Ermənilərə üçlük zərbə: ABŞ-a Fransa və Rusiya da qoşuldu
Bizi izləyin

Dünya

Ermənilərə üçlük zərbə: ABŞ-a Fransa və Rusiya da qoşuldu

Ermənilərə üçlük zərbə: ABŞ-a Fransa və Rusiya da qoşuldu

ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanatla çıxış ediblər.

Publika.az – ın verdiyi xəbərə görə, bəyanatda münaqişənin həllinin Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılması və Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşdirilməsini nəzərdə tutan elementləri ehtiva etməli olduğu deyilir.

Maraqlı məqam isə ondan ibarətdir ki, yuxarıda yer alan məsələlər Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bir neçə gün bundan əvvəl verdiyi bəyanatda əksini tapmışdı. Amerikalı həmsədr həmin vaxt bildirmişdi ki, bu, ABŞ-ın öz mövqeyidir. ABŞ-ın münaqişənin həlli ilə bağlı mövqeyinin bir neçə gün sonra verilən həmsədrlərin bəyanatında da öz əksini tapması təsadüfi sayıla bilməz.

“BMT xartiyaları və Helsinki Yekun Aktına, xüsusən güc tətbiq etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ və bərabərlik prinsiplərinə əsaslanan sülh yolu ilə həllində tərəflərə kömək etmək məsələsində öz mövqeyimizə sadiqik. Həll həmsədr ölkələrin dövlət başçılarının 2009-cu və 2013-cü ildə verdikləri birgə bəyanatlarda əksini tapan və Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılmasını, Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşdirilməsini nəzərdə tutan elementləri ehtiva etməlidir. Aralıq status Dağlıq Qarabağın özünüidarəsini və təhlükəsizliyini, eləcə də onu Ermənistanla birləşdirən dəhlizin mövcudluğunu özündə əks etdirməlidir. Dağlıq Qarabağın yekun statusu tərəflərin iradəsinin ifadəsinin leqal təminatına əsaslanmalıdır. Qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və sülhməramlı qüvvələrdən istifadə olunmalıdır”, - həmsədrlərin bəyanatında deyilir.

Bəyanatda Azərbyacanın maraqlarını təmin edən önəmli bir məqam var. Burada da Uorlikin bəyanatında olduğunu kimi Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğalından bəhs edilir. Təbii ki, amerikalı həmsədrin verdiyi bəyanatın Minsk Qrupunda təmsil olunan digər həmsədr ölkələrin mövqeyinə necə təsir edəcəyi maraqlı idi.

Bizimlə söhbətində beynəlxalq qanunvericilik üzrə ekspert, politoloq, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev bildirmişdi ki, ABŞ-ın bu məsələdə Fransanın fikrini dəyişdirə bilər: “Fikrimcə, Fransa bu plana dəstək verəcək. Düzdür, Fransada erməni lobbisi güclüdür və dövlət siyasət olaraq erməniləri qoruyur. Amma ABŞ-ın bu məsələdə Fransanın fikrini dəyişdirəcə biləcəyini düşünürəm. Biz Krım məsələsinə qədər olan dövrdən danışsaydıq ki, ABŞ-ın Fransanın fikrini dəyişdirə bilməyəcəyini deyə bilərdik. Krım məsələsindən sonra ABŞ bəlkə də bu məsələdə daha israrlı olacaq”.

Göründüyü kimi, ABŞ nəinki Fransanın, həm də Rusiyanın mövqeyinə təsir etməyi bacardı və yekunda Vaşinqtonun bir neçə gün əvvəl ortaya qoyduğu mövqe ortaq şəkildə açıqlandı.

Politoloq Fikrət Sadıxov qeyd edib ki, nə Uorlikin bəyanatı, nə də həmsədrlərin birgə bəyanatı Azərbaycan üçün yeni deyil: “Burada Madrid prinsipləri müəyyən mənada əksini tapır. Altı prinsip münaqişənin həlli üçün əsas prinsiplər olaraq təklif olunmuşdu. Azərbaycan da buna etiraz etməyib. Ümumi şəkildə bu prinsiplər bizi qane edir. Ermənistan isə bundan imtina edib. Təbii ki, digər həmsədrlərin amerikalı həmsədrin bəyanatına qoşulması müsbət haldır”.

Politoloq amerikalı həmsədrin bəyanatından sonra həmsədrlərin bəyantında da “işğal” ifadəsinin yer almasını müsbət hesab edib. Amma F.Sadıxov qeyd edib ki, həmsədrlər ritorikadan real işə keçməyəcəyi halda bu bəyanat da əvvəlki bəyanatlar kimi tarixə çevriləcək: “Çox istərdik ki, Ukraynada baş verən hadisələr, bir ölkənin başqa ölkənin torpaqlarını işğal etməsi müəyyən qüvvələri düşündürsün. Hadisələrdən real nəticələr çıxardılmalı və praktiki addımlar atılmalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm