Makronun sevgi macərası - - FOTOLAR
Bizi izləyin

Dünya

Makronun sevgi macərası - - FOTOLAR

Emmanuel Makronun xanımı ondan 24 yaş böyük olan Bricit Tronyedir.

Mayın 7-si Fransada prezident seçkisinin ikinci turunda iki rəqib – “İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen mübarizə aparacaq. Aprelin 23-də keçirilmiş ilk turda Emmanuel Makronla Marin Le Pen digər 9 namizədi qabaqlayıblar.

İkinci turda Emmanuel Makronun şansının çox olduğu bildirilir.

Emmanuel Makron 1977-ci il dekabrın 21-i Amyen şəhərində anadan olub. Parisdə universitet bitirib, iqtisadçıdır. Sosialist Partiyasının üzvü olub. 2014-2016-cı illərdə iqtisadiyyat naziri postunu tutub. 2016-cı ildə “İrəli” hərəkatını yaradıb.

Emmanuel Makronun xanımı ondan 24 yaş böyük olan Bricit Tronyedir.

Publika.az novator.az-a istinadən Fransa prezidenti olmağa ən şanslı namizədin sevgi hekayətini təqdim edir.

Bricit Tronye də amyenlidir. Tronyelər ailəsinin bu şəhərdə şokolad fabriki var.

Fransız ədəbiyyatı və latın dili fənlərini tədris edən Bricit 1992-ci ildə həm də yezuitlərin xüsusi məktəbində (yezuitlər “İsa cəmiyyəti” adlı katolik təşkilatının üzvlərinə deyilir) teatr sənətindən dərs deyirmiş. Onun 15 yaşlı Emmanuel Makronla tanışlığı buradan başlayıb. Bricitin hazırladığı tamaşalarda iştirak edən Emmanuellə müəllimi arasında münasibətlər getdikcə sevgi macərasına çevrilib.

Emmanuelin valideynləri tezliklə bu macəradan xəbər tutublar və bundan heç xoşlanmayıblar. Emmanuelin atası da, anası da həkimdir. Atası nevrologiya üzrə professordur.

Valideynləri Emmanueli Bricitdən uzaqlaşdırmaq üçün övladlarını paytaxt Parisə oxumağa göndəriblər.

Nəticədə Emmanuelin Bricitlə əlaqəsi kəsilib. Bricit ərə gedib və üç uşaq anası olub. Amma bir müddət sonra onlar yenə qarşılaşıblar. Münasibətlər bərpa olunub və nikahla sonuclanıb. Emmanuel Bricitlə evlənərək onun uşaqlarına atalıq etməyə başlayıb. Hazırda Makron altı nəvənin ögey babasıdır.

Emmanuel və Bricit 2007-ci ildən rəsmi nikahdadırlar.

Tanıyanlar deyirlər ki, Bricit hələ də ərinə müəllimlik edir. O, Makronun seçki kampaniyasında fəal rol oynayır, ərinə çıxışların hazırlanması, görüşlərin, digər gündəlik işlərin planının tutulması məsələlərində kömək göstərir.

2007-ci ildə Emmanuellə Bricitin nikahında şahid kimi iştirak etmiş, hazırda Makronun seçki kampaniyasına rəhbərlik edən Mark Feraççi iddia edir ki, Emmanuel prezidentlik yarışına tək çıxa bilməzdi. Onun dediyinə görə, Bricitin dəstəyi Makron üçün həlledici əhəmiyyət daşıyır.

2017-ci il martın 8-də prezident seçkisi kampaniyası çərçivəsində Parisdə çıxış edərkən 39 yaşlı Makron 64 yaşlı xanımı haqda bunları deyib: “Mən seçilsəm, üzr istəyirəm, biz seçilsək, o mənimlə birgə olacaq. Onun öz rolu, öz yeri olacaq. Mən ona çox şeydə borcluyam: o mənə formalaşmağımda kömək edib”.

Makronla işləyənlər deyirlər ki, Bricit onun etibar etdiyi nadir adamlardan biridir. Makron iqtisadiyyat naziri olanda onun aparatına rəhbərlik etmiş Aleksis Koler bildirir ki, Bricit Makronla birgə işgüzar görüşlərə qatılırdı. Aleksis Koler Briciti “ərinin həyatına hopmuş qadın” adlandırıb.

Görüşlərin birində Makrondan xanımının burada nə üçün iştirak etdiyini soruşublar. O, belə cavab verib: “Onun fikri mənim üçün vacibdir”.

Bricit özünü zarafatla Makronun “fan-klubunun başçısı” adlandırır.

Prezidentliyə namizəd deyir: “İnkar etmirəm, bizim qeyri-adi ailəmiz var. Amma bu, ailəmizdəki sevgi-məhəbbəti azaltmır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm