“Bir amerikalı əsgər...” - Türkiyə üçün ƏN PİS SSENARİ
Bizi izləyin

Dünya

“Bir amerikalı əsgər...” - Türkiyə üçün ƏN PİS SSENARİ

Ankara Münbiçi hədəf almaqla ciddi riskə girir.

“Bölgədə baş verə biləcək ən pis ssenari Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə bir amerikalı əsgərin ölməsidir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə ordusunun planlaşdırdığı Münbic əməliyyatını şərh edən təhlükəsizlik üzrə mütəxəssis Mətin Gürcan deyib.

Münbicdə ABŞ əsgərinin olmasına diqqət çəkən mütəxəssis hesab edir ki, Ankara Münbiçi hədəf almaqla ciddi riskə girir.

O, Rakka əməliyyatının da Ankara üçün həm Moskva, həm də Vaşinqton ilə əlaqələr baxımından çətin bir mövzu olduğunu deyib.

“Rusiya Türkiyənin Rakka əməliyyatına qatılmasını qəti şəkildə istəmir. ABŞ isə bunu istəyir. Çünki İŞİD-lə ən çətin döyüş burada olacaq. Rakka konvansionel bir cəbhədir. Yəni, burada həm piyadalar, həm ağır zirehli konvansionel silahlara ehtiyac var. Bu ehtiyacı kim qarşılaya bilər? Suriya və Türkiyə orduları. Eyni zamanda orada olmayan, lakin lazım olacağı halda həmin silahları döyüş meydanına gətirə biləcək Səudiyyə Ərəbistanı və ya ABŞ ordusu. Türkiyə ABŞ-a “35 min yüngül silahlı YPG-ni əməliyyatdan çıxar, sənə Azad Suriya Ordusunu verək. Hətta Məsud Bərzaninin Peşmərgə gücünü gətirək” deyir. ABŞ isə “piyada gücünün çatışmazlığı var, sən bizə ən az 3-4 minlik komando batalyonu ver” deyir. Məsələ hələ ki, həll edilməyib”, - Mətin Gürcan bildirib.

Mütəxəssis hesab edir ki, ABŞ-ın Rakka əməliyyatını yalnız kürdlərlə həyata keçirəcəyi halda uzunmüddətli çətinliklə qarşılayacaq. Gürcana görə, həm sünni müsəlmanların reaksiyasını azaltmaq, həm də hərbi güc baxımından ABŞ-ın Türkiyəyə ehtiyacı var.

Xatırladaq ki, Ankarada jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG-nin Münbicdən çəkilməyəcəyi halda, vuracaqlarını söyləyib.

Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə, Rakka əməliyyatını YPG ilə həyata keçirmək Suriyanın gələcəyini riskə atmaq deməkdir: “Bu, bir terror düşərgəsinin yaranmasını təmin etməkdir. Bizim bu mövzudakı mövqeyimiz son dərəcə dəqiqdir, qətidir”.

Nazir Münbicdə ABŞ-la Türkiyənin toqquşma ehtimalını da qiymətləndirib: “Bura ABŞ-ın torpaqları deyil, biz ABŞ əsgərləri ilə niyə qarşı-qarşıya gələk? Əgər ABŞ YPG-ni müttəfiq olaraq seçsə, o başqa məsələ. Elə bir razılaşmanın olmadığını bilirik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm