• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fərhad Mehdiyev: “ABŞ Qarabağ məsələsində Fransanın fikrini dəyişdirə biləcək”

  • Dünya
  • 8 May 2014 16:18
  • 717 Baxış
Fərhad Mehdiyev: “ABŞ Qarabağ məsələsində Fransanın fikrini dəyişdirə biləcək”

Xəbər verdiyimiz kimi, dünən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtondakı Kornegi Mərkəzində Qarabağ probleminə dair geniş məruzə ilə çıxış edib.

Həmsədrin münaqişənin həll edilməsi üçün əsas hesab etdiyi prinsipləri aşağıdakı kimi sıralayıb:

1. Tərəflər Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşır və onun yekun hüquqi statusunun Dağlıq Qarabağ əhalisinin iradəsi əsasında müəyyən edilməsi gələcəyə saxlanılır.

2. Müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət verməlidir.

3. Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır.

4. Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.

5. Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır.

6. Tənzimləmə beynəlxalq zəmanətləri və sülhməramlı əməliyyatı nəzərdə tutmalıdır.

Publika.az – a açıqlamasında beynəlxalq qanunvericilik üzrə ekspert, politoloq, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev amerikalı həmsədrin məruzəsini dəyərləndirib.

Sözügedən prinsiplərin Madrid Prinsiplərinə yaxın olduğunu deyən ekspert qeyd edib ki, fərqlər də olmamış deyi. O, bildirib ki, Madrid Prinsiplərində “referendum” ifadəsini daha üstün şəkildə eşitmək mümkün idisə, Uorlikin planında bu yoxdur: “Əvvəllər münaqişənin mərhələli şəkildə həll planı var idi. Bu daha çox ona oxşayır. Fikrincə, bu cür həll planı heç də Azərbaycanın əleyhinə deyil, Azərbaycanın maraqlarını təmin edən bir həll planıdır. Məsələn, Azərbaycan bir çox məsələlərdə ona görə razılaşmaya getmədi ki, orada konkret olaraq referendum şərtinin qəbul edilməsi təklif olunurdu. Baxmayaraq ki, referendumun hansı tarixdə keçirilməsi dəqiq müəyyənləşdirilməmişdi. Uorlikin planında bunu açıq şəkildə görmürük. Keçid status tanınmalı, yekun status gələcəkdə həll edilməli, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar qaytarılmalı, Laçın rayonunda da dəhliz yaradılmaqla qalan hissəsi Azərbaycana qaytarılmalıdır. Diqqət yetirsək görərik ki, bu tam olaraq Azərbaycanın mövqeyi deyil, ermənilərin maraqları da nəzərə alınır. Amma sanki ABŞ bir az bizim tərəfə yönəlib. ABŞ hazırda Rusiyanın ekspansiya siyasətinin qarşısını almaq istəyir. Bunun üçün isə Dağlıq Qarabağ məsələsi həll olunmalıdır, ən azından bu formada həll olunmalıdır. Azərbaycanın minimum tələbləri və bu tələblər qarşılanmalıdır. ABŞ da bunu başa düşür”.

ABŞ-ın belə bir yanaşma ortaya qoymasının səbəblərinə gəlincə, F.Mehdiyev bunu Ukrayna hadisələrindən sonra yaranan vəziyyətlə izah edib: “Krım hadisələrindən sonra ABŞ-da başa düşürlər ki, Ermənistan regionda Rusiyanın forpostu olduğu üçün Azərbaycanı Rusiyanın imperial siyasətinə qarşı daha çox qorumaq lazımdır. Krım hadisələri bu planın hazırlanmasına böyük təsiri olub”.

Politoloq Ermənistanın bu plana isti baxacağına inanmır. F.Mehdiyev burada Rusiya amilinin xüsusi əhəmiyyət daşıdığını deyib: “Rusiya bu planın qəbul edilməsi üçün Ermənistanı razı salmalıdır. Amma bu Rusiyanın maraqlarını çox da təmin edən bir plan olmadığı üçün Moskva Ermənistanı razı salınmasına can yandırmayacaq. Amma burada başqa bir məsələ var. Rusiya prezidenti Vladimir Putin bəyanat verdi ki, ordunu Ukrayna sərhədindən geri çağırıb. Putin Ukrayna məsələsində geri çəkilərsə, ABŞ Qarabağ məsələsində Rusiyadan müəyyən şeylər qopara bilər. Yəni, deyə bilər ki, Qarabağ məsələsində mənimlə razılaşsan, sanksiyaları tamamilə qaldıracam. Amma bunu indidən demək çətindir ki, Vaşinqton Moskva qarşısında belə bir şərti qoyacaq”.

Müsahibimiz Minsk Qrupunun digər həmsədri Fransanın Rusiyadan fərqli bir mövqe sərgiləcəyini düşünür:

“Fikrimcə, Fransa bu plana dəstək verəcək. Düzdür, Fransada erməni lobbisi güclüdür və dövlət siyasət olaraq erməniləri qoruyur. Amma ABŞ-ın bu məsələdə Fransanın fikrini dəyişdirəcə biləcəyini düşünürəm. Biz Krım məsələsinə qədər olan dövrdən danışsaydıq ki, ABŞ-ın Fransanın fikrini dəyişdirə bilməyəcəyini deyə bilərdik. Krım məsələsindən sonra ABŞ bəlkə də bu məsələdə daha israrlı olacaq. Amma Rusiya barədə eyni şeyi deyə bilmirəm”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR