Şotlandiya üçün “ikinci şans”: Birləşmiş Krallığın taleyini sikkə həll edəcək?
Bizi izləyin

Dünya

Şotlandiya üçün “ikinci şans”: Birləşmiş Krallığın taleyini sikkə həll edəcək?

Şotlandiya Böyük Britaniyadan ayrılmaqla bağlı təkrar referendum keçirmək niyyətindədir.

Şotlandiya Böyük Britaniyadan ayrılmaqla bağlı təkrar referendum keçirmək niyyətindədir. Martın 17-də Şotlandiyanın müstəqilliyi haqqında referendumun keçirilməsi elan edilə bilər.

Publika.az xəbər verir ki, Şotlandiyanın birinci naziri, Milli Parlamentin lideri xanım Nikola Stercenin sözlərinə görə, Şotlandiyanın maraqları “Brexit” (Böyük Britaniyanın Avropa İttifaqına üzvlük məsələsinin çıxarıldığı referendum –red.) zamanı nəzərə alınmamışdı.

O bildirib ki, buna görə də Şotlandiyaya “daha bir şans” – müstəqillik üçün təkrar referendum lazımdır. Skeptiklər hesab edirlər ki, Nikola Stercen sadəcə iqtisadi problemləri maskalamağa çalışır. Politoloqların fikirinə əsasən, yaxın vaxtlarda müstəqillik haqqında referendumun keçirilməsi ehtimalı ağlasığmazdır.

Böyük Britaniyanın vahid qalmasını dəstəkləyənlər vurğulayırlar ki, Nikola Stercen şəxsi reytinqləri yüksəltmək və sakinlərin diqqətini iqtisadi problemlərdən yayındırmaq istəyir.

Böyük Britaniyanın baş naziri Tereza Mey Şotlandiyanın birinci nazirinin yeni referendumun keçirilməsini elan edəcəyindən ehtiyat edir. Baxmayaraq ki, 2014-cü ilin sentyabrında keçirilən referendumdan sonra yeni referendumun “növbəti nəsil vasitəsilə” keçirilməsi elan edilmişdi. Yəni, təxminən 10 il sonra. Amma indi vəziyyət dəyişib, 2016-cı ilin iyununda Birləşmiş Krallıq Avropa İttifaqından çıxmaq barədə qərar verdi. Ancaq şotlandiyalıların 62 faizi Avropa İttifaqında qalmaq üçün səs verdilər. Nikola Stercenin də dediyi kimi, “Brexit”də şotlandiyalıların maraqları nəzərə alınmadı.

Mümkün referendum haqqında xəbərlər fonunda bazar ertəsi Honkonq birjasında funt-sterlinqin kursu dollar qarşısında 0,4 faiz, avro qarşısında isə 0,5 faiz düşdü. Analitiklər hələ ki soyuqqanlılıq göstərirlər.

OANDA-nın böyük treyderi Stiven İnness xəbərdarlıq edir ki, diqqəti məhz Avropa İttifaqı-Böyük Britaniya danışıqlarına yönəltmək lazımdır. Onun sözlərinə görə, bu dünya iqtisadiyyatına daha əhəmiyyətli təsir göstərəcək.

Şotlandiya Milli Partiyasının (SNP) rəhbərliyi isə hesab edir ki, hazırda şotlandiyalılar “ikinci şans”a layiqdirlər. 2014-cü ildə müstəqilliyin tərəfdarları 45 faiz, Böyük Britaniya ilə ittifaqı arzu edənlər isə 55 faiz təşkil etmişdi. Şotlandiya hökuməti hazırda müstəqillik tərəfdarlarının sayının artdığını düşünür.

Şotlandiyanın birinci nazirinin sözlərinə görə, Britaniyanın baş naziri Tereza Meyin başçılıq etdiyi hökumətin yenilməz siyasəti regionu müstəqilliq haqqında yeni referenduma itələyir.

“Əgər müstəqillik haqqında referendum olacaqsa, bu Şotlandiya hökumətinin qəddar niyyətlərinə görə deyil, Böyük Britaniya hökumətinin sərt siyasətinə görə olacaq. Britaniya hökuməti kursu dəyişdirə bilər, amma vaxta az qalıb”, - onun “Times” qəzetində dərc edilən “Yenilməz Mey bizi ikinci referenduma itələyir” başlıqlı materialında deyilir.

Tereza Meyin fikrincə, Şotlandiyada müstəqillik haqqında ikinci referendumun keçirilməsi mümkünsüzdür. O, jurnalistlərə açıqlamasında yeni referendumun keçirilməsi haqqında danışıqların cəmiyyətdə qeyri-müəyyənlik yaratdığını bildirib:

“Britaniyanın tərkibində qalmaq haqqında qərarı Şotlandiya xalqı 2014-cü ildə verib. Bu gün şotland xalqı referendum istəmir”.

İctimai rəy sorğuları göstərir ki, şotlandiyalılar hazırda Tereza Meylə daha çox razıdır.

Tereza Mey həmçinin bu fikirdədir ki, may ayında yer seçkilər keçiriləcəyi üçün ikinci referendum tələb olunmur. Ancaq şans böyükdür ki, Şotlandiya parlamentinin təkrar referendumun seçkilərdən əvvəl keçirilməsi barədə tələbi olsun. Bu, Böyük Britaniya hökumətinin Lissabon müqaviləsinin 50-ci maddəsinin rəsmi aktivləşdirməsi haqqında elanı ilə üst-üstə düşür. Bu isə 2017-ci ilin martında olacaq.

17 martı isə ən ehtimal edilən tarix hesab edirlər. Həmin gün SNP-nin yaz konfransı keçiriləcək.

Birləşmiş Krallığın baş naziri belə sorğunu rədd etmək hüququna malikdir. Ancaq “The Times” qeyd edir ki, bu konstitusional böhrana gətirib çıxara bilər.

Britaniya parlamentinin üzvləri bildirirlər ki, ölkənin gələcəyi ilə risk etmək, referendumun keçirilməsinə icazə vermək lazım deyil. “Siz Birləşmiş Krallığın taleyini sikkənin atılması ilə həll etməyə hazırsınız?” – deyə anonim qalmaq istəyən parlament üzvlərindən biri bildirib.

Unutmaq lazım deyil ki, müstəqil Şotlandiya daha ciddi problemlərlə qarşılaşacaq. Ancaq Tereza Mey Avropa İttifaqı ilə danışıqlar ərəfəsində yəqin ki, “ümumi fond”u saxlamağı istəyəcək və Şotlandiya üçün bir sıra güzəştlərə getməyə hazır olacaq. Xüsusi halda, Şotlandiya və İttifaq arasında mallar və xidmətlərin vahid bazarının saxlanılmasının müzakirəsi mümkündür. ŞNP də bunda təkid edir.

Şotlandiyadan başqa Şimali İrlandiyada da siyasi problemlər yaranıb. Birinci nazirin müavini Martin Makqinnesin qalmaqallı istefasından sonra hökumət koalisiyası dağılıb. Marın 2-də Milli Məclisə növbədənkənar seçkilər təyin edilib.

“The Independent” qeyd edir ki, seçkilər uğursuz olarsa və yeni koalisiya formalaşdırılmasa, Şimali İrlandiya 2021-ci ilə qədər Londonun birbaşa idarəsi altında keçəcək. Bu isə regionda təzyiqi yalnız artıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm