Tvitter xəstəliyi, “sındırılan” prezident və xalq düşmənləri - Trampın YÜZ GÜNÜ
Bizi izləyin

Dünya

Tvitter xəstəliyi, “sındırılan” prezident və xalq düşmənləri - Trampın YÜZ GÜNÜ

Tramp hakimiyyətə gəlişindən 5 gün sonra prezident seçkilərində güman edilən saxtakarlığı araşdıracağına söz verdi.

Bu həftə - aprelin 29-da Donald Trampın ABŞ prezidenti olmasının 100 günü tamam olur. Trampın ən tipik tərəflərindən biri hakimiyyətə gəlişindən əvvəl olduğu kimi Tvitter sosial şəbəkəsinə aludəçiliyidir. Siyasətçi burada öz baxışlarını bildirir, rəqibləri ilə mübahisə edir və oxuculara birbaşa müraciət edir. Öz auditoriyası ilə yanaşı, milyonlarla abunəçisi prezidentə de-fakto kömək edir.

Tramp Tvitter ilə müraciətində qədim bacarıqlarını nümayiş etdirir: o, hələ də KİV-də və sosial şəbəkələrdə gündəmi müəyyən etmək üçün qarşıdurma və mübahisəli bəyanatlardan çəkinmir.

Dinləmə ilə bağlı ittihamlar

Tramp onun telefon danışıqlarının dinlənilməsində keçmiş prezident Barak Obamanı ittiham etdi. Respublikaçı dövlət başçısı bunu ABŞ-ın keçmiş prezidenti Riçard Niksonla bağlı olan “Uotergeyt qalmaqalı”nın analoqu adlandırdı. Siyasi opponentlərin dinlənilməsi ilə başlayan “Uotergeyt qalmaqalı” Niksonun karyerasına son qoymuş, impiçment təhdidi altında istefaya getməyə məcbur olmuşdu.

FTB-nin direktoru Ceyms Komi Trampın ittihamlarını təsdiq etmədi. Nümayəndələr Palatasının kəşfiyyatı üzrə komitə sədri Devis Nunes isə etiraf etdi ki, Trampın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən dinlənilməsi baş verirdi, amma bu, qanuni idi. Nunes dəqiqləşdirdi ki, dinləmə seçkilərlə bağlı deyildi.

Koreya Xalq Demokratik Respublikası

Nüvə və ballistik raket sınaqları həyata keçirən Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın ünvanına təhlükəli bəyanatlar səsləndirirdi. Tramp vəziyyəti tamam dəyişdi: indi Vaşinqton Pxenyanı hədələyir. “Şimali Koreya problemlər axtarır”, - Tramp Tvitterdə yazıb.

Başqa statuslarında Şimali Koreyanın özünü çox pis apardığını, ABŞ-la illərlə oynadığını yazdı.

Tramp həmçinin Koreya yarımadasında vəziyyətə görə Çini tənqid edirdi: “Əgər Çin kömək etməyə qərar verərsə, bu yaxşı olacaq. Əks halda, problemi onlarsız həll edəcəyik!”.

Nəticədə, Şimali Koreya nüvə və ballistik raketlərin sınaqlarından çəkindi. Amerika hərbçilərinin məlumatına görə, sınaqların həyata keçirilməsi üçün artıq hər şey hazır idi.

Çin

Tramp seçkiqabağı kampaniyası zamanı Çini tənqid edirdi. O, yuanın məzənnəsinin qəsdən ucuzlaşdırıldığını iddia edərək Pekini “valyuta manipulyatoru” adlandıracağını elan etdi. Tramp həmçinin Pekini “Tək Çin” siyasətindən imtina etməklə hədələyirdi.

2016-cı ilin dekabrında Trampın Tayvan lideri Tsai İnq-venlə telefon söhbəti təxminən 40 illik bir dövrə son qoydu. Pekin Tayvanı özünə bağlı bir əyalət olaraq görür və onun müstəqil bir dövlət olaraq tanınmasına qəti qarşıdır.

Tramp Tayvan lideri ilə söhbətində ABŞ-ın "Tək Çin" siyasətinə sadiq olmaq məcburiyyətində olmadığını bildirib.

Lakin Çin Xalq Respublikasının sədri Si Szinpinin Vaşinqtona səfəri münasibətlərin normallaşmasına kömək etdi. Tramp Çin lideri ilə söhbətində bildirdi ki, KXDR üzrə danışıqlarda valyuta və ticarət haqqında məsələləri əsas təzyiq alətləri hesab edir.

“Onlar bizimlə Şimali Koreya problemi üzrə işləyirlərsə, Çini valyuta manipulyatoru adlandırmaq nəyə lazımdır? Baxaq görək, nə olacaq!” – Tramp Tvitterdə fikrini bildirib.

“Mən Çin Xalq Respublikasının sədrinə izah etdim ki, əgər onlar Şimali Koreya problemini həll edəcəklərsə, ABŞ-la ticarət razılaşması onlar üçün əhəmiyyətli dərəcədə yaxşı olacaq”, - ABŞ prezidenti başqa bir statusunda yazmışdı.

Seçkilərdə saxtakarlıq

Tramp hakimiyyətə gəlişindən 5 gün sonra prezident seçkilərində güman edilən saxtakarlığı araşdıracağına söz verdi. Vitse-prezident Mayk Pens də bildirdi ki, mümkün saxtakarlıqla bağlı araşdırma keçiriləcək. Amma Trampın prezidentliyinin 100 günlük müddətinin sonuna kimi araşdırma haqqında heç bir xəbər çıxmadı.

KİV-lə müharibə

Trampın KİV-lə əsl müharibəsi davam etdi. Seçkilərdə KİV-in böyük əksəriyyəti onun opponenti Hillari Klintonu dəstəkləyirdilər.

Tramp dəfələrlə “New York Times” nəşri və CNN telekanalını tənqid etdi. ABŞ prezidenti bir qədər sonra daha uzaqa gedərək bəzi KİV-ləri “xalqın düşmənləri” adlandırdı.

Əksinə, o, böyük kanallardan yalnız “Fox News”dan məmnunluğunu dilə gətirirdi.

Məhkəmələrlə müharibə

Tramp məhkəmələri dəfələrlə tənqid etdi. Məhkəmə onun miqrantların ABŞ-a səfərləri ilə bağlı qadağasını iki dəfə ləğv etdi. Tramp məhkəmələrin qərarlarını dəfələrlə “gülünc” və “hiddətləndirici” adlıandırdı.

“Sadəcə inana bilmirəm ki, hakimlər ölkəni belə riskə məruz qoyacaq”, - Tramp fevralda bildirdi.

Prezident sonradan məhkəmələrlə bağlı bəyanatlarını azaltdı və hakimlərə “Ali Məhkəmədə görüşməyə” söz verdi.

Borclu Almaniya

Almaniya kansleri Angela Merkelin Vaşinqtona səfərində Tramp bildirdi ki, Almaniyanın NATO-ya böyük miqdarda borcu var.

“Almaniya NATO və Birləşmiş Ştatlara böyük pul məbləğləri verməyə borcludur. Güclü və çox bahalı müdafiəyə görə daha çox ödəmək lazımdır”, - Tramp Tvitterdə yazıb.

Adı açıqlanmayan alman naziri isə Britaniyanın “The Sunday Times” qəzetinə bildirib ki, Tramp Merkellə Ağ Evdə görüşü zamanı kanslerə 375 milyard dollar məbləğində hesab təqdim edib.

Əvvəlcədən isə məlum oldu ki, ABŞ və Almaniya liderlərinin görüşü soyuq keçib. Almaniyalı nazirin bəyanatından isə aydın oldu ki, görüşün ağır keçməsinin səbəbi Almaniyanın NATO-ya 375 milyard dollar borcu barədə hesabın təqdim edilməsidir: Yəni, Amerika hakimiyyətinin hesablamalarına görə, Berlin təhlükəsizliyin təmin olunması üçün ittifaqa bu qədər ödəməyə məcburdur.

"Bu cür tələblərin niyyəti başqa ölkəni qorxutmaqdır, lakin kansler bunu sakit qarşılayıb və təxribatlara cavab verməyə hazırlaşmır”, - alman naziri qeyd edib.

Almaniyanın müdafiə naziri Ursula von der Leyen ABŞ və Almaniya liderlərinin görüşündən dərhal sonra bildirdi ki, Berlinin NATO-ya heç bir borcu yoxdur.

Rusiya ilə əlaqələr və Moskvanın prezident seçkilərinə müdaxiləsi

Rusiya ilə əlaqələr və Moskvanın prezident seçkilərinə müdaxiləsi 100 günlük prezidentliyi dövründə Trampın başını ağrıdan əsas məsələlərdən oldu.

Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Tədqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin birgə məruzəsində bildirilirdi ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat Partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb. Yəni, bununla da Trampın qələbəsinə yardım edib. Trampın özü də Rusiya tərəfindən seçki prosesinə müdaxilə üçün haker hücumlarının həyata keçirildiyini etiraf etdi, amma bildirdi ki, bu hücumlar onun qələbəsinə kölgə sala bilməz.

Sosial şəbəkədə artan reytinq

2016-cı ilin payızından Trampın Tvitterdəki izləyicilərinin sayı praktik olaraq iki dəfə artıb və indi 30 milyona yaxınlaşır. Düzdür, “Twitter Counter” saytının hesablamalarına görə, Tramp Tvitterin ən məşhur istifadəçiləri arasında hələ ki yalnız 42-ci yerdədir. Müqayisə üçün deyək ki, Trampın sələfi Obamada bu göstərici 87 milyondur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm