SSRİ-nin uda bilmədiyi trilyonlar: “Qırmızı imperiya”nın rüsvay olduğu ölkə Çinə verilir?
Bizi izləyin

Dünya

SSRİ-nin uda bilmədiyi trilyonlar: “Qırmızı imperiya”nın rüsvay olduğu ölkə Çinə verilir?

Əfqanıstanda Çin hərbçiləri peyda olmağa başlayıb.

Əfqanıstanda Çin hərbçiləri peyda olmağa başlayıb. Söhbət Çinlə həmsərhəd Bədəxşan vilayətinin Vahan rayonunda Əfqanıstan polisi ilə birgə keçirilən anti-terror əməliyyatlarından gedir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) buna göz yumur. Digər regionlarda Çin və ABŞ arasında ziddiyyətlərin olmasına baxmayaraq, Əfqanıstanda ümumi düşmən var. Ekspertlər Qərb kontingentinin ölkədən tədricən çıxması fonunda Əfqanıstanda Çin hərbi mövcudluğunun genişlənəcəyini proqnozlaşdırırlar.

“Defense News” nəşrinin yazdığına görə, Pekin amerikalıların və NATO-nun gedişi ilə bu ölkədə hərbi gücünü artırmağa hazırlaşır.

Nəşr vurğulayır ki, Pentaqon Əfqanıstanda Çin hərbçilərinin hərəkətləri haqqında çox həvəssiz danışır. “Biz onların orada olduğunu bilirik”, - ABŞ hərbi müəssisəsinin rəsmi nümayəndəsi qısa şərhlə kifayətlənib.

Nəşr qeyd edir ki, Rusiya və ya İranın Əfqanıstanın daxili işlərinə müdaxiləsi isə Ağ Ev tərəfindən qınanırdı. Cənubi Çin dənizində adaların statusu haqqında Pekin və Vaşinqtonun ritorikası Əfqanıstan məsələsində nümayiş etdirilən sükutla ziddiyyət təşkil edir. Nəşr yazır ki, bu, Pekin və Vaşinqton arasında qeyri-kütləvi razılaşmaların hər iki tərəf üçün əlverişli olduğunu göstərir.

Əvvəlcə, Çin və Əfqanıstanın rəsmi şəxsləri ümumiyyətlə Əfqanıstanda birgə əməliyyatların keçirilməsi faktını inkar edirdilər. Birinci sübut yalnız 2016-cı ilin sonunda çıxdı. Hindistanın “Wion News” nəşri ölkənin şimal-şərqində Kiçik Pamir adlı regionda Çin hərbi texnikasını göstərən şəkilləri dərc etdi. Bu ərazi Tacikistan, Çin və Pakistanla həmsərhəd olan Əfqanıstan ərazisinin zolağını təşkil edir və həmçinin Vahan dəhlizi adlanır.

Yaxın vaxtlarda isə “Reuters” agentliyi də Çin zirehli texnikasının Əfqanıstanda olduğunu göstərən fotoşəkilləri dərc etdi. Jurnalist Çinin “Dunfen EQ 2050” zirehli avtomobilinin şəklini çəkmişdi. Bu, ABŞ-ın “Xamvi”sinin lisenziyasız surəti hesab edilir. Həmçinin Vahan dəhlizində “Norinco VP11” zirehli avtomobili görünüb. Pekin yalnız mart ayında nəhayət rəsmən təsdiq etdi ki, ölkənin polis bölmələri Çin və Əfqanıstan arasında ikitərəfli razılaşmalar əsasında Çin sərhədi boyu birgə anti-terror əməliyyatları keçirir. Mətbuat konfransında “Financial Times” nəşrinin əməkdaşının sualına cavab olaraq Çin Xalq Azadlıq ordusunun rəsmi nümayəndəsi Ren Qosyan vurğulayıb ki, əməliyyatlarda ordu deyil, silahlı polis iştirak edir.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun aparıcı elmi işçisi Vasiliy Kaşin Gazeta.ru saytına açıqlamasında deyib ki, Vahan dəhlizində Çin silahlı polisinin reydləri haqqında informasiya daha əvvəldə çıxırdı. Ekspert bildirir ki, 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlində Çin polisinin regionda olması daha genişmiqyaslı və müntəzəm olub. O, sözügedən ərazinin ekstremal təbii şəraitlə əlaqədar praktik olaraq nəzarət edilməyən, infrastruktur və hər hansı hakimiyyət orqanlarının olmadığı rayon olduğunu vurğulayıb.

Vasiliy Kaşin xatırladıb ki, ərazidə daha əvvəl Şərqi Türküstan İslam Hərəkatının döyüşçüləri gizlənirdilər. O, dəqiqləşdirib ki, 2016-cı ilin avqustunda Çin, Tacikistan, Əfqanıstan və Pakistanın baş qərargah başçıları terrorizmlə mübarizədə dörd ölkənin silahlı qüvvələrinin əməkdaşlığı haqqında razılaşmanı imzalayıblar.

Çin KİV-ində yanvar ayında yayılan informasiyaya görə, Çin hərbçiləri Taliban hərəkatının döyüşçülərinin hücumuna məruz qalmış Amerika xüsusi təyinatlılarını xilas ediblər. Hərçənd ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin rəsmi nümayəndələri belə bir fakt inkar edirlər. “Defense News” nəşrinin fikrincə, belə xəbərlər regionda terrorçularla birgə mübarizədə hər iki tərəfin maraqlı olduğunu göstərir.

Şərq-Qərb İnstitutunun böyük elmi işçisi Frans-Ştefan Qedi “Defense News”a bildirib ki, Pekinin prioritet hədəfləri arasında ölkəsində yaşayan uyğurlara təsirə malik olan Şərqi Türküstan İslam Hərəkatının məhv edilməsi var. Şərqi Türkistanda müstəqil islam dövlətinin yaradılması təşkilatın hədəfi hesab edilir. Çində onunla mübarizə hələ 1949-cu ildə başlanıb. ABŞ Dövlət Departamenti isə Şərqi Türküstan İslam Hərəkatını 2002-ci ildə terror təşkilatları siyahısına daxil edib.

İŞİD terror qruplaşmasının döyüşçüləri arasında uyğurlar da var. Yaxın vaxtlarda onlar evə qayıdaraq Çini vuracağına and içiblər. Qedi vurğulayıb ki, bu məsələ də Pekini narahat etməyə bilməz.

“Defense News” nəşrinin məlumatına görə, hazırda Əfqanıstanda ABŞ və NATO ölkələrinin 15 min hərbi qulluqçusu var. Müharibənin qızğın vaxtında isə onların sayı təxminən 130 min idi. Hazırda amerikalılar əsasən əfqan hərbçiləri və yerli polisin təlimi ilə məşğuldur. Əfqanıstanda qərb koalisiyasının hərbi kontingentinin azaldılması regionda mənfi nəticələrə gətirib çıxarıb. Nəşr yazır ki, Taliban, “Əl-Qaidə” və uyğurlar fəallaşıb.

Frans-Ştefan Qedi xatırladır ki, Pekin Əfqanıstanda Qərbin hərbi kontingentinin azaldılması haqqında narahatlığı ən azı iki dəfə ifadə edib.

Fletçer Hüquq və Diplomatiya Məktəbinin professoru, Şərqi Asiya ölkələri üzrə mütəxəssis Sunq-Yu Li hesab edir ki, Əfqanıstanda Çin polisinin əməliyyatları Pekinin maraqlarına cavab verir. Ekspertin fikrincə, Əfqanıstanda anti-terror əməliyyatlarının keçirilməsindən imtina etmək üçün Çində heç bir səbəb yoxdur. O, həmçinin qeyd edir ki, ABŞ bu köməkdən asılıdır.

Bu halda vəziyyət Vaşinqton üçün unikal dilemma təşkil edir. Bir tərəfdən, Çinin köməyi uzunmüddətli müharibələrdən zərər çəkmiş Əfqanıstan üçün faydalıdır. Digər tərəfdən, Pekin və Vaşinqton arasında Cənubi Çin dənizində süni adalara görə olduqca çətin münasibətlər formalaşır.

Əfqanıstanda Çinin maliyyə maraqları isə təbii ehtiyatların öyrənilməsi, həmçinin Mərkəzi Asiya bazarlarına girişlə bağlıdır.

Ümumiyyətlə, Əfqanıstanda faydalı qazıntıların olduğu ötən əsrin 60-cı illərindən məlumdur. Lakin ölkənin döyüş meydanına çevrilməsi zəngin mədənlərin istismarını reallaşdırmağa imkan verməmişdi. Amerikalı geoloqlar bildirirlər ki, Əfqanıstanda ən az 1 trilyon dollar dəyərində mis, qızıl, kobalt və litium mədənləri var. “Nyu-York Tayms" qəzeti bir neçə il əvvəl ABŞ hökumətindəki mənbəsinə istinadən yazıb ki, Əfqanıstan yaxın gələcəkdə dünyada faydalı metalların ən iri ixracatçısına çevriləcək.

Çox güman ki, keçmiş SSRİ 1979-cu ildə Əfqanıstana qoşun yeridən ölkənin geostrateji mövqeyi ilə yanaşı, onun zəngin ehtiyatlarını da nəzərə almışdı. Lakin ABŞ müxtəlif qruplaşmaları dəstəkləyərək SSRİ-ni Əfqanıstandan çıxmağa məcbur etdi. Leonid İliç Brejnevin hakimiyyəti dövründə Əfqanıstana soxulan SSRİ ordusu düz 10 il sonra, 1989-cu il fevralın 15-də Mixail Qorbaçovun hakimiyyəti dövründə son əsgərlərini çıxarmalı oldu.

Pekin Yeni İpək Yolu – Çini Avropa ilə birləşdirən nəqliyyat arteriyasının yaradılması üzrə planlarında Əfqanıstana əhəmiyyətli ölkə kimi baxır. Qedi düşünür ki, ölkədə Qərbin mövcudluğu tədricən azalır Çin maraqlarını irəli çəkərək yaranmış boşluqları doldurur.

Çin Əfqanıstan təhlükəsizlik güclərinin dəstəyi üçün 73 milyon dollar ayırıb. Pekin Əfqanıstana silah və hərbi texnika, gülləkeçirməyən jiletlər, minaların təmizlənməsi üçün vasitələr çatdırır.

Ekspert Sunq-Yu Li hesab edir ki, Çinin Əfqanıstanda olmasına Vaşinqtonun sakit yanaşmasına ABŞ və Çin arasındakı münasibətləri yumşaldacaq amil kimi baxılmamalıdır. Onun fikrincə, ikitərəfli münasibətlərdə fikir ayrılıqları həddən çoxdur.

Qedinin fikrincə, Çin hərbçiləri yaxın vaxtlarda çətin ki, Əfqanıstanın dərinliklərinə irəliləsin. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Əfqanıstanda olduğu müddətdə Çinin bu ölkədə rolu onlarla müqayisədə əhəmiyyətsiz olaraq qalacaq.

Ömər Dağlı`

Oxumağa davam et
Reklam
Reklam

Gündəm