"Bu gün Türkiyə hədəf seçilib, sabah..." - Millət vəkili
Bizi izləyin

Dünya

"Bu gün Türkiyə hədəf seçilib, sabah..." - Millət vəkili

"Niderlandın, bundan öncə isə Almaniyanın Türkiyəyə münasibətdə tutduğu yol qəbuledilməzdir".

"Niderlandın, bundan öncə isə Almaniyanın Türkiyəyə münasibətdə tutduğu yol qəbuledilməzdir".

Publika.az bildirir ki, bunu APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri nı Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov söyləyib.

Millət vəkili deyib ki, Türkiyə xarici işlər nazirinin Niderlanda təyyarəsinin enməsinə və türk icmasının Türkiyədə keçiriləcək referendumla bağlı mitinqlərinə icazə verilməməsi təsdiqləyir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var: "Mart ayında Niderlandda parlament seçkiləri keçiriləcək. Radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir. Geert Vilders Niderlandda məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir, islamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir".

E. Nəsirov bu gün Azərbaycan prezidenti İlham Əliyevin həmişə səsləndirdiyi fikrin aktual olduğunu vurğulayıb: "Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Avropada çox qorxulu tendensiyalar baş verməkdədir, radikal sağ qüvvələr hakimiyyətə iddialıdır. Dövlət başçısı qeyd edib ki, bir gün onlar Avropada hakimiyyətə gələrsə, nə baş verər? Prezident İlham Əliyev "Rossiya-24" telekanalına son müsahibəsində də bunu söyləmişdi. Türkiyəyə qarşı təzyiqlər Avropada islamafobiya və ksenofobiya dalğası başladığını göstərir. Bu, Türkiyəni güclənmək yolundan döndərməyəcək. Qarşıdakı referendumda hakim Ədalət və İnkişaf Partiyası qalib gələcək".

Millət vəkili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bundan əvvəl Avropanın Türkiyəyə qarşı təzyiq göstərməyə son qoymağa çağırmasını xatırladıb: Türkiyə prezidenti demişdi ki, Fransa və digər ölkələrin də Avropa İttifaqından ayrılması prosesi baş verə bilər, Türkiyənin alternativləri var. Bu alternativlərdən biri kimi isə Şanxay Əməkdaşlıq Təşkilatını göstərmişdi. Mövlud Çavuşoğlu da bu gün bildirdi ki, əgər Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olması barədə vəd yerinə yetirilməzsə, Türkiyə Avropa İttifaqı ilə miqrasiya prosesinin tənzimlənməsinə dair keçən il imzalanan sazişdən imtina edəcək".

E. Nəsirov baş verən proseslərin Avropada radikal sağ, neofaşist qüvvələrin aktivləşdiyini göstərdiyini qeyd edib: "Bu gün Türkiyə hədəf seçilib, sabah başqa ölkə hədəf seçilə bilər. Bəşəriyyət faşizmin, İkinci Dünya Müharibəsinin nəticələrini unutmamalıdır".

Millət vəkili Hikmət Babaoğlu APA-ya açıqlamasında bu günlərdə Türkiyə ilə Hollandiya və Almaniya arasında baş verənlərin beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb: "Baş verənlər Avropanın təbliğ etdiyi dəyərlərin Avropa üçün keçərli olmamasının isbatıdır. Şər hansı bir ölkənin nazirinin başqa ölkədə vətəndaşları ilə görüşməsi beynəlxalq hüquq, insan haqları, azadlıqları və etika baxımından məqbuldur. Buna yol verilməməsi insan hüquqlarının pozulması, Avropa dəyərlərinin gözdən salınmasıdır. Bu hadisələr Avropa imperializminin arxasında gizləndiyi dəyərlərlə manipulyasiya imkanlarını azaldır. Bu, bir daha göstərir ki, insan hüquqları başqa dövlətlərə təzyiq üçün bir mexanizmdir. Belə olmasa idi, Almaniya və Hollandiyada yaşayan türklər öz nazirləri il görüşmək imanı əldə edər, Türkiyəyə qarşı təzyiq ənənə halına gəlməzdi".

H. Babaoğlu bu hadisələrin beynəlxalq münasibətlərdəki aktorlar üçün Avropada nəyin baş verdiyini dərk etmələri baxımından baxımdan bir nümunə olduğunu qeyd edib: "İnsan hüquqları, azadlıqlar kimi dəyərlər Avropa üçün başqa ölkələrə təzyiq etmək vasitəsidir. Hələ ötən əsrin 50-ci illərində Çörçil deyirdi ki, demokratiya Avropanın uzaqvuran silahıdır. Bu gün baş verənlər göstərdi k, demokratiya Avropa üçün həqiqətən bir silahdır. Biz gözləyirik ki, insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar buna qarşı səsini qaldırsınlar. İnsan hüquqlarını, söz azadlığını müdafiə edən beynəlxalq hüquq təşkilatları niyə susurlar? İnsan hüquqları ilə bağlı ixtisaslaşmış qurum olan Avropa Şurası niyə öz səsini qaldırmır? Avropa bu dəyərlərə sadiqdirsə, Avropanın regional təşkilatları və beynəlxalq təşkilatlar bunu qınamalıdırlar. Əks halda bu göstərəcək ki, insan hüquqları onlar üçün bir istismar vasitəsidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm