• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Region hər an partlaya bilər: Əjdaha yuxuda ikən Putindən QƏFİL HÜCUM

  • Dünya
  • 2 Mart 2017 18:38
  • 2 402 Baxış
Region hər an partlaya bilər: Əjdaha yuxuda ikən Putindən QƏFİL HÜCUM

Rusiya prezidenti Vladimir Putinin qışın sonuna yaxın Mərkəzi Asiya üzrə turnesi son illər ərzində ən böyük hadisələrdən biri oldu. Putin 26-27 fevral tarixlərində Almatıya, daha sonra Düşənbə və Bişkekə baş çəkdi.

Səfər Moskva və respublikalar arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə uyğunlaşdırıldı. Vaxt da təsadüfi seçilməmişdi: ABŞ prezidenti Donald Trampın yeni administrasiyasının başı hələlik daxili problemlərə qarışıb. Rusiya prezidenti qonşu regionda öz təsirindən istifadə edir. Həm də Mərkəzi Asiyanın problemləri Rusiyaya cavab verməyi çox çətinləşdirir.

Gözqamaşdırıcı cah-cəlal

Düşənbədə yerli elitanın qüruru olan Millətlər Sarayı tacik milli valyutasının ən böyük nominalı olan 500 somoninin kupyurasında təsvir edilib. Binaya xidmət üçün 250 işçi lazımdır. Düşənbədə bildirirlər ki, Millətlər Sarayı reytinqinə görə, dünyada Ağ Evdən sonra ən gözəl bina kimi tanınıb. Amma turistlər və adi vətəndaşlar onun cah-cəlalını qiymətləndirə bilmirlər, çünki bura giriş qadağan edilib.

Yüksək vəzifəli qonaqlar isə sarayın Güzgü zalını görməyə müvəffəq olurlar. Nəhəng Svarovski kristalı gözqamaşdırıcıdır, gözəlliyi ilə heyran edir. Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov kiçik heyətlə bir çox kiçik güzgü ilə bəzədilmiş sütunlara, divarlara və tavana baxırdılar.

Təhlükəli sərhədlər

Rusiya prezidentinin üç ölkəni əhatə edən turnesi rəsmən ticarət-iqtisadi, həmçinin hərbi əməkdaşlığa həsr edilmişdi. Eyni zamanda Tacikistan, Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər. Qırğızıstanla Qazaxıstan isə həmçinin Avrasiya İqtisadi İttifaqının üzvləridir. Tacikistan hələ ki, bu ittifaqdan çəkinir.

Siyasi çağırış açıq müzakirə edilmədi, amma hər şey üzdə idi. 2017-ci ildə Qırğızıstanda prezident seçkiləri planlaşdırılıb. Almazbek Atambayev artıq elan edib ki, seçkilərdə iştirak etməyəcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Tacikistan lideri Emoməli Rəhmon gec-tez işlərindən çəkiləcəklər. Prezident İslam Kərimovun ölümündən sonra qonşu Özbəkistanda hakimiyyətin ötürülməsi sakitcə həyata keçirildi, amma regionda siyasi vəziyyət yenidən qeyri-stabil ola bilər.

Mərkəzi Asiyanın 70 milyonluq əhalisini nəzərə alaraq, təhlükəli radikal islamın yayılması, çiçəklənən narkotrafik, regionun destabilizasiyası Rusiyanı böyük problemlərlə təhdid edir.

Nümunəvi münasibətlər

Almatıda Putin və Nazarbayevin görüşü 2017-ci ildə birinci görüş idi. Onlar ötən il altı dəfə görüşüblər. Siyasətçilər qeyri-formal - dağ xizək kurortunda danışdılar.

Rusiya prezidenti rəsmi hissədə Suriya üzrə danışıqların Astanada təşkil edilməsinə görə həmkarına təşəkkür etdi. Nazarbayev də öz növbəsində qeyd etdi ki, Rusiya və Qazaxıstan nümunəvi münasibətlər qurmağı bacarıb. Və görünür, Belarus prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlardakı demarşına işarə edərək vurğuladı ki, Qazaxıstanın Rusiya tərəfi ilə heç bir problemi yoxdur.

Amnistiya və hərbi baza

Müxtəlif məlumatlara görə, Rusiyada 700 mindən 900 minə qədər Tacikistan vətəndaşı işləyir. Tacik miqrantların vətənə pul köçürmələri ölkənin ümumi daxili məhsulunun üçdə birini təşkil edir. 2016-cı ildə Rusiyadan Tacikistana pul köçürmələrinin məbləği demək olar ki, iki milyard dollara çatıb.

Yanvar ayında Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov Düşənbəyə səfəri zamanı on minlərlə tacikə miqrasiya amnistiyasının verilməsi imkanı müzakirə edilib. Statistik məlumatlara görə, Tacikistanın 128 min vətəndaşının xırda inzibati qanun pozuntularına görə Rusiyaya girişi qadağan edilib. Düşənbə onlardan heç olmasa, yarısı üzərindəki qadağanın götürülməsinə çalışır. Moskvanın belə bir güzəştə nə dərəcədə hazır olduğu anlaşılmazdır. Amma nəticədə Rusiya prezidenti birmənalı şəkildə bildirdi: “Bu mövzu müzakirə edilib. Qərar verilib”.

Ancaq Rusiya prezidenti öz prioritetlərinin Tacikistan səfərində aydın şəkildə göstərdi. Birinci, Kreml lideri Düşənbədə respublikanın təhlükəsizliyi və cənub sərhədlərinin mühafizəsi üçün Rusiya hərbi bazasının əhəmiyyəti haqqında danışdı.

Emoməli Rəhmon həmçinin hərbi əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu ifadə etdi.

Əlavə edək ki, Putin eyni minnəti Qırğızıstanın da üzərinə qoydu. “Bişkek Rusiyanın hərbi kontingentinə daha ehtiyac olmadığını desə, Rusiya Qırğızıstan ərazisindən hərbi bazanı çıxarmağa hazırdır. Qırğızıstan nə vaxtsa, öz silahlı qüvvələrini möhkəmləndirdiyini və Rusiya bazasına ehtiyacın olmadığını bildirsə, biz həmin gün gedəcəyik”, - Rusiya prezidenti qırğız həmkarı Almazbek Atambayevlə Bişkekdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, Rusiya Qırğızıstanda hərbi kontingenti yerləşdirməyə ehtiyac görmür: “Bu, yalnız Qırğızıstanın özündə təhlükəsizliyin təmin olunması ilə bağlıdır”.

Putin strateji əməkdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, həmçinin Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyin təminatına böyük şəxsi töhfəsinə görə, Emoməli Rəhmonu Aleksandr Nevski ordeni ilə təltif etdi. Amma bu xoş rəsmiyyəti rəsmi görüşlərin təlaşında unutmuşdular. Nümayəndə heyətləri artıq dağılırdı və kimsə xatırladı: “Orden! Ordeni vermək lazımdır”. Səhvi dərhal düzəltdilər.

Yada salaq ki, Atambayev ötən ilin sentyabrında, Nazarbayev 2015-ci ilin iyununda, Lukaşenko isə 2014-cü ilin avqustunda eyni şərəfə layiq görülüb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>