namizəddən 1191 nəfərin namizədliyi irəli sürülüb. MSK sədri deyib ki, ən çox Kotay, ən az isə Araqotsot və Tavuş bölgələri üzrə namizədlər var.

Konstitusiyaya dəyişikliklərə görə, parlamentdə, azı, 101 deputat təmsil olunacaq. MSK sədri Tigran Мukutsyan deyib ki, təqdim olunan bütün sənədlər araşdırılacaq. Fevralın 26-a qədər seçkilərdə iştirak edən partiya və blokların qeydə alınması prosesi başa çatdırılacaq. Qeydiyyat bitəndən sonra martın 5-də partiya və blokların seçki kampaniyası başlanacaq.

Seçkilərə kim hansı şüarla gedir? Dəyişiklik, sülh, qələbə...

Prezident Serj Sarkisianın rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasının seçkilərə hansı şüarla gedəcəyi, hələlik, bəlli deyil. Hakim partiyanın təşkilat komitəsinin sədri Ruben Tadevosyan bildirib ki, partiyanın şüarı var. Amma onlar, hələlik, bunu açıqlamırlar.

Gagik Tsarukyanın rəhbərlik etdiyi "Tsarukyan" bloku seçkiyə "Vaxt dəyişiklik və quruculuq vaxtıdır" şüarı ilə qoşulur. Gagik Tsarukyan partiya təmsilçilərinin qarşısında blokun 15 maddəlik proqramını təqdim edib. Tsarukyan deyib ki, ölkə iqtisadiyyatı çox ağır durumdadır:

"Bunu tək mən yox, baş nazir də deyir. Bu gün iqtisadiyyatımız dəhşətli durumdadır. Tədricən uçuruma gedirik".

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi seçkiyə "Sülh, barışıq, mehribanlıq" adı altında gedir.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın, "İrs" partiyasının lideri Raffi Ovnesyanın və "Birlik" partiyasının lideri Vardan Oskanyanın yaratdığı blokun da şüarı belədir: "İrs, birlik, qələbə".

"Çıxış Yolu" bloku" seçkidə özünə "Seçki, dəyişiklik və qələbə" şüarı götürüb.

"Azad demokratların" şüarı bir az tanış səslənir - "Biz bacaracağıq".

"Daşnaksyutun"un şüarısa "Yeni başlanğıc, ədalətli Ermənistan"dır. Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Artur Bagdasaryanın "Erməni Dirçəliş" partiyası isə seçkiyə "Dəyişikliklər naminə səs ver, dirçəliş naminə səs ver" şüarı ilə gedir.

2 aprel seçkisi prezident Serz Sarkisyanın ikinci səlahiyyət müddətinin bitməsinə bir il qalmış baş tutur.

2015-ci ildə Ermənistan Konstitusiyasına edilən dəyşikliklərdən sonra Ermənistan yarımprezident idarəçiliyindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Aprelin 2-də keçiriləcək parlament seçkisi Konstitusiyaya dəyişikliklərdən sonra keçirilən ilk seçkidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm