Ruhani bir proyekt çərçivəsində vitrinə çıxarılıb - Yaxın Şərq hadisələrinin şok pərdəarxası
Bizi izləyin

Dünya

Ruhani bir proyekt çərçivəsində vitrinə çıxarılıb - Yaxın Şərq hadisələrinin şok pərdəarxası

əbrizdə 2006-cı ildəki etirazlar, 2009-cu ildə Tehrandakı "Yaşıl Hərəkat" kimi yeni bir üsyan dalğasının zəmini meydana gəlir. Rejim bu üsyandan qorxur.

"Ərəb Baharı” təhdidini Suriya ön cəbhəsində dayandıraraq nüvə böhranını yumşaldan İran daxili təhdidləri zərərsizləşdirə bilməyib. Rejim daxili təzyiqi azaltmaq üçün ABŞ-a əl uzatsa da, iqtisadi və ictimai problemlərə çarə tapa bilmir. Mollaların “İran Baharı”nı özündən nə qədər uzaqlaşdıra biləcəyi maraq mövzusudur”.

Publika.Az–ın xəbərinə görə, bu sözlər Türkiyənin “Aksiyon” jurnalında dərc olunan “İran sancısı” yazısında yer alıb. İranı gözləyən inkişaflarla bağlı fikirlərin yer aldığı yazını təqdim edirik.

“Ərəb Baharı”ndan nələr qazandı?

2013-cü il Orta Şərq üçün çox sancılı keçdi. Vətəndaş müharibələri, sərhədləri aşan qarşıdurmalar baş verdi. Bir çox ölkə nüfuzunu itirdi, ictimai-iqtisadi böhranlar yaşandı. Lakin 2013-cü ilin “Qazananlar klubu”nda yer alanlar da oldu. İran bu ölkələrdən biri idi. Suriya da qismən bu siyahıya əlavə oluna bilər. Çünki, Əsəd rejiminə qarşı qlobal səviyyədə bir güc olmasına baxmayaraq, hələ də ayaqdafır. Bənzər vəziyyət İraq barəsində də deyilə bilər. Əvvəl Misir, daha sonra Tunisdə “Ərəb Baharı” küləyinin tərsinə dönməsi rejim böhranlarının davam etdiyi İran, İraq və Suriya rejimləri üçün can dərmanı oldu.

Küləyin tərsinə dönməsində tehranlı mollaların da böyük əməyi var. Sözügedən qazanclarda aslan payı İran diplomatiyasının oldu. Qərbin qlobal maliyyə böhranı, Şərqin təbii fəlakətlərlə, Orta Şərqin də“Ərəb Baharı” ilə mübarizə aparmasından faydalandılar. İran İnqilab Keçikçiləri Korpusu və “Hizbullah”ın köməyi ilə İrana doğru irəliləyən “Ərəb Baharı” dalğasını Suriyada dayandırdılar. Həmçinin “Şiə Ayparası”nın əsas mövqelərində olan Dəməşq və Bağdad iqtidarlarının devrilməsinin qarşısını aldılar. “Ərəb Baharı”ndan qazanclı çıxan tək ölkə bəlkə də İran oldu. Amma bu qazanc daxildəki ziyanın yerini doldurmaq üçün kifayət etmədi.

İran rejimi “Şiə Ayparası”nı qorumaq üçün milis gücündən istifadə etməklə yanaşı, çoxlu pul da xərclədi. Az qala il boyu Suriyaya pul axıtdı. Yalnız yaxın ətrafda deyil, Yəməndən Somaliyə, Misirdən Əfqanıstana qədər geniş bir coğrafiyada gizli əməliyyatlar icra etdi.Yüksək xərc tələb edən əməliyyatlar iqtisadiyyatın daha da zəiflənməsinə gətirib çıxardı. İran rialı iki il ərzində dəyərini 60-65 faiz itirdi. Embarqo altındakı xalq dərman, qida çatışmazlığından əziyyət çəkməyə başladı. Mollalar partlama nöqtəsinə gələn xalqı sakitləşdirmək üçün relsi dəyişdirmək qərarına gəldi. Vitrin dəyişdirmə əməliyyatının ilk qurbanı isə Əhmedinejad oldu.

İyun ayındakı seçkiləri dini liderin dəstəyi ilə qazanan Ruhani Qərbə pas atdı: “Qərbə qarşı nüvə fəaliyyəti mövzusunda daha şəffaf olacağıq. Problemi danışıqlar masasında həll etmək istəyirik…” Prezidentliyini müharibəsiz, xüsusilə də İrana müdaxilə etmədən sona çatdırmaq istəyən Barak Obama İrandan uzanan əli havada saxlamadı.Tərəflər əvvəl gizlincə, sonra açıq şəkildə bir araya gəldi. 22 Noyabrda da nüvə böhranını tənzimləməyi nəzərdə tutan ilkin razılaşma imzalandı. Razılaşma İrana ciddi bir rahatlıq verdi. İran Qərb banklarında dondurulan 7 milyard dolları ala bildi, embarqolarda yumşalma təmin edildi. Ən əhəmiyyətlisi isə, İran ehtimal edilən İsrail-ABŞ hərbi müdaxiləsindən yayındı.

Ruhani nə qədər “mülayim”dir?

Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) məsləhətçisi, İran üzrə mütəxəssis Arif Keskin rejimin Ruhanini bir proyekt çərçivəsində vitrinə çıxardığını düşünür. Mütəxəssis Əhmedinejad dövründə rejimin birliyinin pozulduğunu, iqtisadiyyatın pisləşdiyini, ölkənin xarici siyasətdə təkləşdiyini görən mollaların daha çətin vəziyyətə düşməmək üçün daxildə daha geniş kütlələrə, həmçinin xaricdə dialoqa açıq olan Ruhanini ölkə rəhbərliyinə gətirdiklərini vurğulayır.

Hazırda önə çıxan sual budur: Ruhani dövründə İran nə qədər xaricə açılacaq, nə qədər şəffaflaşacaq? Arif Keskin rejimin yeni dövrdə də əvvəlki sistemini qoruyacağını düşünür.

İran mahiyyət etibarilə ideoloji dövlət olsa da, zamanı gəldiyində praqmatist davrana bilir. Məsələn, 2001-ci il Əfqanıstan, 2003-cü il İraq işğalı zamanı ABŞ-a yardım edərək “İslam Respublikası” adına baxmadan müsəlman olmayan cərgədə yer tutmuşdu. Həmçinin, 1997-ci ildə ölkədəki bütün avropalı diplomatları ölkəni tərk etməyə məcbur etmişdi. Ancaq dərhal sonra başlayan Məhəmməd Hatəmi iqtidarı avropalı diplomatlar yenidən Tehrana dəvət etmişdi. Bu strategiyanın son nümunəsi Misirdə yaşandı. Mollalar Misirdə Məhəmməd Mursi prezident olan kimi onun dəstəklədi və İran dəvət etdilər. Ancaq “İxvan”ın məğlub olacağını görərək sürətlə geri çəkildi və dövlət çevrilişini sakitcə seyr etdilər. Yəni, İran ideoloji dövlət olsa da, sərt-ideoloji ağılla hərəkət etmir. Buna görə də bir il əvvəl - Əhmedinejad dövründə “Böyük şeytan” dediyi ABŞ-ın əlini sıxa bilir.

Ruhani dövründə İran dünyaya açılarmı? “Mülayim mühafizəkar” olaraq xatırlanan H.Ruhani Haşimi Rəfsəncani məktəbindən gəlir.Bu qanad inqilab müddətinin bitdiyi fikirindədir. Onlar İnqilab Keçikçilər Korpusu kimi inqilaba xas strukturların zəiflədilərək olkədə Qərb sisteminin qurulmasının lazım olduğu tezisini müdafiə edir. Ruhaninin iqtidardakı 100-cü gününü qiymətləndirdiyi çıxışında bu siyasətin kodları görünür.

ORSAM məsləhətçisi Keskin “Ruhani diplomatdır, hüquqşünasdır, molladır, eyni zamanda yaxşı bir kəşfiyyatçıdır. İran Milli Təhlükəsizlik Ali Şurası qurulan zaman onun üzvü idi. Şura İranın kəşfiyyat, müdafiə və xarici siyasət kimi əhəmiyyətli mövzularla bağlı qərarların qəbul olunduğu mərkəzdir. Ruhani İran rejiminin qara qutularından biridir. İranın problemlərini, qarşıdurma sahələrini yaxşı bilir. İran rejiminin bunları həll etmədiyi halda çox yaşaya bilməyəcəyinin də fərqindədir. Ruhani bu problemləri həll etməyi vəd edir. Rejimin qara qutusu olan Ruhani bəlkə ideal lider deyil. Amma olanların yaxşısı idi. Ölkəni nə qədər xaric üçün açıq edə biləcəyi, rejimin buna nə qədər icazə verəcəyi hələ dəqiq deyil. Bugünkü addımlara baxdıqda rejimin çəkdiyi sərhədlər daxilində hərəkət etdiyi görünür”, - söyləyib.

Digər tərəfdən Ruhani İranı dünyaya açmağa çalışsa da, bunu mövcud sistemlə edə bilməsi o qədər də mümkün görünmür. Çünki, “Qərb-Amerikan” düşmənliyi rejimin daxili və xarici siyasətdə istifadə etdiyi ana ünsürlərdən biridir. Buna görə də Tehran Qərb ilə əlaqələrdə köklü dəyişiklikləri edə bilməsi üçün Orta Şərq, İsrail və Fələstin siyasətini dəyişməlidir. Rejim eyni zamanda ABŞ ilə həddindən artıq yaxınlaşmanın təzyiq altında saxlanılan İran xalqında demokratik tələbləri artıracağının fərqindədir. Qərbin nüvə müzakirələri yekunlaşdıqdan sonra Tehrandan demokratikləşmə addımları tələb etməyəcəyini düşünmək sadəlöhvlük olardı.

“Əl-Qaidə”yə qarşı İran

İran baxımından masada daha bir variant var: Həm xaricə açılmaq, həm də sistemini qorumaq. İlk baxışda bu çox da mümkün görünmür. Amma söhbət İrandan gedirsə, bir şansı yaranır. Yeri gəldiyində asanlıqla “düşmənimin düşməni dostumdur” deyən Qərb daha əvvəl təhdid hesab etdiyi İranla daha böyük və təhlükəli yeni düşmənlə mübarizədə əməkdaşlıq edə bilər. Söhbət “Əl-Qaidə”dən gedir. Bu vəziyyətdə Tehrandakı mollalar rejimi dəyişdirmədən bölgədəki varlığını gücləndirə bilər.

Qazi Universitetinin müəllimi, professor Mehmet Akif Okur bu variantı mümkün sayır. O, İranın sələfi və “Əl-Qaidə”çi kimi qruplarla döyüşürmüş kimi davranaraq Qərb ilə əlaqələrini qoruya biləcəyini söyləyir: "Əl-Qaidə” düşmənliyi məxrəcində İran Qərblə yaxınlaşa bilər. Beləliklə də Türkiyənin bölgə tənliyindəki çəkisini azalda bilər. İran böyük bir yolayrıcına doğru irəliləyir. Əgər Ruhani Qərblə razılaşa bilsə, hərbi və sistem gücünü zəiflətməli olacaq. Əks halda iqtisadiyyatı və hökumətini Qərblə əlaqələrinin yeni məzmununa uyğunlaşdıra bilməz. Yeni oyunçular parlayarkən, bəzi köhnə oyunçular zəifləyəcək. Amma İran həm Qərb ilə yaxınlaşıb, həm də “Hizbullah” və İnqilab Keşikçiləri Korpusu kimi strukturları qorusa, bizi bu gündən daha çox çətinliyə sala bilər”.

Bu nöqtədə ağla “ABŞ Türkiyənin əvəzinə İranı seçə bilərmi” sualı gəlir. A.Okurun verdiyi cavab Türkiyə baxımından çox da müsbət sayıla bilməz. Türkiyənin üzünə açılan bəzi sahələrin bağlana biləcəyini, İranın qarşısında isə yeni oyun sahəsinin açıla biləcəyini deyən Okur belə davam edir: "ABŞ Orta Şərqə baxdığında radikal sələfi qruplar və “Əl-Qaidə” ilə mübarizədə İrandan daha iştahlı bir aktyor görmür. Üstəlik, ABŞ-da İranın Vaşinqtonla əməkdaşlığın Səudiyyə Ərəbistanı kimi müttəfiqləri ABŞ-a daha möhkəm bağlayacağını düşünürlər”.

Orta Şərq mütəxəssisi Okur Türkiyənin bu müddətdə çox ciddi şəkildə İran üzərində çalışmalı olduğunu vurğulayır.Onun fikrincə, İran mövcud sistemlə ABŞ-a yaxınlaşa bilsə, ortaya çıxacaq yeni tənlik Türkiyə üçün faydalı olmayacaq: "Qərblə ünsiyyətə girən İran gizli alətlərini buraxmaq məcburiyyətində qalsa, bu Türkiyə üçün müsbət nəticələr doğurar. Əks halda Türkiyəyə mənfi təsir edə bilər. İranla əlaqələrdə məhdud da olsa bir təsir potensialımız var. Ticarət əlaqələrimiz bu təsirin başlıca daşıyıcısıdır".

Qlobal mediaya sızan xəbərlərə görə tərəflərin keçən ilin fevral ayından bu yana davam edən Vaşinqton-Tehran görüşlərində yalnız nüvə məsələs deyil, eyni zamanda bəzi qlobal-regional mövzular müzakirə olunub. Ancaq nə "müttəfiq" deyilən ABŞ, nə də "dost-qardaş" hesab olunan İran görüşlərin məzmununu Türkiyəyə açdı. Hətta lap əvvəldən Türkiyəni müzakirələrdən kənarda saxladılar. Bu vəziyyət tərəflər arasındakı yaxınlaşmanın Türkiyə əleyhinə ola biləcəyini göstərir.

Con Hopkins Universitetinin professoru Vali Nasr ABŞ-İran yaxınlaşmasının Türkiyə üçün həm fürsət, həm də riskləri özü ilə gətirdiyini düşünür. İran əslli V.Nasr 29 Dekabrda "The New York Times"də dərc etdirdiyi "İran Türkiyənin yeni müttəfiqimi?" başlıqlı məqaləsində Ankaraya İranın vəkili kimi davranmaması xəbərdarlığı edir.

Qərb ilə eşqbazlıq rejimi xilas etməz

"İran Qərb ilə nüvə mövzusunda uzunmüddətli bir razılaşma əldə etsə belə, sünni-ərəb dünyasından müsbət bir qarşılanma gözlənilməməlidir. Bölgədə məzhəbsal qarşıdurmanın olduğu bir vaxtda Fars körfəzi monarxiyaları Tehranın regional ehtiraslarından daha çox narahat olacaq. Bu hal Türkiyəni İran üçün bir partner halına gətirəcək. Sanksiyalar aradan götürüldükcə İran iqtisadiyyatı daha da böyüyəcək. ABŞ-ın bölgədə təsiri azalarkən və İsrail ilə ərəb monarxiyaları İrana qarşı birləşərkən Türkiyə-İran əməkdaşlığı Qərb tərəfindən müsbət qarşılana bilər. Ancaq Türkiyənin geniş bir regional rolu oynaya bilməsi üçün əvvəlcə etibarlı NATO müttəfiqi olaraq qalacağına Qərbi inandırmalıdır. Türkiyə İranın vəkili olmadığını göstərməlidir", - V.Nasr söyləyib.

Üst səviyyə bir türkiyəli səlahiyyətlisindən Ankaranın ABŞ-İran yaxınlaşmasını necə qəbul etdiyini soruşuruq. O, Vaşinqton-Tehran xəttindəki konkret yaxınlaşmanın Suriyadakı Əsəd rejimi ilə kimyəvi silahlarının məhv edilməsi mövzusunda əldə edilən razılaşmadan sonra başladığını bildirir. Səlahiyyətli "Ərəb Baharı"nı istədiyi istiqamətə çevirə bilməyən və Orta Şərqdə "Əl-Qaidə" təhdidi ilə üzləşən ABŞ-Avropa oxunun İran üzərindən bölgəni şəkilləndirməyə çalışdığını vurğulayır: "Milli maraqlar irəli çıxınca ABŞ İranla iş tutmaqdan çəkinməz. Səddam sonrası İraqda Tehran üçün meydan yaradan məhz Vaşinqton rəhbərliyi idi. Suriyada da Əsəd rejiminin davam etməsinə imkan verərək şiə oxunu gücləndirən ABŞ-dır. Vaşinqton Suriyada meydana çıxan "Əl-Qaidə" təhdidini İranı gücləndirərək dəf etməyi də düşünə bilər. Digər tərəfdən şiə İrana əlavə meydan yaratmaq Qərbin xoşlamadığı sünni iqtidarların zəifləməsi anlamına gəlir. Qısacası, Qərb mənfəətləri naminə İranla bir müddət olsa da əməkdaşlığına gedə bilər. Bu vəziyyətdə isə Türkiyənin regional nüfuzu və mənfəətləri zərər görə bilər".

Ancaq bu keçici eşqbazlıq da rejimi xilas etməyə bilər. Çünki, ictimai-iqtisadi məlumatlar ölkənin uçuruma doğru sürükləndiyini göstərir. İşsizliyin 15, inflyasiyanın 35 faiz olduğu, son iki ildə pulun 60-65 faiz dəyərini itirdiyi İranda xalq partlayış nöqtəsinə gəlib. Xüsusilə dərman və qida qıtlığının yaşandığı ölkədə kütlələr küçələrə çıxmaq üçün mühit gözləyir.

"İrangeyt II" rejimin sonu ola bilər!

Beynəlxalq əlaqələr mütəxəssisi Fikrət Ertan qlobal sanksiyaların İranın belini bükdüyü, sanksiyalar səbəbindən neft sata bilməyən rejimin Qərb ilə masaya oturmaq məcburiyyətindən qaldığını vurğulayır: "İran iqtisadiyyatı ciddi çətinliklər içindədir. Yalnız embarqolardan söhbət getmir. İqtisadiyyat onsuz da pis idarə olunur. Xüsusilə Əhmedinejad dövründə böyük iqtisadi səhvlərə yol verildi. Əhəmiyyətli sosioloji trendler var. Böyük təzyiqlər tətbiq olunduğu üçün bu hələlik küçələrə əks olunmur. Ancaq qarşıdakı dövrdə mövcud vəziyyətin davam edəcəyi halda müxalifətin də səsini yenidən yüksəltməsi mümkündür. Bəlkə o zaman İranda da "Ərəb Baharı"na bənzər bir "Bahar" yaşana bilər".

F.Ertan hesab edir ki, adı sui-istifadədə hallanan iş adamı Babək Zəncani barəsində istintaqın başladılması Ruhaninin etibarını qorumaq üçün etdiyi hücum ola bilər. O, istintaqın heç bir əksik olmadan aparılacağı halda Tehran rəhbərliyinin ikinci bir "İrangeyt" skandalı ilə qarşı-qarşıya qala biləcəyini ifadə edir:

"Çünki, bu iş İran rejiminin üst qatlarına çata bilər. İran xalqına aid neft gəlirlərinin bir qisminin mənimsənildiyi görünür. Embarqoları pozan bu ticarətin İnqilab Keşikçilər Korpusunun istəyi ilə edildiyi ifadə edilir. Bu baxımdan da rejimin ən mötəbər gücünün zərər görməməsi üçün mühakimə prosesi müəyyən bir nöqtədə tıxana bilər. Mühakimə prosesi tıxanmayıb davam etsə, ABŞ və İran arasında silah satışına görə yaşanan sui-istifadənin deşifrə olması kimi rejimə böyük zərər verə bilər".

Arif Keskin rejimin etnik və məzhəb problemlərini 1979-cu ildən bu yana kobud şəkildə görməzdən gəldiyini bildirir: "Təbrizdə 2006-cı ildəki etirazlar, 2009-cu ildə Tehrandakı "Yaşıl Hərəkat" kimi yeni bir üsyan dalğasının zəmini meydana gəlir. Rejim bu üsyandan qorxur. Çünki, rejimin özü də möhkəm və etibarlı bir yolla irəliləmədiyinin fərqindədir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm